29 Aprel 2026 08:15
200
CƏMİYYƏT
A- A+
Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi


ETN İnformasiya Texnologiyaları İnstitutu ilə "Azərbaycan" qəzetinin birgə konfransı


Bəzən insan bir məkana addımını atarkən aldığı ilk təəssürat sonrakı düşüncələrinin istiqamətini müəyyənləşdirir. İlk baxışda gördüyü səliqə-sahman, hiss etdiyi atmosfer, düşdüyü peşəkarlıq mühiti həmin ocağın mahiyyəti haqqında onda ciddi fikir formalaşdırır. "Azərbaycan" qəzetinin kollektivi ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən konfrans zamanı bizdə də məhz belə bir qənaət yarandı. 

İnstituta daxil olan andan aydın hiss edilirdi ki, burada təkcə araşdırmalar aparılmır, eyni zamanda gələcəyin üfüqləri sezilir. O üzdən bu görüş sadəcə tanışlıq və fikir mübadiləsi deyildi, həm də elmin nəbzinin, dövlətçilik düşüncəsinin və milli inkişaf strategiyasının canlı ritmini yaşamaq idi.

İnformasiya Texnologiyaları İnstitutu uzun illərdir ölkəmizdə elmi-texnoloji yeniliklərin əsas ünvanlarından biri kimi tanınır. Obrazlı desək, bu elm məbədi Azərbaycanın rəqəmsal gələcəyinə yol göstərən mayak, İKT sahəsi üçün isə etibarlı kadr bankıdır. Burada işləyib yetişən mütəxəssislər dövlət idarəçiliyindən tutmuş müdafiə sənayesinə, ali təhsil müəssisələrinə və biznes qurumlarına qədər bir çox mühüm sahələrdə uğurla fəaliyyət göstərirlər.

Qlobal kibertəhdidlərlə mübarizədə isə institutun fəaliyyətinin və intellektual dəstəyinin xüsusi rolu var. Müasir dövrdə sərhədlərin yalnız coğrafi məkanda deyil, rəqəmsal məkanda da qorunması olduqca aktualdır. Bu baxımdan, institutun elmi potensialı və yetişdirdiyi peşəkar kadrlar ölkənin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Müdafiə qurumları ilə əməkdaşlıq, qabaqcıl informasiya texnologiyalarının hərbi sənayeyə tətbiqi, mühüm əhəmiyyətli rəqəmsal sistemlərin hazırlanması bu elm ocağının strateji missiyasının istiqamətlərinin az bir hissəsidir.

İnstitut ölkəmizdə bir sıra ilklərin ünvanıdır. Azərbaycanda rəqəmsal dövlət, elektron elm mühitinin formalaşdırılması, elm və ali təhsil müəssisələrinin vahid şəbəkə platforması üzərindən inteqrasiyası, informasiya təhlükəsizliyi üzrə fundamental tədqiqatların genişləndirilməsi, süni intellekt həlləri, bulud texnologiyalarının araşdırılması istiqamətində ilk sistemli təşəbbüslər məhz burada həyata keçirilib. AzScienceNet elm-kompüter şəbəkəsinin yaradılması və idarə olunması da institutun mühüm uğurlarındandır. Bu şəbəkə Azərbaycan elmini Avropa elm və təhsil məkanına bağlayan virtual körpüdür.

İnstitutun həyətinə daxil olanda diqqəti ilk cəlb edən səliqə-sahman, nizam-intizam və işgüzar mühit olur. Burada alman intizamı, yapon dəqiqliyi və Çin çalışqanlığı bir araya gələrək vahid harmoniya yaradır. Ən adi detalda əməklə insan zəkasının vəhdəti hiss olunur. Təmizlik, səliqə və estetik görünüş baxımından institut bir çox nümunəvi tibb müəssisələri ilə belə rəqabət aparacaq səviyyədədir. Bu isə təsadüfi deyil - institutda elmə münasibət həm də mühitə münasibətdə özünü göstərir.

Qəzetimizin kollektivini institutun həyətində qarşılayan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev səmimi söhbət zamanı rəhbərlik etdiyi elm ocağı ilə həyat yolunun 1979-cu ildən bağlı olduğunu bildirdi. Qeyd etdi ki, bu gün göz önündə olan müasir şəraitin yaradılmasında bir mühəndis, arxitektor kimi şəxsən iştirak edib. 

Akademik Rasim Əliquliyevin təqdimatında institutun tarixi inkişaf yolu da bir salnamə kimi canlandı. Öyrəndik ki, bu unikal elm ocağının təməli 1971-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi ilə qoyulub. Sonralar bu şöbə müstəqil qurum kimi fəaliyyətini genişləndirib, daha sonra İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə çevrilib və nəhayət, 2002-ci ildə ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan İnformasiya Texnologiyaları İnstitutu kimi yeni mərhələyə qədəm qoyub. 2022-ci ildən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətini davam etdirir. 

Bu gün institut yalnız tədqiqat aparan müəssisə deyil, həm də gələcəyin texnoloji inkişafına töhfə verən bir strateji araşdırma mərkəzidir. Burada süni intellekt, big data analitikası, data mining, rəqəmsal dövlət və kibertəhlükəsizlik, Industry 4.0 platformasında mürəkkəb kiberfiziki və bulud sistemləri, rəqəmsal səhiyyə və intellektual tibb sistemləri, proqram mühəndisliyi kimi istiqamətlərdə əhəmiyyətli elmi araşdırmalar aparılır.

İnstitutda eyni zamanda virtual platformada Azərbaycan dili eksosisteminin formalaşdırılması, kiberdayanıqlıq, rəqəmsal kriminalistika, elmmetriya kimi milli əhəmiyyətli sahələr üzrə də mühüm innovativ tədqiqatlar həyata keçirilir. Bu yanaşma göstərir ki, institut yalnız qabaqcıl texnologiyalar yaratmır, həm də onları cəmiyyətin xidmətinə verir.

Son illər əldə edilən elmi nailiyyətlər də diqqətəlayiqdir. Böyük həcmli məlumatların intellektual analizi üçün metodların, kritik infrastrukturların kibermüdafiəsi üçün yeni həllərin işlənməsi, bulud resurslarının optimal idarə olunması modellərinin qurulması, rəqəmsal demoqrafiya sistemləri üçün süni intellekt metod və alqoritmlərinin yaradılması, kiberhücumların aşkarlanması məqsədilə dərin neyron şəbəkələrinin tətbiqi bu uğurların yalnız bir hissəsidir.

İnstitutun mühüm missiyalarından biri də elmi kadr hazırlığıdır. Burada kompüter elmləri, sistemli analiz, informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı mütəxəssislər, fəlsəfə doktorları və elmlər doktorları hazırlanır. Başqa sözlə, bu mərkəz təkcə bu günün deyil, sabahın da alimlərini yetişdirir.

Konfrans akademik Rasim Əliquliyevin iştirakı ilə institutun kiçik akt zalında davam etdi. Akademik sözü "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova verməzdən əvvəl qəzetin dövlətin informasiya siyasətinin həyata keçirilməsində müstəsna rolundan xüsusi ehtiramla danışdı. Vurğuladı ki, "Azərbaycan" qəzeti dövlətçilik düşüncəsinin etibarlı tribunasına çevrilmiş nüfuzlu mətbuat orqanıdır: "Bu qəzet zamanın sınağından çıxaraq bu gün həqiqətin, obyektivliyin və milli maraqların keşiyində dayanır. Qəzetin səhifələrində yayımlanan hər yazıda siyasi mədəniyyət, məsuliyyət hissi, dövlətə sədaqət və peşəkar jurnalistikanın aydın xətti görünür. "Azərbaycan" qəzeti gündəlik informasiyanı yayan vasitə olmaqla yanaşı, cəmiyyətin düşüncə istiqamətini müəyyənləşdirən intellektual təbliğat platformasıdır".

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışına tədbirin təşəbbüskarı akademik Rasim Əliquliyevə, konfransın təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirməklə başladı. Qeyd etdi ki, belə dialoq və intellektual müzakirə platformalarının təşkili bu gün xüsusilə vacibdir, çünki dünya mürəkkəb və gərgin bir mərhələ yaşayır: "Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr gedir, şəhərlər dağılır, minlərlə insan həlak olur, cəmiyyət təhlükə və qeyri-müəyyənlik içində yaşayır. Ümumi mənzərəyə nəzər saldıqda, sanki planetimiz böyük bir qarşıdurma meydanını xatırladır. Bu qlobal gərginliyin nə zaman sona çatacağı isə bəlli deyil. Təbii ki, belə proseslər dünya iqtisadi sisteminə də ciddi təsir göstərir. Enerji daşıyıcılarının qiymətləri artır, hava məkanları bağlanır, dəniz yollarında maneələr yaranır, beynəlxalq ticarət zəncirləri qırılır. Dünyaya baxanda nikbinlik doğuran hər hansı bir mənzərəni görmək getdikcə mümkünsüz olur.

Belə bir mürəkkəb dövrdə Azərbaycan sabitlik, inkişaf və əmin-amanlıq adasını xatırladır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ildə xalqımızın 30 il həsrətlə gözlədiyi əmri verdi, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bu, yalnız hərbi zəfər deyildi, uzun illər regionu təhdid edən münaqişə ocağının birdəfəlik söndürülməsi, beynəlxalq hüququn bərpası və tarixi ədalətin təntənəsi idi.

Zaman artıq sübut edib: Prezident İlham Əliyev nəyi nə zaman və necə etmək lazım olduğunu bilən nadir dövlət xadimlərindəndir. Son onilliklər dünyada bir çox münaqişələr həll olunmamış qaldığı halda, Azərbaycan lideri separatizmi aradan qaldırmağa, işğala son qoymağa və ölkənin suverenliyini tam təmin etməyə nail oldu. Bu uğurun əsasında sözsüz ki, hər bir addımı ölçülüb-biçilmiş, uzaqgörən və milli maraqlara söykənən siyasət dayanır.

44 günlük Vətən müharibəsi həm də onu təsdiq etdi ki, müasir dövrdə müharibələr artıq ənənəvi üsullarla aparılmır. Bu gün döyüş meydanında qabaqcıl texnologiyalar, süni intellekt, rəqəmsal idarəetmə, yüksək dəqiqliyə malik sistemlər və innovativ həllər əsas rol oynayır. Azərbaycan bu sahədə də ilklərə imza atan dövlət olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı bu gün Azərbaycanın yeni rəqəmsal gələcəyinin memarı kimi ardıcıl addımlar atır. Cari ilin fevral ayında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqlənməsi bu istiqamətdə strateji yol xəritəsidir. Ardınca mart ayında ölkənin rəqəmsal arxitekturasının yaradılmasına həsr olunmuş müşavirənin keçirilməsi göstərdi ki, bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezidentin "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı da xüsusi əhəmiyyət daşıyır. Həmin fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şuranın sədri təyin olunması bu sahəyə verilən yüksək diqqətin təsdiqidir.

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı müşavirədə dövlət başçısı çox mühüm strateji baxış ortaya qoyub. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf istiqamətlərini aydın müəyyənləşdirir: "Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var".

Bu proqramlarda hər detal ölçülüb-biçilib, bütün çağırışlar dəqiqliklə nəzərə alınıb. Burada söhbət yalnız texnologiyadan getmir, həm də xalqımızın gələcəyindən, Azərbaycanın dünyadakı yerindən, nüfuzundan və rəqabət qabiliyyətindən gedir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu böyük hədəflər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə rəhbərliyi və dövlətin siyasi iradəsi Azərbaycanın rəqəmsal inkişaf sahəsində də qısa müddətdə nümunəvi ölkələrdən birinə çevriləcəyinə möhkəm təminat verir. Əminik ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə uğur modeli yaratdığı kimi, rəqəmsallaşma və innovasiya istiqamətində də yeni bir inkişaf nümunəsi ortaya qoyacaq.

Belə bir mərhələdə elmi düşüncənin imkanları ilə peşəkar media tribunasının bir araya gəlməsi Prezident İlham Əliyevin təşəbbüslərinin həyata keçirilməsinə mühüm dəstəkdir. Çünki böyük proqramların uğuru həmçinin onların mahiyyətinin cəmiyyət tərəfindən anlaşılması, qəbul edilməsi və dəstəklənməsi ilə ölçülür.

Bu görüş elmlə medianın səmərəli əməkdaşlığının yeni mərhələsinin başlanğıcıdır. Şübhə etmirik ki, ETN İnformasiya Texnologiyaları İnstitutunun intellektual potensialı və "Azərbaycan" qəzetinin güclü informasiya platforması birləşərək dövlətimizin yeni rəqəmsal arxitekturasının qurulmasına sanballı töhfələr verəcək, cəmiyyətin bu sahədə maariflənməsində mühüm rol oynayacaq".

Sonra çıxışlar oldu. 

İnstitutun icraçı direktoru, Əməkdar mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov:

- Müasir dövrdə şəbəkə-kommunikasiya suverenliyi və kibersuverenlik milli təhlükəsizliyin təmin olunmasının əsas hədəflərindən birinə çevrilib. Bu suverenliyin əsasında dayanıqlı, çoxşaxəli və ölkənin nəzarətində olan telekommunikasiya infrastrukturu dayanır. Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək rəqəmsal tranzit imkanlarını genişləndirir və regional rəqəmsal ekosistemdə strateji rolunu möhkəmləndirir. Ölkənin İnternet və kommunikasiya infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə beynəlxalq bağlantılar alternativ marşrutlar üzrə qurulmuşdur. Bu yanaşma şəbəkənin davamlılığını artırır və xarici təsirlərə qarşı dayanıqlığı gücləndirir.

Trans-Xəzər Rəqəmsal Magistral layihəsi Azərbaycanın Şərq-Qərb rəqəmsal dəhlizində rolunu daha da gücləndirir. Enerji və nəqliyyat dəhlizləri ilə paralel inkişaf edən fiber-optik infrastruktur ölkəni regional data tranzit mərkəzinə çevirir. Bununla yanaşı, peyk rabitə sistemləri yerüstü şəbəkələrə alternativ və fövqəladə hallarda dayanıqlı kommunikasiya imkanları yaradır.

Şəbəkə-kommunikasiya suverenliyinin mühüm istiqamətlərindən biri də məlumatların milli səviyyədə idarə olunmasıdır. Milli Bulud (Government Cloud) infrastrukturu çərçivəsində dövlət və kritik informasiya resurslarının ölkə daxilində saxlanılması təmin edilir. Bu yanaşma həm informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmasına imkan yaradır, həm də hüquqi və texnoloji nəzarəti gücləndirir. "mygov" platforması vasitəsilə dövlət xidmətlərinin mərkəzləşdirilməsi isə vahid rəqəmsal ekosistemin formalaşmasına və çoxməqsədli intellektual təhlillərin aparılmasına xidmət edir.

2026-cı il fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ölkənin enerji potensialının rəqəmsal transformasiya üçün əsas baza olduğunu qeyd etmişdir. Son illərdə elektrik generasiya gücünün təxminən iki dəfə artaraq 10 min meqavata çatması süni intellekt, data mərkəzləri və yüksək sürətə malik hesablama sistemlərinin inkişafı üçün geniş imkanlar yaradır.

Bu strategiyanın tələblərinə əsasən, 2026-cı ildə Milli Superkompüter Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz böyük verilənlərin ölkə daxilində emalına, süni intellekt həllərinin inkişafına və xarici hesablama sistemlərindən asılılığın azaldılmasına xidmət edəcək. Sistem həmçinin dövlət, elm və özəl sektor üçün açıq platforma kimi də fəaliyyət göstərəcəkdir.

Bu məsələlərin aktuallığını nəzərə alaraq, institutda şəbəkə-kommunikasiya suverenliyi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində elmi tədqiqatlar aparılır və yüksəkixtisaslı kadrlar hazırlanır. 

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova:

- Əhalinin sağlamlığının qorunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi milli təhlükəsizliyin əsas hədəflərindən biridir. Bu baxımdan, səhiyyə sisteminin rəqəmsallaşdırılması hər zaman dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alıb. Son illərdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" çərçivəsində müxtəlif dövlət qurumlarında, o cümlədən ölkənin səhiyyə sistemində, özəl tibb sektorlarında rəqəmsallaşma prosesləri daha da sürətlənib.

Səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm təşəbbüslər və layihələr həyata keçirilsə də, xəstəliklərin diaqnostikası, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və vətəndaşların tibbi məlumatlara və biliklərə çıxışının təmin olunması rəqəmsal, xüsusən də süni intellekt texnologiyalarının daha geniş tətbiqini zəruri edir. 

Bu səbəbdən 2014-cü ildən etibarən institutda elektron tibbin formalaşmasının elmi-nəzəri və tətbiqi problemlərinin tədqiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilərək sistemli araşdırmalara başlanılıb. Bu problemlərin cəmiyyət və ölkənin tibbi ictimaiyyəti üçün əhəmiyyətini nəzərə alaraq, 2016-cı ildə maraqlı qurumlarla birgə İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə "Elektron tibbin multidissiplinar problemləri" I respublika elmi-praktiki konfransı keçirilib.

Son illərdə qabaqcıl rəqəmsal texnologiyaların və Sənaye 4.0 həllərinin tibbə tətbiqi səhiyyənin inkişafı üçün yeni imkanlar açıb. Bu proses geniş spektrli elmi-nəzəri və tətbiqi tədqiqatların inkişafına təkan vermiş, yeni Səhiyyə 4.0 paradiqmasının formalaşmasına zəmin yaratmışdır.

Səhiyyə 4.0 konsepsiyasının əsasını süni intellekt, böyük verilənlər, rəqəmsal əkiz texnologiyaları, bulud xidmətləri və Əşyaların İnterneti texnologiyaları əsasında yaradılan kiberfiziki sistemlər təşkil edir. Bu texnologiyaların tibbə inteqrasiyası nəticəsində böyük həcmdə tibbi məlumatların fasiləsiz toplanması, səhiyyə data ekosisteminin qurulması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və daha dəqiq qərarların qəbuluna dəstək mümkün olur. Eyni zamanda bu rəqəmsal innovasiyalar vətəndaşların zaman və məkandan asılı olmayaraq, tibbi xidmətlərə çıxışını asanlaşdırır, fərdiləşdirilmiş tibbin inkişafına təkan verir və səhiyyə xərclərinin azalmasına şərait yaradır.

Müasir tibbi praktikada həkimin əsas vəzifələrindən biri dəqiq diaqnozun qoyulması, xəstəliyin müalicəsi prosesinin onlayn monitorinqi, nəticələrinin proqnozlaşdırılması və düzgün müalicə taktikasının seçilməsidir. Bu baxımdan, süni intellekt texnologiyaları həkimlərə xəstəliklərin erkən aşkarlanması, əsaslandırılmış qərarların qəbulu, səhvlərin minimuma endirilməsi və pasiyentin sağlamlıq vəziyyətinin real vaxt rejimində monitorinqi üçün geniş imkanlar yaradır. Eyni zamanda süni intellekt böyük həcmli məlumatları analiz edərək pasiyentin səhhəti ilə bağlı gözlə görünməyən, hiss edilməyən gizli qanunauyğunluqları aşkarlayır.

Azərbaycanda rəqəmsal səhiyyə məlumatlarının toplanması, emalı və mübadiləsi, müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması, tibbi məlumatlara əlçatanlığın artırılması, pasiyent məmnunluğunun təmin olunması və həkim qərarlarının intellektual dəstəklənməsi kimi məsələlərin müzakirəsi məqsədilə 2025-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda aidiyyəti qurumların dəstəyi ilə "Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər" II respublika elmi-praktiki konfransı keçirilib. 

Hazırda rəqəmsal tibbin formalaşması istiqamətində institutda bir sıra mühüm elmi-praktiki tədqiqatlar davam etdirilir. Bunlara əhalinin sağlamlığı və tibbi-demoqrafik təhlükəsizliyin idarə olunması üçün modellərin hazırlanması, vahid milli tibbi informasiya fəzasının formalaşdırılması, konseptual və arxitektur-texnoloji əsaslarının işlənməsi, bəzi xəstəliklər üzrə müalicə-diaqnostik qərarları dəstəkləyən intellektual sistemlərin hazırlanması, sosial media mühitində ictimai tibbi rəylərin təhlili və tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdırılması üçün süni intellekt metodlarının işlənməsi daxildir.

Bütün bunlar göstərir ki, rəqəmsal səhiyyə artıq gələcəyin deyil, bu günün reallığıdır. Azərbaycanda bu sahədə atılan addımlar müasir səhiyyə modelinin qurulması, insan sağlamlığının daha etibarlı qorunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm uğurlar əldə etməkdədir.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev: 

- Müasir dövrdə dünyanın ən dəyərli aktivi artıq neft deyil, datadır. XX əsrdə sənaye neft üzərində qurulduğu kimi, XXI əsrdə rəqəmsal iqtisadiyyat, süni intellekt, avtomatlaşdırma və idarəetmə data üzərində qurulur. Beləliklə, datanın "yeni neft" hesab edildiyi dövrdə, dövlətin öz rəqəmsal aktivləri üzərində mülkiyyət hüququnu qoruması suverenlik məsələdir. Real məkanda dövlətin suverenliyinin təmini ən ali məqsəd olduğu kimi, virtual məkanda da rəqəmsal dövlətin kibersuverenliyinin təmin olunması heç də asan məsələ deyil. Rəqəmsal dövlətin kibersuverenliyi dedikdə, bir ölkənin virtual mühitdə müstəqil qərarlarını vermə, öz infrastrukturunu qoruma və daxili rəqəmsal proseslərə nəzarət etmə qabiliyyəti və immunitetidir.

Rəqəmsal dövlətin kibersuverenliyinin əsas komponentlərindən biri də data suverenlikdir. Data suverenliyi dayanıqlı və təhlükəsiz rəqəmsal dövlətin müstəqilliyinin təməl daşıdır. Data suverenliyi olmadan rəqəmsal dövlətin kibersuverenliyi haqqında danışmaq əsaslandırılmamış bir iddiadır, reallıq deyil. Data suverenliyi - dövlət və vətəndaşlara aid datanın toplandığı məkandan asılı olmayaraq, həmin resursların mənsub olduğu ölkənin qanunvericiliyinə tabe olması prinsipidir.

Data suverenliyinin təmini bir neçə istiqamətdə xüsusilə önəmlidir və həm də kritikdir. Əvvəla, bu milli təhlükəsizlik nöqteyi-nəzərindən önəmlidir. Belə ki, dövlət sirri, vətəndaşların fərdi məlumatları və ya kritik infrastrukturların (enerji, su, nəqliyyat, elm, təhsil, bank, maliyyə, tibb və s.) datası xarici bulud servislərində saxlanılarsa, həmin data xarici dövlətlərin hüquqi yurisdiksiyasına düşə bilər.

Bu mənada data suverenliyi belə risklərin qarşısını alır. İkincisi, data suverenliyi rəqəmsal asılılığı azaldır. Əgər bir dövlətin bütün datası xarici texnoloji nəhənglərin (məsələn, Amazon, Google, Azure və s.) infrastrukturunda saxlanılırsa, həmin şirkətlər və ya onların aid olduğu ölkələr istədikləri vaxt embarqo tətbiq edə bilər. Data suverenliyi isə yerli bulud texnologiyalarının və data mərkəzlərinin inkişafını tələb edərək bu asılılığı minimuma endirir. Nəhayət, data suverenliyi hüquqi, müdafiə baxımından da önəmlidir. Belə ki, kibersuverenliyin təmin olunması üçün datanın fiziki olaraq ölkə hüdudlarında saxlanılması vacibdir. Bu, hər hansı bir kiberinsident zamanı yerli qanunvericiliyin tətbiqinə və operativ müdaxiləyə imkan verir.

Yuxarıda deyilənləri nəzərə alaraq, belə qənaətə gəlinir ki, data suverenliyinin üç əsas komponenti var: 1) data rezidentliyi (datanın hansı coğrafi məkanda saxlanılması); 2) data təhlükəsizliyi (dataya kimlərin giriş icazəsinin olması və vətəndaşların hüquqlarının qorunması); 3) data idarəçiliyi (datanın idarə edilməsi və ona nəzarət edən tərəfin müəyyən edilməsi).

Beləliklə, kibersuverenlik kontekstində data sadəcə informasiya deyil, həm də strateji resursdur. Süni intellekt sistemlərinin milli maraqlara uyğun öyrədilməsi üçün "təmiz" və suveren data bazasına ehtiyac var. Əgər bir ölkə öz datasına sahib deyilsə, gələcəkdə öz milli süni intellekt modellərini qura bilməyəcək və xarici texnologiyalardan asılı olacaqdır.

Nəticə olaraq, data suverenliyi rəqəmsal dövlətin "sərhəd"lərini müəyyən edir. "Sərhəd"ləri - data resursları qorunmayan dövlətin kiberməkanda suverenliyindən danışmaq qeyri-mümkündür.

İnstitutun şöbə müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov:

- Ötən əsrin 80-ci illərindən bu günə qədər proqram mühəndisliyi mühüm inkişaf yolu keçmişdir. 90-cı illərin əvvəllərində dünyada bu sahə sürətlə inkişaf etsə də, Azərbaycanda vəziyyət o qədər də qənaətbəxş deyildi. O zaman baş verən Qarabağ müharibəsi, iqtisadi çətinliklər və kadr axını proqram mühəndisliyinin inkişafına da mənfi təsir göstərirdi. Müstəqillik bərpa edildikdən sonra vəziyyət dəyişdi. 

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "2023-2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası"nda proqram mühəndisliyi milli prioritet kimi müəyyən olundu. Burada əsas məqsəd ölkənin texnoloji asılılığını azaltmaq, milli proqram sənayesinin formalaşmasına və inkişafına elmi və innovativ dəstək verməkdir.

Proqram mühəndisliyi üzrə ilk elmi tədqiqatlara 2003-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda başlandı. Bunun nəticəsi olaraq 2017-ci ildə "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" adlı ilk respublika konfransı keçirildi, bu sahəyə dair kitablar, monoqrafiyalar nəşr olundu. Hazırda həmin tədris materiallarından universitetlərdə dərs vəsaiti kimi istifadə edilir. Bu istiqamətdə fəlsəfə doktorluğu proqramı üzrə elmi kadrlar hazırlanır. Ümumilikdə, proqram mühəndisliyi üzrə 200-ə yaxın elmi məqalə və tezis, o cümlədən yüksəkreytinqli xarici jurnallarda nəşrlər çap olunub. Sevindirici haldır ki, 2025-ci ildən etibarən ali təhsil müəssisələrində "proqram mühəndisliyi" ixtisası üzrə kadr hazırlığına başlanıb.

İqtisadi baxımdan əvvəllər neft və qaz əsas gəlir mənbəyi sayılırdısa, bu gün rəqəmsal texnologiyalar və proqram məhsulları sənayesi əsas yükü öz üzərinə götürüb. Təsadüfi deyil ki, bir çox analitiklər proqram mühəndisliyini "yeni neft" adlandırırlar.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev:

- Rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin və sosial-iqtisadi həyatın bütün sahələrinə nüfuz etdikcə, kibertəhlükələr daha mürəkkəb xarakter alır. Kibercinayətkarlıq, məlumatların oğurlanması, zərərli proqram təminatının yayılması və dövlət qurumlarına edilən kiberhücumlar bu təhdidlərin yalnız bir hissəsidir. Müasir kiberhücumlar iqtisadi sabitliyə zərbə vura, dövlət institutlarının fəaliyyətini poza və cəmiyyətin ümumi təhlükəsizlik mühitinə təsir göstərə bilər. Buna görə kibertəhlükəsizliyin təmin olunması yalnız texnoloji məsələ deyil, həm də milli təhlükəsizlik kontekstində strateji əhəmiyyət daşıyır.

Bu nöqteyi-nəzərdən Azərbaycanın yeni rəqəmsal arxitekturası ölkənin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, kibertəhlükəsizliyin milli prioritet kimi aktuallığını daha da artırmışdır. Bu strateji yanaşma çərçivəsində rəqəmsal infrastrukturun dayanıqlığı, informasiya resurslarının qorunması və kiberhücumlara qarşı effektiv müdafiə mexanizmlərinin yaradılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir.

Dövlət siyasəti səviyyəsində bu çağırışlara qarşı sistemli və kompleks yanaşma tətbiq edilir. İnformasiya təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi, milli strategiyaların qəbul edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Qəbul olunan dövlət proqramları kibertəhlükələrin qarşısının alınması, insidentlərin operativ aşkarlanması və cavab tədbirlərinin təkmilləşdirilməsi üçün konkret fəaliyyət planları təqdim edir. Eyni zamanda bu proqramlar insan kapitalının inkişafını, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsini və innovativ texnologiyaların tətbiqini prioritet kimi müəyyənləşdirir.

Bu siyasətin həyata keçirilməsində elmi-tədqiqat müəssisələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda kibertəhlükəsizlik sahəsində elmi tədqiqatların əsası hələ 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda qoyulmuş və sistemli şəkildə inkişaf etdirilmişdir. Uzun illər ərzində formalaşmış bu elmi məktəb ölkədə kibertəhlükəsizlik üzrə fundamental və tətbiqi tədqiqatların genişlənməsinə, eləcə də beynəlxalq səviyyəli elmi nəticələrin əldə olunmasına imkan yaratmışdır. 

Hazırda institutda aparılan tədqiqatlar bir neçə istiqaməti əhatə edir. Bunlara informasiya təhlükəsizliyi məsələləri, kibersuverenliyin elmi-nəzəri və praktiki aspektləri, eləcə də kiberdayanıqlılıq və rəqəmsal kriminalistika problemləri daxildir. Bu problemlərin həlli üçün süni intellekt və adaptiv sistemlərə əsaslanan müasir metodlar geniş şəkildə tətbiq olunur. Eyni zamanda son illərdə süni intellekt və süni immun sistemləri əsasında innovativ yanaşmaların inkişafı xüsusi aktuallıq kəsb edir. Bu yanaşmalar biologiyadan qaynaqlanan özünütənzimləyən və adaptiv müdafiə mexanizmləri vasitəsilə yeni nəsil kibertəhlükəsizlik arxitekturasının formalaşdırılmasına imkan verir. 

Kibertəhlükəsizlik sahəsində əldə olunan uğurların davamlı olması üçün yüksəkixtisaslı kadr hazırlığı xüsusi əhəmiyyət kəsb edir. İnstitutda bu istiqamətdə mühüm nəticələr əldə olunmuşdur: artıq 4 elmlər doktoru və 19 fəlsəfə doktoru hazırlanmış, hazırda isə 4 elmlər doktoru, 9 fəlsəfə doktoru proqramı üzrə tədqiqatlar davam etdirilir. Bundan əlavə, ali məktəblərdə kibertəhlükəsizlik ixtisası üzrə təhsil alan yüzlərlə magistrlara elmi rəhbərlik edilməsi ölkədə bu sahədə peşəkar insan resurslarının formalaşmasına mühüm töhfə verir. 

Elmi nəticələrin geniş elmi ictimaiyyətə çatdırılması və müzakirəsi də diqqət mərkəzində saxlanılır. Son illərdə institutda informasiya təhlükəsizliyi üzrə çoxsaylı elmi-praktiki konfranslar və seminarlar təşkil edilmiş, bu platformalar vasitəsilə aktual problemlər müzakirə olunmuş və yeni elmi yanaşmalar təqdim edilmişdir. Bu tədbirlər təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri bir araya gətirməklə, qlobal kibertəhlükəsizlik tendensiyalarının ölkəmizdə öyrənilməsinə və müvafiq qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır. Bu ənənənin davamı olaraq, 3 iyun 2026-cı il tarixində "Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" respublika elmi-praktiki konfransın keçirilməsi planlaşdırılır.

Bütün bunlar göstərir ki, Azərbaycanın yeni rəqəmsal inkişaf mərhələsində kibertəhlükəsizlik yalnız texnoloji zərurət deyil, həm də dövlətin müdafiəsi və təhlükəsizliyinin strateji prioritetidir. Elmi-tədqiqat institutlarının fəaliyyəti, dövlət proqramları və beynəlxalq əməkdaşlıq mexanizmləri birgə şəkildə ölkənin kibersuverenliyinin təmin edilməsinə xidmət edir.

Gələcəkdə bu sahədə qarşıda duran əsas vəzifələrə qabaqcıl kriptoqrafiya metodlarının tətbiqi, kvant kriptoqrafiyası sahəsində tədqiqatların dərinləşdirilməsi, süni intellektə əsaslanan proaktiv müdafiə sistemlərinin işlənilməsi və dövlət-özəl sektor əməkdaşlığının daha da genişləndirilməsi daxildir. Yalnız bu şəkildə Azərbaycan qlobal rəqəmsal məkanda öz kibersuverenliyini tam təmin edə, etibarlı və dayanıqlı rəqəmsal gələcək qura bilər.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov:

- Son illər həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində Azərbaycanda rəqəmsal transformasiya, rəqəmsal cəmiyyətə keçid və kibertəhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılıb, bir sıra dövlət proqramları və strategiyalar qəbul edilib. 

Bu sənədlərin əsas məqsədi dövlət xidmətlərinin modernləşdirilməsi, vətəndaş rifahının yüksəldilməsi və cəmiyyətin bütün sferalarında rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində dövlət idarəetməsinin rəqəmsallaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal dövlət arxitekturasının qurulması prioritet istiqamətlər kimi müəyyən edilib.

Rəqəmsal dövlət modeli təkcə idarəetmənin səmərəliliyini artırmaqla məhdudlaşmır, həm də vətəndaş yönümlü xidmətlərin genişləndirilməsinə və virtual proseslərdə elektron iştirakın gücləndirilməsinə imkan yaradır. Məsələn, pandemiya dövrü göstərdi ki, rəqəmsal həllər dövlətlərin çevikliyi və dayanıqlığı üçün mühüm rol oynayır. Bu da süni intellekt, bulud texnologiyaları, Əşyaların İnterneti və blokçeyn kimi texnologiyaların tətbiqini daha da aktuallaşdırdı. Beynəlxalq təcrübədə rəqəmsal dövlətin müxtəlif inkişaf modelləri formalaşmaqdadır. Onların sırasında "ağıllı" dövlət, konqnitiv, çevik və adaptiv rəqəmsal dövlət kimi arxitektur yanaşmalar xüsusi qeyd olunur. "Ağıllı" dövlət modeli IoT və süni intellekt əsasında idarəetmənin səmərəliliyini və şəffaflığı artırmağa yönəlib. Koqnitiv rəqəmsal dövlət keçmiş təcrübədə və real vaxtda toplanan məlumatlar əsasında daha dəqiq, səmərəli qərarvermə imkanları yaradır. Çevik və adaptiv rəqəmsal dövlət isə böhran vəziyyətlərində operativ qərarların qəbulunu və idarəetmənin çevikliyini təmin edir. 

Ümumilikdə, bu konseptual yanaşmalar və arxitektur həllər göstərir ki, müasir dövlət idarəçiliyi sürətlə rəqəmsallaşır və vətəndaşyönümlü xidmət modelinə keçid edir. Bununla yanaşı, inklüzivlik, bərabər çıxış imkanları və rəqəmsal fərqliliyin azaldılması kimi məsələlər də strateji əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın rəqəmsal transformasiya siyasəti həm dövlət idarəçiliyinin modernləşdirilməsinə, həm də dayanıqlı və inklüziv rəqəmsal cəmiyyətin formalaşmasına xidmət edir.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev: 

- İnformasiya Texnologiyaları İnstitutunun GEANT Assosiasiyası ilə əməkdaşlığı Azərbaycanın elmi-təhsil mühitinin Avropanın rəqəmsal akademik məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. 2010-cu ildən başlayan bu beynəlxalq əməkdaşlıq nəticəsində AzScienceNet vasitəsilə virtual platformada təmsil olunaraq, ölkənin elm və ali təhsil müəssisələri üçün dayanıqlı şəbəkə infrastrukturu formalaşdırılmışdır. Qeyd etməliyəm ki, əməkdaşlığımız xüsusi olaraq Şərq tərəfdaşlığı təşəbbüsünün bir istiqaməti kimi EaPConnect çərçivəsində daha da genişlənmiş, Avropa İttifaqının EU4Digital proqramı vasitəsilə yüksəksürətli internet, rəqəmsal xidmətlər və bilik mübadiləsi imkanları inkişaf etdirilmişdir.

Rəqəmsal xidmətlər sahəsində eduGain və eduRoam sistemlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda onlarla ali təhsil və elmi müəssisələr bu xidmətlərdən istifadə edirlər.

İnternet platformasında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan LoLa texnologiyasının tətbiqi də beynəlxalq əməkdaşlığın mühüm nəticələrindəndir. 2019-cu ildə Estoniya ilə ilk sınaqlar həyata keçirilmiş, ötən ildə isə Bakı Musiqi Akademiyası ilə Naxçıvan Dövlət Universiteti arasında virtual konsertlər təşkil olunmuşdur. Bu, virtual məkanda həm beynəlxalq, həm də ölkədaxili elmi-mədəni inteqrasiyanın yeni mərhələsi kimi qiymətləndirilir.

AzScienceNet həm də beynəlxalq tədbirlərdə fəal iştirak edir. 2022-ci ildə Bakıda keçirilmiş EaPEC 2022 beynəlxalq konfransı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Konfrans çərçivəsində açıq elm, kibertəhlükəsizlik və rəqəmsal innovasiyalar sahəsində çox əhəmiyyətli müzakirələr keçirilib və təcrübə mübadiləsi aparılıb. 

Ümumilikdə, GEANT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın elmi-texnoloji mühitini Avropa elmi məkanına inteqrasiya edən strateji rəqəmsal platformaya çevrilmişdir. Bu proses ölkənin rəqəmsal elm və təhsil sahəsində mövqeyinin güclənməsinə xidmət edir və gələcəkdə daha da genişlənməsi prioritet olaraq qalır.

İnstitutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova:

- Ölkəmizdə rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik üzrə qəbul olunmuş dövlət proqramları və strategiyalar qlobal çağırışlara uyğun insan resurslarının formalaşdırılmasını zəruri edir. Bu, ilk növbədə, kadr potensialının beynəlxalq təcrübəyə əsaslanaraq müasir rəqəmsal tələblərə uyğunlaşdırılmasını tələb edir.

Rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz etdikcə bəzi ixtisaslar aktuallığını itirir, eyni zamanda yeni ixtisaslar meydana çıxır. Bu proses innovativ düşüncəli və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını gündəmə gətirir. Bu məqsədlə ali təhsil proqramlarının məzmunu daim yenilənməli, beynəlxalq təcrübə nəzərə alınmalıdır.

Strateji vəzifələrin icrası birbaşa İKT profilli ixtisaslar üzrə kadr hazırlığından asılıdır. Bu sahədə müntəzəm olaraq monitorinq və təhlillərin aparılması xüsusi əhəmiyyət daşıyır. İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, tədris proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb. Bunun nəticəsi olaraq, son illərdə bəzi ixtisaslar yenilənmiş, yeni ixtisaslar - proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digərləri tədrisə daxil edilmişdir.

Rəqəmsallaşma yalnız İKT sahəsi ilə məhdudlaşmır, əmək bazarında mövcud olan bütün peşə istiqamətlərini əhatə edir. Xüsusilə səhiyyə sahəsində rəqəmsal tibbin inkişafı yeni kadrlara tələbatı formalaşdırıb. Elektron tibb sistemləri və tibbi informasiya texnologiyaları həkim və orta tibb personalına yeni tələblər irəli sürdüyü üçün tibbi informatika üzrə mütəxəssislərə ehtiyac artıb. 

Eyni zamanda İKT və süni intellektin geniş tətbiqi yeni risklər də yaradır. Belə ki, kibercinayətkarlıq hallarının artması informasiya hüququ və rəqəmsal kriminalistika kimi yeni ixtisasların aktuallaşmasını tələb edir. 

Təqdirəlayiq haldır ki, dövlət səviyyəsində bu kimi aktual məsələlərə xüsusi diqqət ayrılır. "2022-2028-ci illər üçün Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" da məhz kadr potensialının gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və rəqəmsal bacarıqlarının artırılması üçün fasiləsiz təhsil və məqsədli yenidən hazırlıq proqramları həyata keçirilir. 

Ümumiyyətlə, cəmiyyətin rəqəmsal savadlılığının artırılması və davamlı inkişafının təmin olunması da mühüm istiqamətlərdən biridir. Bu məqsədlə mediada maarifləndirmə işləri genişləndirilməli, hər bir vətəndaşın rəqəmsal xidmətlərdən istifadə bacarığına malik olması zəruriyyəti ilə bağlı təbliğat aparılmalıdır.  Nəhayət, dövlət rəhbərliyinin təhsildə, xüsusən də orta məktəblərdə rəqəmsal və süni intellekt biliklərinin tədrisi ilə bağlı tapşırıqları gələcək nəsillərin həm texnoloji imkanları, həm də bu texnologiyaların yaratdığı risklər barədə biliklərə yiyələnməsinə xidmət edir.

İnstitutun baş mühəndisi Şakir Mehdiyev:

- Texnologiyalar tarix boyu təkcə sosial-iqtisadi inkişafın deyil, həm də dövlətlərin strateji gücünün və təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici rol oynayır. Müxtəlif dövrlərdə texnoloji üstünlüklərə sahib olmaq dövlətlərə mühüm strateji imkanlar qazandırıb. Bu baxımdan, texnologiya müasir dövrdə yalnız istehsal və innovasiya vasitəsi deyil, həm də güc və suverenlik vasitəsi kimi çıxış edir.

XXI əsrin başlanğıcında IV Sənaye İnqilabı şəraitində texnologiyaların rolu daha da artmaqdadır. Süni intellekt texnologiyaları, yarımkeçiricilər, çip məhsulları, bulud sistemləri, kibertəhlükəsizlik infrastrukturu, eləcə də Əşyaların İnterneti platformasında qurulan kiberfiziki sistemlər müasir transformasiyanın əsas lokomotivinə və dayaqlarına çevrilib. Bu sistemlər vasitəsilə toplanan məlumatlar artıq yalnız texnoloji deyil, həm də sosial-iqtisadi və siyasi qərarların qəbulunda mühüm rol oynayır. Nəticədə, təbiətdən, cəmiyyətdən toplanan məlumatlara nəzarət dövlətlərin real suverenliyinin əsas resurslarından və göstəricilərindən birinə çevrilir.

Bu şəraitdə texnoloji suverenlik məfhumu get-gedə xüsusi aktuallıq qazanır. Texnoloji suverenlik dövlətin kritik texnologiyalar üzrə müstəqil qərarvermə qabiliyyəti, alternativ texnoloji imkanların formalaşdırılması və risklərin idarə olunması kimi başa düşülür. Müasir dövrdə bu məfhum yalnız texnoloji müstəqillik və idxalın əvəzlənməsi ilə məhdudlaşmır, daha geniş və kompleks məzmun daşıyır.

Azərbaycan reallığı və təcrübəsi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Müstəqillikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri bəyan olunmuş suverenliyin real və dayanıqlı suverenliyə çevrilməsi olub. Bu prosesdə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən strateji inkişaf xətti mühüm rol oynayıb. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin iqtisadi və texnoloji inkişafında dönüş nöqtəsinə çevrildi, enerji sektorunda müasir texnologiyaların tətbiqinə və infrastrukturun formalaşmasına imkan yaratdı. Bu siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Nəticədə ölkədə güclü iqtisadi baza, müasir hərbi potensial və texnoloji imkanlar formalaşdı. Bu kompleks inkişaf Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmasına və ərazi bütövlüyünün bərpasına mühüm töhfə verdi.

Müasir dövrdə isə texnoloji suverenlik, ümumiyyətlə, xarici məhsullardan, təcrübə və biliklərdən asılılığı tam aradan qaldırmaq kimi deyil, daha çox "idarə olunan inteqrasiya" prinsipi kimi qəbul edilir. Yəni dövlətlər bir tərəfdən kritik texnologiyalar üzrə daxili imkanlarını gücləndirməli, digər tərəfdən isə qlobal texnoloji mühitdən təcrid olunmamalıdırlar. Beləliklə, texnoloji suverenlik tam asılılığın olmaması deyil, asılılıqların, risklərin milli maraqlar naminə balanslı və optimal şəkildə idarə olunmasıdır. Bu modelin əsasında insan kapitalı, elmi-innovativ potensial və kibersuverenlik tələbləri dayanır. Azərbaycan da bu strateji konsepsiya çərçivəsində inkişaf edərək həm milli maraqlarını təmin edən, həm də qlobal texnoloji sistemdə fəal iştirak edən dövlət kimi mövqeyini möhkəmləndirmək istiqamətində zəruri tədbirlər görür. 

Konfransın sonunda akademik Rasim Əliquliyev belə mühüm məsələlərin müzakirəsində iştirakına, həmçinin ETN İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə xüsusi diqqət göstərdiyinə görə, "Azərbaycan" qəzetinin kollektivinə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu istiqamətdə Respublika Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları və strategiyalardan irəli gələn vəzifələr çərçivəsində əldə olunmuş elmi-texnoloji və innovativ nəticələrin, nailiyyətlərin populyarlaşdırılması və təbliğatı sahəsində "Azərbaycan" qəzeti ilə birgə əməkdaşlığın vacibliyi haqqında təşəbbüs institut tərəfindən dəstəklənəcəkdir.

Beləliklə, elm ilə sözün, texnologiya ilə mətbuatın, intellektual fikir ilə dövlətçilik mövqeyinin bir araya gəldiyi bu tədbir yaddaşlarda dərin iz buraxdı. Bir daha əmin olduq ki, güclü dövlət yalnız silahla və iqtisadiyyatla deyil, həm də elm, texnologiya, innovasiya və dərin düşüncə ilə qurulur.


Elşən QƏNİYEV,

İlham Babayev (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!