Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya" mövzusunda panel sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallığın Parlamentinin partlayıcı sursatların təsirləri üzrə xüsusi məsləhətçisi Naycel Ellveyin moderatorluğu ilə keçirilən panel müzakirələrdə "Marshall Legacy Institute"un icraçı direktoru Eliz Bekkerin, Türkiyə Milli Müdafiə Nazirliyinin Minalarla Mübarizə Mərkəzinin şöbə müdiri Fatih Yelin, APOPO-nun proqramlar üzrə rəhbəri Maykl Haymanın, Cenevrə Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Standartlar və Əməliyyatlar üzrə proqram meneceri Stanislav Damyanoviçin, Koreya Mina ilə Mübarizə Texnologiyaları Assosiasiyasının baş katibi Çon Te-Sonun çıxışları dinlənilib.
Panel sessiyada humanitar minatəmizləmə fəaliyyətinin daha təhlükəsiz, effektiv və innovativ şəkildə həyata keçirilməsində texnologiyanın və beynəlxalq əməkdaşlığın rolu müzakirə olunub. Həmçinin institusional inkişaf və beynəlxalq təcrübə mübadiləsi vasitəsilə milli minatəmizləmə potensialının gücləndirilməsi, humanitar minatəmizləmə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyaların tətbiqi mövzularında fikir mübadiləsi aparılıb. Müzakirələrdə texnoloji innovasiyaların yalnız əməliyyatların səmərəliliyini deyil, həm də minaaxtaranların təhlükəsizliyini artırması, eləcə də texnologiya, təhlükəsizlik və humanitar məqsədlər arasında balanslı və əlaqələndirilmiş yanaşmanın formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, innovativ texnologiyaların tətbiqi əməliyyatların daha təhlükəsiz və effektiv həyata keçirilməsinə imkan yaradır. İnnovasiya yalnız texniki yenilik deyil, yeni yanaşmadır. Texnologiyanın əməliyyatların planlaşdırılması, məlumatların toplanması və təhlili, ərazilərin qiymətləndirilməsi və keyfiyyət təminatı proseslərinə inteqrasiyası mühüm əhəmiyyət daşıyır. Milli potensialın gücləndirilməsi texnologiyanın səmərəli tətbiqi üçün vacibdir. Bunun üçün mütəxəssislərin hazırlanması, institusional imkanların inkişaf etdirilməsi və texniki biliklərin artırılması zəruridir.
Çıxışlar zamanı innovativ həllərin tətbiqinin davamlı maliyyələşdirmə tələb etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, beynəlxalq donorların və investorların dəstəyi yeni texnologiyaların hazırlanması və minatəmizləmə fəaliyyətinə inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.