"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki ölkə arasında münasibətlərin yeni bir səhifəsini açır. Məlumdur ki, keçən ilin iyul ayında ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamə ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığının inkişafına geniş imkan yaratmışdı. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan birgə bəyanatı isə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə xidmət edir.
Birgə bəyanatın bəndlərindən birində tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.
Əslində, Azərbaycan-Çin enerji əməkdaşlığı xeyli əvvəl başlanıb. Həmin istiqamətdə görülən işlər sırasında "yaşıl enerji"nin xüsusi önəmi var. Bu, cari il yanvarın 20-də dövlətimizin başçısının Davosda Çinin CGTN telekanalına müsahibəsində də vurğulanmışdı.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Energetika Nazirliyinin məlumatına görə, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş-elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş-elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək-elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.
Ölkəmizdə 100 MVt gücündə "Qobustan" günəş-elektrik stansiyası layihəsi icra ediləcək. Bununla bağlı Azərbaycan hökuməti və "Universal Solar Azerbaijan" MMC arasında İnvestisiya Müqaviləsini Energetika Nazirliyi və "Universal Solar Azerbaijan" imzalayıb. İnvestisiya Müqaviləsi Qobustan rayonunda günəş-elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsilə müəyyənləşdirilib.
Növbəti müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu, Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co. Ltd." şirkəti arasında Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqaviləsidir. Burada mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək-elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.
Digər bir sənəd Energetika Nazirliyi, "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC arasında imzalanıb. Belə ki, Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək. Burada "China Datang Overseas Investment Co. Ltd" şirkəti əsas investor kimi çıxış edəcək.
Həmçinin Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və obyektdə illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.
Layihənin həyata keçirilməsi üçün xüsusi layihə şirkətinin və rəhbər komitənin yaradılması nəzərdə tutulur. Sənəddə layihənin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi, istismarı və texniki xidməti kimi istiqamətlər əks olunub. Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması, müvafiq icazələrin verilməsi və yerli resurslardan istifadə olunmasına dəstək göstərməsi planlaşdırılır. Layihə həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir.
Energetika Nazirliyi, "SOCAR Green", "China Datang Overseas Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək. Layihənin inkişafı məqsədilə rəhbər komitə və İşçi Qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi dəstək göstərəcək.
"Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. Birinci mərhələdə bərpaolunan enerji mənbələri üzrə tələbatın qiymətləndirilməsi, növbəti mərhələdə isə müəyyən edilmiş güclərin ötürücü şəbəkəyə inteqrasiyasının tədqiqi həyata keçiriləcək.
Flora SADIQLI,
"Azərbaycan"