Korrupsiya halları ilə bağlı müraciət və şikayətlərin qəbul edilməsi məqsədilə ötən ilin mart ayından Azərbaycan Respublikasının Baş Prokurorluğunda xüsusi "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılmışdır. "Qaynar xətt" vasitəsi ilə vətəndaşlara istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya halları barədə şikayət etmək imkanı yaradılmışdır.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən AzərTAc-a bildirmişlər ki, cari il yanvarın 1-dən 31-dək "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzinə 226 müraciət daxil olmuşdur.
Şikayətlər əsasən süründürməçilik, vətəndaşlardan qanunsuz pul tələb olunması, dövlət orqanları tərəfindən ərizə və müraciətlərə baxılmasının gecikdirilməsi və digər qanunsuz hallarla bağlı olmuşdur.
Korrupsiya ilə əlaqədar daxil olmuş müraciətlərdən 61-i Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rayon əhalinin sosial müdafiə mərkəzlərinə və zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə, 40-ı daxili işlər orqanlarına, 19-u səhiyyəyə, 18-i yerli icra hakimiyyəti orqanlarına, 12-si bələdiyyələrin fəaliyyətinə, 10-u təhsil və digər sahələrə aiddir.
Hazırda həmin müraciətlərdən 28-i üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır.
Müraciətlərdən 165-i "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə araşdırılması üçün müvafiq nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarına, 33-ü nəzarətə götürülməklə, tədbirlər görülməsi üçün aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilmişdir.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi gələcəkdə də "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə qanunla nəzərdə tutulmuş zəruri tədbirlər görəcəkdir.