29 Aprel 2026 09:20
152
Mədəniyyət
A- A+
Mütəfəkkir sənətkar, vətənpərvər şair 

Mütəfəkkir sənətkar, vətənpərvər şair 


Xaqani poeziyası öz dövründən başlayaraq, bu günə qədər Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək olmuşdur. Prezidentin dünyaşöhrətli mütəfəkkir şairin anadan olmasının 900 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda deyildiyi kimi, Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. 

Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür.

Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. O, 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osmanoğlunun himayəsi və tərbiyəsi altında böyüyüb. 

Xaqani gənc yaşlarından başlayaraq, şeirlər yazmışdır. Həmişə inamın, həqiqətin, gözəlliyin carcısı olmuş, hər cür şəri rədd etmişdir. 25 yaşında  Şirvanşahların "məlik üş-şüara"sı Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gələn İbrahim onun qızı ilə ailə həyatı qurmuş, Əbül ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şeirlər yazmağa başlamışdır. Sarayda xidmət etdiyi ərəfədə poeziyasındakı ciddi, sərt fikirlər, eyni zamanda hərəkəti, davranışı çoxlarını təşvişə salmışdır. Özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair daxilindəki gərginliyi yüngülləşdirmək üçün Məkkə ziyarətinə getməyi qərara almışdır. Məkkəni, Mədinəni, Bağdadı və digər şəhərləri gəzmiş, əsərlərində bu yad diyarda ona olan diqqətdən, hörmətdən, ehtiramdan həvəslə, ətraflı söhbət açmışdır. Səyahətinin nəticəsi olaraq "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsini yazmışdır. Bu əsərində şair Sasani şahlarının xaraba qalmış saraylarının timsalında müasirlərini ibrət dərsi almağa çağırmışdır.

Tədqiqatçıların dedikləri kimi, klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmış Xaqani Şirvanı buna görə tezliklə müasirlərinin diqqətini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhvət ül-İraqeyn" adlı məsnəvisini yazmışdır. 1157-ci ildə yazılmış bu əsərdə şair səfər macəraları ilə yanaşı, xalqların həyatından aldığı təəssüratı təsvir etmişdir. "Düşmənləri tənqid", "Günəşə xitab", "Qızıla məzəmmət" başlıqlı hissələr oxucuları bu gün də heyran edir. Şair saflığın, işığın, hərarətin, ucalığın rəmzi olan Günəşi özünün dostu sayır, ondan yardım diləyir. Tədqiqatçı mütəxəssislərin qeyd etdiyi kimi, "Töhvət-ül-İraqeyn" əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən də, sevinən də, fəxr edən də, qəzəblənən də şairin özü - Xaqanidir.

1176-cı ildə Ərəb və Əcəm İraqını səyahət etmək üçün Kəbə ziyarətinə gedən şair bundan sonra vətənə qayıtmır, ömürlük Təbrizdə məskən salır. Bu zaman Axsitan, Qızıl Arslan və başqaları onu öz sarayına dəvət etsələr də, sənətkar heç bir təklifi qəbul etmir, müxtəlif bəhanələrlə dəvətləri rədd edir. 

Təbrizdə şairin həyatının son illəri çox ağır keçib. Onun cavan oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edib. 20 yaşlı oğlu Rəşidin ölümünə yazdığı mərsiyələrdə şairin ruh sarsıntıları, əzab və iztirabları, həyatdan küskünlüyü xüsusilə təsirli və riqqətlidir. Ailə üzvlərini itirən qoca şair bundan sonra tamamilə tək qalıb və 1199-cu ildə dünyasını dəyişib. Surxab qəbiristanlığında "Şairlər məqbərəsi" adlanan yerdə dəfn edilib. 

Tədqiqatçı-araşdırmaçıların, alimlərin fikrincə, Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Şairin qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Bu ənənələr sırasında öz əksini tapan başlıca amillərdən biri də türklüyə dərin məhəbbətdir.

Ədəbiyyatşünasların fikrincə, Xaqani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazıb. Xaqani qüdrətli bir şair olduğundan öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özünə ustad hesab edib və ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.

Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki elmlərə yaxşı bələd olduğu məlum olur. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqda belə yazır: "Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, musiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar var; o, tarixi də yaxşı bilirdi. Xaqani Şirvani qəsidəsinin birində bu haqda yazır: "O hansı elmdir ki, mən onu bilmirəm? - məni sınamaq istəyirsən, əsərlərimə diqqət et". Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edirdi: "Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram".

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, nadanlığa eyni mövqedən "atəş açır", eyni ideallarla çıxış edir. Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. 

Xaqani ənənələrini davam etdirən şairlər arasında Azərbaycan şeirində inqilabçı satiranın böyük siması kimi tanınan Mirzə Ələkbər Sabir də var. Sabir öz şeir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz və üsyankar ruhunu yaşatmağa çalışmış, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirmişdir.

Xaqani Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olub. O, vətənini dərin məhəbbətlə sevən bir şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bu günə qədər sevilir. Şair vətənpərvərlik mövzusunda yazdığı "Savalan dağının tərifi" əsərində hissini belə ifadə edir: 

Şamaxı! Ey mənim sevimli yurdum,

Ümidim, pənahım Təbrizdir, Təbriz

Səmimi kəlamlar, ilk növbədə, Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin təzahürü kimi qiymətlidir. Amma sona doğru əsərdə ikinci bir motiv - Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya "peyvənd" edir, nəticədə həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük Azərbaycan mövzusuna qovuşur və bundan qeyri-adi hisslər keçirir, qürur duyur.

Böyük Azərbaycan şairi, görkəmli mütəfəkkir Xaqani Şirvaninin xatirəsi ölkəmizdə daim ehtiramla yad edilir. Bakı və Şamaxıda Xaqaninin adını daşıyan küçələr var. Onun adına park salınmış, abidəsi ucaldılmışdır. Şairin irsi həm də beynəlxalq elmi-mədəni mühitdə Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsi kimi təbliğ olunur.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub  

10:15
29 Aprel

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!