11 Noyabr 2021 00:40
2283
SİYASƏT

“Dəmir yumruğ”un təntənəsinə çevrilən bəyanat

 

İlham Əliyev Ermənistanı cəzalandıraraq onu Azərbaycanın şərtlərini yerinə yetirməyə məcbur etdi

 

Vətən müharibəsindəki Qələbənin birinci ildönümü Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd edildi. Noyabrın 8-də Zəfər Günündə şəhər və rayonlarımızda keçirilən yürüşlər, müxtəlif tədbirlər bir daha göstərdi ki, torpaqlarımızın işğaldan azad olunması ilə xalqımız ən böyük arzusuna qovuşub. Bu yürüşlər Zəfərimizi, məğrurluğumuzu, keçirdiyimiz dərin qürur hissinin təntənəsini yenidən dünyaya bəyan etdi.

 

Rəşadət, ədalət və milli qürur bayramı

 

Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarından sonra Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatları xalqımızın Vətən müharibəsinə çevrildi. 44 gün davam edən savaş noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyəti və üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Bu müharibədə Azərbaycanın olduqca mühüm, strateji və tarixi hərbi uğurlarından olan Şuşa şəhərinin azad edildiyi gün təqvimə Zəfər Günü kimi həkk olundu.

Noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu, rəşadət bayramıdır: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir”.

Xalqımızın arzusunu reallığa çevirən, işğal altındakı torpaqlarımızı azad edən isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi İlham Əliyev Azərbaycanı inkişaf yoluna çıxarmaqla torpaqlarımızın işğaldan azad edilməsinin konturlarını cızdı. İlham Əliyev lider kimi torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək strateji vəzifələri uzaqgörənliklə müəyyənləşdirdi. İlham Əliyev müdrik siyasətçi kimi Zəfərə aparan yollarda bütün hədəflərə uğurla çatdı.

 

İşğalçı dünyanın gözü qarşısında diz çökməyə məcbur edildi

 

Şuşada hərbçilər qarşısında çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qələbəyə aparan yolun, xalqımıza zəfər bəxş edən fəaliyyətinin bütün aspektləri barədə danışdı. Bir daha göründü ki, İlham Əliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi üçün kompleks fəaliyyət həyata  keçirib. Bu fəaliyyətin əsas istiqamətləri iqtisadi inkişaf, ordu quruculuğu, Qarabağ həqiqətlərinin, işğalla bağlı erməni vəhşiliyinin dünyaya çatdırılması və böyüyən gənc nəslin vətərpərvərlik ruhunda tərbiyə olunması idi. Bütün bu missiyaların yerinə yetirilməsi vəhdət halında 44 günlük müharibədə Qələbəmizi təmin edən tarixi faktorlar oldu.

İşğal dövründə Ermənistan öz ordusu barədə mifologiya, yaratmışdı. Hətta Vətən müharibəsi günlərində də erməni ictimaiyyətinə miflərdən irəli gələn yalan informasiyalar sırınırdı. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri hər gün işğalçı ordunu darmadağın etdi. Rəşadətli ordumuzun gücü qarşısında tab gətirməyən erməni qüvvələrinin üz götürüb qaçmaqdan başqa yolları qalmadı və Ermənistan həmin günlərdə tarixinin ən böyük zərbəsini aldı. “Ermənistan işğal dövründə öz ordusu haqqında, guya, döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar”, - deyə İlham Əliyev bu barədə bildirib.

Ali Baş Komandan İlham Əliyev döyüşlərin ilk günündən öz şərtlərini bəyan etmişdi. Bunu anlamayan düşmən 44 günə darmadağın edildi və İlham Əliyevin şərtləri əsasında üçtərəfli Bəyanata imza atdı. Söz anlamayan düşmən cəzalandırılaraq bu şərtlərə əməl etməyə mənkum olundu. Torpaqlarımızı işğal etməsi ilə lovğalanan, Azərbaycanı yeni işğalla hədələyən Ermənistan İlham Əliyevin “dəmir yumruğ”u ilə bütün dünyanın gözü qarşısında diz çökməyə məcbur edildi.

Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin və Ermənistanın isə məğlubiyyətinin hərbi və hüquqi-siyasi təsdiqidir. İlham Əliyevin “dəmir yumruğ”unun təntənəsi olan bu Bəyanat  dövlətimizin, xalqımızın Zəfərini gələcəyə daşıyacaq, onu əbədiyyətə qədər dünyaya bəyan edəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video