Berlindəki Reyxstaq binasını kətana bükərək adını tarixə yazmış rəssam indi yeni, fenomenal əsərini hazırlayır.
AzərTAc xəbər verir ki, o, dünya tarixinin ən böyük və ən bahalı abidəsi olacaqdır.
290 milyon dollara başa gələcək "Mastaba" adlı abidə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinin yaxınlığında, səhranın ortasında inşa ediləcəkdir. Abidə müxtəlif rəngli 410 min neft çəlləyindən ibarət olacaqdır. "Mastaba" Misirdəki Böyük Giza piramidasından da hündür, məşhur Nelson sütunundan isə 3 dəfə yüksək inşa ediləcəkdir.
Əslən bolqar olan və "Kristo"niki ilə çalışan dizayner Xristo Yavaşev 150 metr hündürlüyündəki "Mastaba" abidəsi ilə dünyanın tükənən təbii ehtiyatlarının bir gün sona çatacağını insanların nəzərinə çatdırmaq istəyir. Onun layihəsini Əbu-Dabinin əmiri şeyx Həmdan əl Nəhayyan bəyənmişdir. Kristonun dediyinə görə, xanımı Janna-Klod ilə birlikdə bu layihəni hələ 30 il əvvəl reallaşdırmaq istəsələr də, onda imkan yaranmamışdı. "Mastaba" Birləşmiş Ərəb Əmirliklərinin cənub-şərqindəki Liva vahəsinin yanında, Omanla sərhədin yaxınlığında inşa ediləcəkdir.
Kristo demişdir: "Bu layihəni təxminən 30 aya başa vuracağıq. Orada yüzlərlə insan çalışacaq. Yaxınlıqda isə sərgi qalereyası, dəbdəbəli hotel və restoranlar olacaqdır. Abidə həm də 2009-cu ildə dünyasını dəyişmiş xanımımın arzusunun gerçəkləşməsi olacaqdır".
Kristo və ya Xristo Yavaşevin əvvəlki layihələri Mayamidəki Biskay körfəzində 11 adanın üzən çəhrayı plastiklə örtülməsi, Parisdə körpülərdən birinin "qablaşdırılması", Kaliforniya və Yaponiyada şoselərin çətirlərlə "hamarlanması"dır.