27 Sentyabr 2022 02:02
810
SİYASƏT
A- A+

"Dəmir yumruğ"un düyünləndiyi gün

 

Hüququn gücsüzlüyünü gücün hüququ əvəz etdi

 

27 sentyabr 2020-ci il!

Həmin gün 27 il ərzində  dolan «səbir kasası» daşdı!

Həmin gün Müzəffər Ali Baş Komandanın «dəmir yumruğ»u düyünləndi!

Xalq ayağa qalxaraq özünə məxsus olan torpağı geri qaytarmağa başladı!

Ordu silaha sarılaraq Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi!

Yer-göy lərzəyə gəldi, igidlərin hayqırtısı motor səsinə qarışdı!

Toplar guruldadı, təyyarələr qanadlandı, pilotsuz uçuş aparatları hədəfə doğru şığıdı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqına, xalq ordusuna, ordu isə sərkərdəsinə güvənərək qəti və qanlı döyüşə atıldı!

BMT Təhlükəsizlik Şurasının 28 il ərzində kağız üzərində qalan dörd məlum qətnaməsinin icrasına başlandı!

ATƏT-in Minsk qrupunun boş və mənasız fəaliyyəti donduruldu,  onun görmədiyi işi Azərbaycan əsgəri yerinə yetirməyə başladı!

Hüququn gücsüzlüyünü gücün hüququ əvəz etdi!

İkili standartlar dünyası öz mövqeyində qalaraq hadisələrin gedişini izləməyə başladı!

«Qordi düyünü»nü açmaq üçün qılınc qınından sıyrıldı!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu yeni dövrün – qalibiyyət dövrünün şərəf salnaməsinin ilk abzaslarını yazmağa başladı!

***

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazanacağı qələbənin ilk təməli hələ 1993-cü ildə, Qurtuluş günü qoyulmuşdu!

Düşmən antimilli qüvvələrin hakimiyyəti ələ keçirməsindən, ölkədə baş alıb gedən xaos və anarxiya vəziyyətindən, vaxtında ordu qurularaq torpaqların etibarlı müdafiəsinin təşkil edilməməsindən, habelə xəyanət əməllərindən istifadə edərək 20 faiz ərazimizi ələ keçirmişdi.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı fəlakətdən qurtarmaq üçün qısa zaman kəsiyində bir-birindən vacib və gərəkli işləri görməli oldu!

Yeni ərazilərin işğalının qarşısını almaq üçün müharibədə atəşkəs yaradıldı, əhalidəki külli miqdarda silah-sursat yığıldı, xaos, özbaşınalıq və qanunsuzluqların qarşısı alındı, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı, ordu quruculuğuna start verildi, "Əsrin müqaviləsi" neft kontraktı imzalandı, milli maraqlara əsaslanan daxili və xarici siyasət  yeridilməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə yol açan islahatların keçirilməsinə başlandı.

Azərbaycana düşmən qüvvələr baş verən müsbət dəyişikliklərin qarşısının alınması üçün iki dəfə - 4 oktyabr 1994-cü il və 13-18 mart 1995-ci ildə dövlət çevrilişinə cəhd etdilər. Ulu Öndərimiz bütün bu cəhdlərin qarşısını qətiyyətlə aldı!

Azərbaycan sürətli və dayanıqlı inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Azərbaycanı inkişafın yeni mərhələsinə yüksəltdi.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi ölkənin iqtisadi qüdrətini və siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

Güclü ordu yaradıldı və ən müasir silahlarla təchiz olundu. Hücum diplomatiyasına start verildi, beynəlxalq qurum və təşkilatlarda erməni yalanlarının ifşası gücləndirildi, Azərbaycan həqiqətləri geniş yayıldı, haqq işimizi dəstəkləyənlərin, dostlarımızın sayı xeyli artdı.

Azərbaycan beynəlxalq tədbirlərin, mötəbər idman yarışlarının keçirildiyi arzuolunan məkana çevrildi, yeni vətənpərvər gənclər nəsli yetişdirildi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində uğurlu addımlar atıldı.

Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, beynəlxalq təşkilatlarda apardığı səmərəli iş, nəyi, nə vaxt və necə etmək məharəti müstəqil Azərbaycanı güclü və nüfuzlu dövlətə çevirdi!

İlham Əliyevin səyləri nəticəsində ölkə daxilində düşmənə qarşı mübarizədə milli birlik yarandı, bütün siyasi partiyalar iqtidarı dəstəklədi.

Düşmən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqlar prosesini uzadır, ərkəsöyünlük edir, ona qarşı sanksiya və təzyiq göstərilməməsindən ruhlanaraq özünü əmin və yekəxana aparır, bizi mövcud reallıqlarla barışmağa çağırırdı...

Hətta sonda o qədər qudurdu ki, baş nazir Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" söyləməklə, əslində, sülh yolu ilə torpaq qaytarmayacağını bəyan etdi.

Aprel müharibəsində Azərbaycanın verdiyi dərs və etdiyi xəbərdarlıqlardan da nəticə çıxarılmadı.

Tovuz hadisələrində isə Ermənistan həddini aşdı, Azərbaycanın strateji boru kəmərləri və dəmir yolu xəttinin keçdiyi əraziləri ələ keçirmək üçün Qarabağdan kənar ərazilərimizə hücum etdi, kəndlərimizi top atəşinə tutdu, təxribatçı dəstələr göndərərək bizi cavab atəşinə sövq etməyə çalışdı.

Məqsədi Azərbaycanı Ermənistan ərazisini atəşə tutdurmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz tərəfindən müharibəyə cəlb etmək idi.

Azərbaycan tərəfi bütün bu hiylə və təxribatlara uymadı, səbir və təmkin göstərdi.

Ermənistan edilən bütün xəbərdarlıqlara heç bir məhəl qoymur, daha da quduzlaşırdı.

Ali Baş Komandan cənab İlham Əliyev düşməni yerində oturtmaq üçün əks-hücum əmrini verdi.

Beləliklə, İkinci Qarabağ müharibəsi başladı!

Atəşkəs qüvvədə olduğu müddətdə dəfələrlə pozulub!

Ermənilər daim mülki əhalini hədəfə alıb, əkin-biçinlə məşğul olan Azərbaycan vətəndaşlarını yaralayıb, öldürüblər.

Atəşkəs dövründə erməni faşistləri 9 yaşlı ağdamlı Farizi, 13 yaşlı tovuzlu Aygünü də qətlə yetiriblər.

Xislətləri budur…

Aprel müharibəsində də belə oldu, atəşkəs pozuldu, atışma gücləndi və dörd gündən sonra hərbi əməliyyatlar dayandırıldı.

Sentyabrın 27-də də atəşkəs pozulmuş, təmas xəttinin bir neçə nöqtəsində silahlar dillənmişdi…

Prezident İlham Əliyevin Azərbaycan televiziyası ilə xalqa müraciətində isə biz artıq vətənin ərazi bütövlüyünün bərpası uğrunda yeni müharibənin başlandığını öyrəndik!

Bu, İkinci Qarabağ müharibəsi idi!

Ali Baş Komandan təmkinlə, inamla, qətiyyətli səslə Azərbaycanın mövqeyini bir daha xatırlatdı: «Biz öz torpaqlarımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpaqlarında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir».

Sonra hərbi əməliyyatların elə ilk günündə qazanılan uğurlara işarə etdi. Həm də böyük zəfərin anonsunu irəlicədən verdi: «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Müharibənin davam etdiyi müddətdə dövlət başçısı sistemli şəkildə xalqa müraciət etdi, döyüşlər, qazanılan qələbələr, azad olunan kənd, qəsəbə və şəhərlər barədə dəqiq məlumatlar verdi. Düşmənin itkilərini xatırlatdı!

Hər dəfə onun çıxışını həsrətlə, intizarla gözləyirdik!

Bilirdik ki, bizə daim şad xəbərlər verəcək, düşmənə endirilən sarsıdıcı zərbələrdən, geri qaytarılan yaşayış məntəqələrindən söhbət açacaq!

Xalqımızı da, Azərbaycanın dostlarını da sevindirəcəkdir!

Müharibənin son gününədək Prezidentimiz xoş xəbərlər müjdəçisi oldu!

Cənab İlham Əliyev təkcə xalqımızın istədiyini etmirdi, həm də  etdikləri barədə açıq danışaraq ürək sevindirən məlumatlar verirdi.

Bütövlükdə dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində üç mühüm istiqamətdə gərgin və yorulmaz fəaliyyət göstərdi.

Birincisi, hərb meydanında.

Cənab İlham Əliyev bu müharibəyə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı.

Əks-hücum əmrini verəndə artıq torpaqların işğaldan azad olunması zamanının yetişməsi qənaətinə gəlmişdi.

Adətən, müharibə zamanı ən çətin, ən məsuliyyətli, bəzən isə ən  riskli qərarları Ali Baş Komandan qəbul edir!

Çünki son söz sahibi odur!

Uğurun da, uğursuzluğun da ən böyük yükünü və məsuliyyətini məhz baş Sərkərdə daşıyır!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi əməliyyatlara qüsursuz, ən yüksək səviyyədə rəhbərlik etdi və onun bu məharəti son nəticədə möhtəşəm Zəfərdə öz əksini tapdı!

İkinci fəaliyyət sahəsi informasiya müharibəsi idi!

Müasir dövrdə informasiya müharibəsinin gedişi və nəticələri hərbi əməliyyatlara ciddi şəkildə təsir edir.

Dünya erməniliyinin, ATƏT-in Minsk qrupu sədrlərinin təmsil etdikləri ölkələrdəki güclü erməni diasporlarının mövcudluğu informasiya müharibəsində üstünlük qazanılmasının əhəmiyyətini qat-qat artırırdı.

Cənab İlham Əliyev informasiya müharibəsində təkbaşına çarpışdı.

Satılmış dünya KİV-I, telekanalları və informasiya agentliklərinin özlərini “prokuror” kimi aparan müxbirləri üzərində parlaq qələbə qazandı.

Onların qərəzli, qeyri-obyektiv tərəf tutan olduqlarını faktlarla özlərinə sübut etdi, feyk xəbərlərin yalan və uydurma olduğunu açıb göstərdi!

Üçüncü diplomatiya sahəsi idi.

Biz diplomatiya müharibəsinin detallarını gözlərimizlə görə bilmirdik, yalnız Prezidentimizin üstüörtülü şəkildə söylədiklərindən hadisələrin gedişi barədə xəbər tuturduq.

Bilirdik ki, Ermənistanın baş naziri Paşinyanın yalamadığı daban, zəng edib yalvarmadığı dövlət başçısı qalmayıb.

Lakin cənab İlham Əliyev bütün bu xahiş, hətta təzyiq cəhdləri qarşılığında bircə tələb irəli sürüb:

- Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə qrafik təqdim olunmayana qədər hərbi əməliyyatlar dayandırılmayacaqdır!

Məhz Müzəffər Ali Baş Komandanın dediyi kimi də oldu!

Beləliklə, üç cəbhənin üçündə də cənab İlham Əliyev qalib gəldi!

***

Sentyabrın 27-də Azərbaycanın başladığı müharibə təkcə haqq işi, ədalət uğrunda başlanan müharibə deyildi!

Bu müharibə həm də dünya müharibələri tarixində yeni bir müharibə, XXI əsrin ən yeni müharibəsi kimi qiymətləndirilən müharibə oldu!

Bu müharibə pilotsuz uçuş aparatlarının həlledici rol aldığı, ən müasir silahlarla ən dəqiq zərbələr endirildiyi bir müharibə idi!

Bu müharibədə düşmən siçan kimi girməyə deşik axtarırdı, lakin onu tapanda belə ölümdən yaxa qurtara bilmirdi: nə səngərdə, nə zirehli texnikalarda, nə də beton bunkerlərdə!

Bu müharibə bütün dünya üçün nümunəyə çevrilən, hətta dünyanın ən güclü orduya malik dövlətlərinin belə hərbi əməliyyatlarda tətbiq edilən yeni taktika və strategiyanın öyrənildiyi və özlərində tətbiqi üçün hərbi islahatlara rəvac verən müharibə oldu!

Bu müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli hazırlığının, hərbi sahədəki uzaqgörənliyinin təsdiqinə çevrilən yeniliklərin, zəfərə çatdıran möcüzəli qələbələrin yekunu, ikili standartların, səmərəsiz qətnamə və qərarların, mənasız danışıqların məğlub edildiyi, ikiəsrlik Qarabağ münaqişəsinə qələbə ilə son qoyulduğu müharibə oldu!

Bu müharibə həm də qalib millət adına Azərbaycan xalqının, məğlubedilməz ordu tituluna Azərbaycan Ordusunun layiq olduğunu bütün dünyaya sübut etdi!

***

Xalqımız Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Azərbaycan Ordusuna veriləcək "İrəli!" əmrini uzun müddət, həm də səbirsizliklə gözləmişdi!

Xalq müqəddəs amal uğrunda müharibənin başlanmasını, azğın düşməndən viran qoyulmuş kənd və şəhərlərin, yaşayış məskənlərinin, məscid və tarixi abidələrin qisasının alınacağı günü qəzəblə, hiddətlə gözləmişdi!

Öz Prezidentinə inanaraq gözləmişdi!

Ali Baş Komandanına güvənərək gözləmişdi!

Nəhayət, uzun illər boyu gözlənilən gün gəlib çatdı!

"İrəli!" əmri ilə Azərbaycan Ordusu yayından çıxmış ox kimi şığıdı!

Düşmənin gözünün oxuna, ürəyinin xəncərinə çevrildi!

44 gün ərzində zəfər hücumunu bir an da olsun belə dayandırmadı!

44 gün ərzində bir qarış belə geri çəkilmədi!

Yalnız irəli, irəli getdi!

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın bütün əmrlərini rəşadətlə, qəhrəmanlıqla yerinə yetirdi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqın etimadını doğruldaraq işğal edilmiş torpaqları qaytaracağı barədəki vədini şərəflə yerinə yetirdi!

Düyünlənmiş yumruq düşmənin başında dəmirə çevrildi, onun başını əzdi, belini qırdı, diz üstə çökdürdü!

Qəhrəman millətin, qəhrəman əsgər və zabitlərin, qalib xalqın kim olduğunu bütün dünya çox qısa bir müddətdə gördü və bildi!

27 sentyabrda hünər müharibəsi başladı!

Qeyrət müharibəsi başladı!

Şərəf müharibəsi başladı!

Zəfər müharibəsi başladı!

Qəhrəmanlıq müharibəsi başladı!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə bu müharibə qeyrətlə, hünərlə, şərəflə, zəfərlə və qəhrəmanlıqla başa çatdı!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video