20 Mart 2024 09:35
2035
Mədəniyyət
A- A+

Elmi araşdırmalarda Novruz geniş tədqiq edilib

 

Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən müqəddəs bayramlarından biridir. Bu əziz bayram yazın ilk qədəmini atdığı eyni gündə - martın 21-də qeyd olunur. 
Yazın gəlişi və təbiətin oyanışı ilə bağlı həmin gün ta qədim zamanlardan ölkəmizdə bayram şənlikləri keçirilib. Hamımıza sevinc bəxş edən bu bayram təkcə Azərbaycanda deyil, bütün türk dövlətlərində böyük təntənə ilə qeyd edilir. 
Təəssüflər olsun ki, uzun zamanlar bəzi din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmışlar. Amma nə qədər çalışsalar da, buna nail ola bilməmişlər. 
Novruz bayramı ilə əlaqədar tarixi mənbələrdə dəyərli məlumatlar çoxdur. Bu müqəddəs bayramın pozulmayan izlərinə dövrünün görkəmli şəxsiyyətlərinin, yazıçı və şairlərinin, tədqiqatçılarının əsərlərində də rast gəlinir. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət-ənənələrdən və bunların yaranma tarixindən ətraflı bəhs etmişdir. Əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.
Novruz bayramı bir çox mənbədə geniş təsvir olunmuşdur. Bunlardan Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk", Əbu Reyhanın "Asarul-Baqiye", Y.H.Hacibin "Kutadqu biliq", Ömər Xəyyamın "Novruznamə", N.Gəncəvinin "İskəndərnamə", Nizamülmülkün "Siyasətnamə" əsəri və başqalarını qeyd etmək olar.
Novruzun keçmişə uzanan tarixi Əhəmənilər dövründən də əvvəllərə gedib çıxır. Əhəmənilər haqqında yazılan tarixi mənbələrdə Novruz bayramının onlardan xeyli əvvəl xalq arasında çox təntənə ilə qeyd olunduğu yazılır. "Avesta" qaynaqlarında da bu bayramla bağlı rituallar, adətlər, xüsusilə də səməninin göyərdilməsi, tonqallar üzərindən tullanma kimi ənənələrin mövcudluğu barədə geniş məlumatlar var.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə Günəşin birillik fırlanması ilə əsaslanır. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının əsasını çox əski çağlarla - Zərdüştün yaşadığı dövrlə bağlayır. Bəzi hesablamalara görə, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə yaranmışdır.
Novruz bayramı haqqında istər mifoloji, istərsə də etnoqrafik baxımdan elmi ədəbiyyatda kifayət qədər tarixə söykənən dəyərli sözlər deyilib, məqalələr yazılıb. Novruzla bağlı bütün araşdırmalarda bayram haqqında ətraflı məlumat verildikdən sonra xalq tamaşaları, mövsümi nəğmələr, mərasimlərdən nümunələr göstərilib. Novruz bayramının mahiyyəti, tarixi kökləri dərindən araşdırılıb. 
N.Dubrovin XIX əsrdə ölkəmizdə keçirilən Novruz bayramındakı müşahidələrində yazırdı: "Azərbaycanda baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, bahar bayramı başlandı".
Novruz xalqın ürəyindən, qəlbindən, tarixindən süzülüb gələn bir bayramdır. Araşdırmalar bir daha onu sübut edir ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır. Deməli, bu həm də təbiətin, həyatın bayramıdır. Azərbaycan xalqı bayramı çox təntənəli və həm də yeni ilin, yeni günün - Novruzun gəlişinə dörd həftə qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. 
Xalqımızın müqəddəs Novruz bayramının tədqiqatçısı olmuş professor A.Nəbiyev Novruzun hərfi mənasını belə izah etmişdir: "Novruz" - yeni gün deməkdir. Bir çox mənbələlərdə Novruza Ergenekon, Sultan Nevruz, Xan Novruz, Rüsxət günü, Bozqurd, Çağan, Yılbaşı, Gündönümü, Bahar bayramı, Yaz bayramı və sairə demişlər. Qədim türk və fars mənşəli xalqlara məxsus olan, Şərqi Türküstandan Balkanlara qədər ərazidə yayılan Novruzun təxminən 25-ə yaxın adı mövcuddur. Novruz bayramı Uyqurustanda yaşayan uyğurlardan tutmuş Volqaboyunda, Orta Asiyada, Qafqazda, Krımda, Türkiyədə, İraqda, Güney Azərbaycanda və başqa yerlərdə qeyd edilir.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu. Çünki hökumət buna icazə vermirdi və hətta insanları təqib də edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Novruz bayramının 2009-cu ilin 30 sentyabrında UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan dövlətinin bütün dünyada böyük uğuru oldu. Bu işdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur. 
Şükürlər olsun ki, illərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə də Novruz tonqalları qalanır. Növbəti illərdə Qarabağda qalanan Novruz tonqallarının sayı daha da artacaq. İnanırıq ki, Novruz bayramı xalqımıza yeni-yeni uğurlar və zəfərlər gətirəcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video