28 Mart 2024 08:45
272
SİYASƏT
A- A+

Ermənistan böyük güclərin ayaqları altında əzilməyə doğru gedir

 

"Ermənistan təhlükəli oyunlar oynayır. Bu ölkə Cənubi Qafqazda formalaşmış geosiyasi konfiqurasiyanın dağılmasına və regionun yeni münaqişə məkanına çevrilməsinə xidmət edən addımlar atır. İrəvan Qərbin Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğunu təmin etmək üçün cəhdlər edir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat söyləyib ki, bir neçə gün əvvəl Ermənistan parlamentində Avropa İttifaqının missiyasının statusunun ratifikasiya olunması ABŞ hərbçilərinin də regiona gəlməsinə imkan yaradacaq və bu, Cənubi Qafqazı nüfuz rəqabəti məkanına çevirəcək: "Nəzərə almaq lazımdır ki, ilk dövrdə Avropa İttifaqı Azərbaycan və Ermənistanla birgə qısamüddətli missiyanın həyata keçirilməsini razılaşdırmışdı. Amma sonradan Ermənistanla Avropa İttifaqı birtərəfli qaydada missiyanın müddətini uzatdılar, kontingentin sayını 2 dəfədən də çox artıraraq 200 nəfərə çatdırdılar. İndi isə bu məsələni Ermənistan parlamentdə ratifikasiya etməklə ABŞ və Aİ-nin missiyasının tərkibinin daha da artırılmasına şərait yaradırlar. Həmçinin binokl və fotoaparatlarla şəkil çəkməklə kifayətlənən missiyanın gələcəkdə silahlı hərbçilərlə əvəz olunacağına şübhə qalmır". 
Deputat bildirib ki, Ermənistan parlamentinin Aİ missiyasını ratifikasiya etməsi Paşinyanın aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlığı kimi qəbul edilə bilər: "Bu görüş çərçivəsində hətta "Ermənistanın təhlükəsizliyinə zəmanət" adlı sənədin qəbul olunacağı da bildirilir. Qərb bu addımları ilə Cənubi Qafqazda baş verən prosesləri birtərəfli şəkildə həll etməyə cəhd göstərir. Bu isə Azərbaycanın maraqlarına ziddir, çünki proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz məğlub Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda, İrəvan hakimiyyətinin regionda ABŞ və Aİ-nin hərbi bazasını yaratmağa çalışması qəbuledilməzdir".
Azər Badamov ABŞ və Avropa İttifaqının Ermənistanı qorumaq cəhdlərinin absurd olduğunu qeyd edib. Deputat deyib ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərb isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərpasına maraq göstərmədiyinə görə Ermənistanı silahlandırır və şirnikləndirir. Qərbin bu addımları regionumuzu yenidən müharibə meydanına çevirmək kimi çirkin niyyətindən irəli gəlir. 
"Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi istəyi ilk növbədə  Rusiya və İrana əzələ nümayişidir.  Uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və bu ölkənin sərhədlərini qoruyur. Belə olan halda, ABŞ-nin hərbi bazasının Ermənistanda yerləşdirilməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaq. Beləliklə, Rusiya hərbçiləri ilə Qərb hərbçiləri arasında toqquşmaların baş verməsi gözləniləndir", - deyə müsahibimiz vurğulayıb.
Deputat əlavə edib ki,  İranla ABŞ münasibətlərində uzun illərdir ki gərginlik yaşanır, ABŞ-nin təşəbbüsü ilə Qərb İrana sanksiyalar tətbiq edib: "Deməli, ABŞ-nin digər məqsədi İrandakı maraqlarını həyata keçirmək üçün Ermənistan ərazisindən hərbi plasdarm kimi istifadə etməkdir. Bu baxımdan ABŞ-nin hərbi bazasının Ermənistanda yaradılması İranın təhlükəsizliyinə böyük təhdiddir. Bu baxımdan Ermənistanın ABŞ hərbçilərini regiona gətirmək planı İran, Rusiya və Qərb arasında müharibənin alovlanacağına işarə edir".
Azər Badamov yekunda vurğulayıb ki, erməni tarixi ölkələrarası qarşıdırma və gərginlik yaratmaqla zəngindir: "Onlar tarix boyu bu üsullarla qazanc əldə etməyə öyrəşiblər. Lakin Ermənistan rəhbərliyi Qərbə məxsus hərbi bazaları regiona gətirməklə ölkəsini Ukrayna, Livan və digər gərginlik ocaqlarına çevrilmiş ölkələrin gününə salacağını anlamır. Cənubi Qafqazda yenidən gərginlik baş qaldıracağı halda,  Ermənistan hərbi güclərin ayaqları  altında əziləcək".

N.QAFARZADƏ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video