O, soyqırımı ittihamı ilə Haaqada ömürlük həbs cəzası çəkirdi
Bosniya serb ordusunun soyqırımında ittiham olunan keçmiş baş qərargah rəisi Ratko Mladiç Haaqada BMT-nin saxlanma mərkəzində ölüb. Bu barədə Serbiyanın RTS televiziya kanalı məlumat yayıb.
84 yaşlı Mladiç ömürlük həbs cəzası çəkirdi. Aprel ayında vəkilləri onun səhhətinin pisləşməsini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün ərizə vermişlər. Serbiyanın ədliyyə naziri Nenad Vujiç də Mladiçin azadlığa buraxılmasını istəyib. Mladiç 2 il həbsxana xəstəxanasında çarpayıda və əlil arabasında olub. Vəkillərinin sözlərinə görə, oğlu Darko ilə videozəng zamanı Mladiçin səhhəti daha da pisləşib.
Ratko Mladiç 1992-ci ildən 1995-ci ilə qədər Serb Respublikası ordusunun baş qərargah rəisi olub. 2011-ci ilin mayında o, Serbiyada saxlanılıb və hakimiyyət orqanları tərəfindən Haaqaya ekstradisiya olunub. 2017-ci il noyabrın 22-də Haaqa Tribunalı onu 1992-1995-ci illər Bosniya və Herseqovina Vətəndaş müharibəsi zamanı törətdiyi müharibə cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum edib.
1995-ci ildə onun komandanlığı altında serb ordusu Srebrenitsada təxminən 8000 Bosniya müsəlmanını qətlə yetirib. Bundan sonra Mladiçə "Bosniya qəssabı" ləqəbi verilib.
Bundan əlavə, Mladiç Sarayevonun 1992-ci ilin aprelindən 1996-cı ilin fevral ayının sonuna qədər davam edən mühasirəsi zamanı mülki şəxsləri öldürməkdə ittiham olunurdu. 2010-cu ildə isə Mladiçin gündəlikləri aşkar edilib və "Repubblica" qəzetinin məlumatına görə, o, əsas işinin müsəlman əhalisindən qurtulmaq olduğunu yazıbmış.
Tribunal onu soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"