Yüksək yoluxduruculuğa malik yeni ştamlar 58 ölkədə qeydə alınıb
2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının başa çatdığını elan etsə də, son aylar bir çox ölkələrdə yeni ştamlarla yoluxanların sayının sürətlə artması müşahidə olunur. Eris ("EG.5") və Pirola ("BA.2.86") ştamları bütün dünyada yayılaraq, qısa zamanda kütləvi yoluxmalara səbəb olub. Bu isə subvariantların qeydə alındığı ölkələrdə müvafiq mübarizə tədbirlərinin başlanmasına rəvac verib.
Hazırda dünyada koronavirusun dominant variantı yoxdur
Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerxove bildirib ki, dünyada koronavirusun Eris ştamının yayılması bu xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarmayıb. Onun sözlərinə görə, hazırda SARS-CoV-2-nin dominant variantı yoxdur. Belə ki, bütün variantlar xəstəliyin tam spektrinin meydana gəlməsinə səbəb olsa da, gedişatını ağırlaşdırmır.
Van Kerxove son aylarda bir sıra ölkələrdə aşkar olunan koronavirusa yoluxma hallarının artmasına diqqət çəkərək, xəstəxanalara yerləşdirilmə sayının artmasının daha çox narahatlıq yaratdığını qeyd edib. Ekspert xatırladıb ki, hazırda koronavirusun Omikron ştamı ilə bağlı üç variantı ÜST tərəfindən "maraq doğuran variantlar" kateqoriyasına aid edilib. Bunlar XB.1.5, XBB.1.16 və EG.5-dir. Bununla belə, EG.5-in dünyada artım prosesi davam edir, XBB 1.5 və XBB.1.16 isə azalma mərhələsindədir.
Van Kerxove koronavirusa qarşı profilaktik tədbirlərin səmərə verməsinin və onların sayının çoxalmasının sevindirici olduğunu deyib. Bu tədbirlərə insanların kütləvi toplaşdığı məkanlarda otaqların havalandırılması hallarının artırılması, maskaların taxılması və peyvəndlərin vurulması aid edilir. "COVID-19 əleyhinə peyvəndlər ağır xəstəliyin qarşısının alınması üçün təhlükəsiz və səmərəli vasitə olaraq qalmaqda davam edir", - deyə ekspert əminliklə bildirib.
Ölkəmizdə COVID-19-la bağlı vəziyyət stabildir
ÜST-nin məlumatına görə, Cənubi Koreya, Rusiya, ABŞ, Avstraliya, Sinqapur və Avropanın bir sıra ölkələrində COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Yüksək yoluxduruculuğa malik yeni ştamlar artıq 58 ölkədə müəyyən edilib.
Yoluxma hallarının artdığı ölkələrdən biri də Rusiyadır. Statistikaya görə, ölkədə bir həftə ərzində yoluxma halları 22 faiz artıb. Sentyabrın 18-dən 24-dək Rusiyada koronavirusa 15 minə yaxın yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumat verən Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, buna baxmayaraq, xəstəxanaya yerləşdirilənlərin sayı azdır.
M.Muraşko hazırda bir sıra respirator virusların yayıldığını vurğulayıb: "İndi yeni qrip mövsümü üçün peyvənd olunmağın ən yaxşı vaxtıdır. Ona görə də biz vəziyyəti izləyirik", - deyə o qeyd edib. Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska rejiminə qayıdıb.
Azərbaycanda sentyabrın 25-dən oktyabrın 1-nə qədər COVID-19 infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 833 min 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 min 484 nəfər müalicə olunaraq sağalıb, 10 min 332 nəfər isə vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19-un ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.
COVID-19 peyvəndinin yaradılmasında əməyi keçən alimlərə Nobel mükafatı verilib
Oktyabrın 2-də COVID-19-a qarşı mRNT peyvəndlərin hazırlanmasına imkan yaradan kəşflərə görə, Macarıstandakı Saqan Universitetinin professoru Katalin Kariko və onunla birlikdə Pensilvaniya Universitetində tədqiqatları həyata keçirən professor Dryu Vaysman tibb üzrə Nobel mükafatına layiq görülüblər.
"Dövrümüzün insan sağlamlığı üçün ən böyük təhdidlərindən biri zamanı mRNT-nin immun sistemimizlə qarşılıqlı əlaqəsi haqqında anlayışımızı kökündən dəyişən kəşfləri ilə laureatlar peyvəndin görünməmiş templə inkişaf etdirilməsinə töhfə verdilər" - deyə mükafatı təqdim edən heyət bildirib.
Qalibləri seçən heyətin üzvü Qanilla Karlson Hedestam onların gördüyü işlər haqqında danışarkən deyib ki, bu, insanların həyatını xilas etmək baxımından, xüsusən də pandemiyanın ilkin mərhələsində çox vacib idi.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"