Tariximizdə şərəf dolu qəhrəmanlıq səhifələri çox olub. Böyüməkdə olan nəsillər zaman-zaman bu səhifələri oxuyub igidliyi, cəsarəti öyrəniblər. Yeri gəldikcə qəhrəmanlıq yollarını davam etdiriblər, igidlikləri ilə yeni səhifələr yazıblar, onları gələcək nəsillərə çatdırıblar.
İkinci Qarabağ müharibəsi də qəhrəmanlıq tariximizin şərəfli səhifələrindən biridir. Çünki bu müharibədə xalqımızın cəsur oğulları 30 ilə yaxın davam edən erməni qəsbinə son qoydular, işğalçıları diz çökdürərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə zabit və əsgərlərimiz gələcək nəsillərə nümunə olacaq qəhrəmanlıqlar, igidliklər göstərdilər.
Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımız yalnız böyük qəhrəmanlıqlara və bir-birindən maraqlı hadisələrə deyil, kövrəklikdən doğan epizodlara da şahidlik etdi. Xalqımız bu qəhrəmanlıqları və maraqlı, yaddaqalan hadisələri heç vaxt unutmayacaq.
6 yaşlı uşağın 28 ildən sonra evlərinə qəhrəman əsgər kimi qayıdışı
Haqqında qısaca söhbət açmaq istədiyimiz bu epizod olduqca kövrəkdir, könülləri telləndirəndir. Yəqin ki, belə hadisələr tarixdə gec-gec baş verir. 44 günlük Vətən müharibəsinin davam etdiyi, zəfər xəbərlərinin qapıları döydüyü günlərdə KİV-də gördüyümüz bir şəkil bizi xeyli heyrətləndirdi. Gənc bir zabit Cəbrayıldakı kəndlərinin həyətində, doğma ocaqlarında nar ağaclarının budaqlarını bağrına basaraq şəkil çəkdirmiş və paylaşmışdı.
Şəklin altındakı sözləri oxuyanda məlum oldu ki, zabitin 6 yaşı olanda ermənilər kəndlərini yandıraraq onları ata-baba ocaqlarından didərgin salıblar. 6 yaşlı uşaq düşmənə nifrət hissi ilə böyüyə-böyüyə hərbi təhsil alıb və 28 ildən sonra 34 yaşında şanlı Azərbaycan Ordusunun zabiti kimi döyüşə-döyüşə, vuruşa-vuruşa, düşmənləri diz çökdürə-çökdürə kəndlərini erməni işğalçılarından azad edib. Doğma ocaqlarına, ata-baba yurduna qalib hərbçi kimi qayıdıb. Hünəri və cəsarəti ilə 28 illik torpaq həsrətinə son qoyub. İndi sevinə-sevinə bir vaxtlar valideynlərinin əkdikləri nar ağaclarının yanında qürurla, qalib ordunun qalib zabiti kimi şəkil çəkdirib. Şəkillərdəki duruşu ilə ermənilərə meydan oxuyub.
Amma çoxları bilmir ki, arxada qalmış 28 il ərzində həmin zabitin həm özü, həm də yaxınları hansı ağrılar çəkmiş, hansı keşməkeşli günlər yaşamış, nələr düşünmüş, nələr fikirləşmişdilər? Valideynləri doğma ocaqlarından didərgin düşəndən sonra haralarda, hansı çadır şəhərciyində, hansı tələbə yataqxanasında məskunlaşmış, hansı ağrı-acılar çəkmişdilər. Amma o da var ki, harada, necə məskunlaşıb yaşasalar da, bir an olsun belə, doğma ocaqlarını unutmamışlar, ata-baba yurdlarını yaddan çıxarmamışlar. Həsrət və intizarla erməni işğalına son qoyulacağı, doğma ocaqlarına qayıdacaqları günü gözləmişdilər.
Ürəyi Vətən sevgisi ilə döyünən bu zabit böyüyəndə özünə hərbçi peşəsini seçmişdi. Kiçik yaşlarından Vətən üçün döyüşçü olacağına qərar vermişdi. Hərbçi olmuşdu ki, döyüş meydanlarına başqalarından bir addım yaxın olsun. Müharibə başlayan kimi silahından möhkəm yapışıb düşmən üstünə atılsın, doğma ocaqları uğrunda ön sıralarda vuruşsun. Erməni qəsbkarlarından şəhidlərin qisasını alsın.
6 yaşlı uşaq 28 il əvvəl torpaqlarından qaçqın düşərkən bəlkə də erməninin topundan, tüfəngindən qorxmuşdu. Güllə səsləri eşidəndə valideynlərinin qucağına qısılmışdı. Amma 28 ildən sonra ermənidən qorxmadan, onlara qarşı cəsarətlə vuruşa-vuruşa, qan uddura-uddura doğma ocaqlarına qalib kimi dönmüşdü. İşğal olunmuş torpağını, ata-baba yurdunu işğalçılardan döyüşə-döyüşə azad etmişdi. Həm Vətən, həm də valideynləri qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirmişdi. Nə yaxşı ki, Azərbaycan Ordusunun sıralarında belə fəxr ediləsi, qürur duyulası, düşmənə qan udduran oğullarımız çoxdur. Vətən belə oğulları ilə həmişə öyünəcək. Zabitin 28 ildən sonra həyətlərində çəkdirdiyi bu şəkil Vətən müharibəsindən kövrək bir xatirə kimi əbədi olaraq yaddaşlarda qalacaq.
Serjikin sayıqlamaları
Qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsi başlamazdan bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti, Qarabağın işğal edilməsində iştirak etmiş, əli xocalılıların qanına batmış Serjik Ermənistanın hansısa instututunun, hansısa tələbələrinin qarşısında çıxış edərkən başından yekə danışaraq demişdi ki, Qarabağı azərbaycanlılardan biz aldıq, Qarsı da türklərdən siz alarsınız. Bu, əslində, Xocalı qatilinin gələcək daşnaklara qan qoxulu tapşırığı idi.
Yəqin ki, daşnakların gözü torpaqdan heç vaxt doymayacaq. Ermənilərdə bu mənfur xüsusiyyətə yaxından bələd olan görkəmli diplomat, yazıçı A.Qriboyedov hələ XIX əsrdə çara məktub yazaraq onu xəbərdar edirdi ki, İrandan köçürülən erməniləri qətiyyən Rusiyanın ərazilərində məskunlaşdırmayın, onlara torpaq verməyin. Çünki 50-60 ildən sonra ermənilər saxta sənədlərlə sübut etməyə çalışacaqlar ki, bu yerlər onların tarixi torpaqlarıdır. Deməli, ruslar erməniləri yaxşı tanıyırmışlar. Necə deyərlər, dabbağda gönlərinə bələd imişlər. Deyəsən, elə bu dünyada erməniləri yaxşı tanımayanlar təkcə bizlər olmuşuq. Amma gec də olsa, biz də bu daşnakların həm iç, həm də çöl üzlərini tanıdıq. Xislətlərinə yaxından bələd olduq, hansı yuvanın quşları, yaxud bayquşları olduqlarını yaxşı-yaxşı öyrəndik.
Yəqin ki, S.Sarkisyanın başı nə qədər məhkəmə-filan işlərinə qarışsa da, ölkəsinin 44 günlük Vətən müharibəsindəki utandırıcı, biabırçı, məhvedici məğlubiyyətindən xəbər tutdu. Qələbəsinə arxalandığı quldurların qüdrətli Azərbaycan Ordusu tərəfindən necə diz çökdürüldüyünü, məğlub olduğunu gördü. Görən kimi də utanmaz-utanmaz qəzetlərə müsahibə verərək dedi ki, sələfim, (yəni Paşinyan) mənim yolumla getmədi, əgər getsəydi, işlər belə alınmazdı. Allah kəssin Sarkisyanın özünü də, getdiyi yolu da. Çünki o yolda qan-qada var, işğal var, göz yaşı var, qaçqınlıq, köçkünlük və müharibə var.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfər nəticəsində Ermənistan ordusu darmadağın olundu, diz çökdürüldü, xeyli canlı qüvvə və döyüş texnikasını itirdi. Düşmən üzərində tarixi qələbənin qazanılmasında gənclər böyük igidlik və qəhrəmanlıq göstərdilər. Onların göstərdiyi igidlik və şücaət qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıldı. Gələcək nəsillər tariximizin bu şərəfli səhifəsini tez-tez vərəqləyəcək, igidliyi, qəhrəmanlığı cəsur oğullarımızdan öyrənəcəklər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"