ABŞ və İran bir neçə saat ərzində razılaşmanı yekunlaşdıra bilər. Peyk televiziya kanalı "Əl-Ərəbiyyə"nin diplomatik mənbələrinə istinadən verdiyi eksklüziv məlumata görə, tərəflər Pakistanın vasitəçiliyi ilə kompromis sənəd üzərində fəal şəkildə işləyirlər.
Məlumatda bildirilir ki əsas Həcc mərasimləri 25-29 may tarixləri arasında baş verdiyindən İslamabadda danışıqlar prosesinin 2026-cı il iyunun əvvəlində başlaması gözlənilir. Bundan sonra Pakistan hər iki ölkədən diplomatik nümayəndəlikləri qəbul etməyə hazırdır.
"İran International" telekanalı Pakistan Ordusunun rəisi Asim Munirin rəsmi raund başlamazdan əvvəl Vaşinqton və Tehran arasında razılaşmanın son versiyasını şəxsən əlaqələndirdiyini təsdiqləyir. Beynəlxalq vasitəçilərin sözlərinə görə, paket razılaşma masadadır.
Razılaşma Hörmüz boğazında gəmiçiliyin açılmasını və ABŞ-nin iqtisadi sanksiyalarının qismən yumşaldılması müqabilində qarşılıqlı hücumların dayandırılmasını nəzərdə tutur. Danışıqlarda əsas maneə ABŞ-nin İranın artıq zənginləşdirilmiş uranın məcburi şəkildə çıxarılması ilə bağlı əks tələbidir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi münaqişənin başa çatdırılması ilə bağlı aparılan danışıqların yekun mərhələyə çatdığını hesab etdiyini bildirib.
“İran məsələsində artıq son mərhələdəyik. Görək nə baş verəcək. Ya razılıq əldə edəcəyik, ya da xoşagəlməz addımlar atacağıq. Ümid edirəm ki, sonuncu baş verməz”, - deyə Tramp vurğulayıb.
İran və ABŞ münaqişənin nizamlanması ilə bağlı Tehran tərəfindən təqdim olunan təklif əsasında mesaj mübadiləsini davam etdirir. Fars agentliyinin yaydığı məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
Bəqai bildirib ki, tərəflər arasında fikir mübadiləsi “İranın 14 bənddən ibarət təklif mətni əsasında” aparılır.
O, danışıqların detalları barədə əlavə məlumat verməyib.
Beynəlxalq xəbər agentliyi APA da qeyd edir ki, tərəflər yaydan əvvəl müvəqqəti razılaşmaları yekunlaşdırmağa tələsirlər. Pakistan Xarici İşlər Nazirliyi bütün protokollar üzrə razılığa gəldikdən dərhal sonra İslamabad, Amerika və İran nümayəndə heyətlərinin gəlişinin dəqiq tarixlərini açıqlayacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”