19 Mart 2024 09:15
981
Mədəniyyət
A- A+

Bir məktəbin tarixi

 

Qərbi Azərbaycan, Zəngəzur mahalı, Meğri rayonunun Aldərə kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası hələ XIX əsrin sonlarında Mirbağır ağa tərəfindən qoyulmuşdu. 
Mirbağır ağa yüksək dini təhsilli ziyalı kimi ətraf bölgələrdə də hörmət qazanmış el ağsaqqallarından idi. O, Təbriz və Nəcəf şəhərlərində dini təhsil almış qardaşı oğlu Mirhaşım ağa ilə birlikdə mədrəsədə şagirdlərə həm dini, həm də dünyəvi fənlərdən dərs verirdi.
1900-cü ildə Aldərə kəndində ilk dəfə rus-tatar məktəbi kəndin tanınmış bəylərindən olan Əsgər bəy Sərməstbəyovun təşəbbüsü ilə yaradıldı. Məktəb Mirhaşım ağaya məxsus evdə yerləşirdi. İlk ibtidai məktəbin yaradılması və fəaliyyət göstərməsi nəinki Aldərə kəndində, hətta ətraf kəndlərdə də təhsilin inkişafında yeni üfüqlər açdı. Məktəbdə, əsasən, varlıların və bəylərin uşaqları oxuyurdular. 1917-ci il oktyabr hadisələri zamanı müəllimlər öz vətənlərinə qayıtdığından məktəb fəaliyyətini dayandırdı.
1918-ci ildə 2 min nəfər azərbaycanlılardan ibarət əhalisi olan Aldərə kəndi erməni təcavüzünə məruz qalmış və onun sakinləri deportasiya olunmuşlar. 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1922-ci ildən 1924-ci ilə qədər tarixi-etnik torpaqlarına qayıda bilmişlər. 1926-cı ildən etibarən Aldərə kəndində - Əli bəy Sərməstbəyovun evində ibtidai məktəbin fəaliyyəti yenidən bərpa edilmişdir. Məktəb 1928-ci ildən yeddillik, 1930-cu ildən isə tam orta  məktəb kimi fəaliyyət göstərmişdir. 
1939-cu ildə kənddə ilk məktəb binası tikilir, 1940-cı ildə isə Aldərə kənd məktəbində əlamətdar hadisə baş verir. Belə ki, onillik məktəbin ilk buraxılışı olur. Meğri rayonunun ərazisində ilk dəfə Azərbaycan dilində onuncu sinfi 23 nəfər bitirir. Təəssüf ki, aldərəlilərin sevinci  uzun çəkmir. Böyük Vətən müharibəsinin başlanması, müəllimlərin müharibəyə getməsi  ilə əlaqədar olaraq çətinliklər yaranır. Səkkizilliyi və onilliyi bitirən savadlı gənclər özlərindən aşağı siniflərdə dərs deməklə məktəbdə tədrisin dayanmasına imkan vermirlər.
Beləliklə, 1967-ci ilə qədər Meğri rayonunda yeganə azərbaycanlı onillik məktəb Aldərə kəndində olmuşdur. Rayonun azərbaycanlılar yaşayan bütün kəndlərindən, hətta Zəngilan rayonundan gələn gənclər Aldərə kənd məktəbinin nəzdində hər cür şəraitlə təmin olunmuş  internatda qalmaqla, təhsillərini davam etdirmişlər. 1988-ci ilin sonuna kimi internat fəaliyyətini davam etdirmişdir.
1942-ci ilə qədər Aldərə kənd məktəbində Səfərəli Məhərrəmov, Əli Mahmudov, Firudin Quliyev, Cəbrayıl Əsədov, Qəşəm Yaqubov, Əkbər Cəlilov müəyyən fasilələrlə direktor işləmişlər. Məktəbə 1942-1947-ci illər Hüseyn Səfərov, 1947-1955-ci illər Həsənqulu Hacıyev, 1955-ci ildən 1988-ci il noyabr ayının sonuna kimi Səfər-əli İbrahimov rəhbərlik etmişlər. İkinci məktəb binası 1955-ci, Abbas Bağırovun təşəbbüsü ilə əsası qoyulan ikimərtəbəli üç korpusdan ibarət üçüncü məktəb binası isə 1979-cu ildə istifadəyə verilmişdir.
1975-79-cu illərdə Aldərə məktəbində 15 sinifdə 350 şagirdin təlim-tərbiyəsi ilə 25-30 müəllim məşğul olmuşdur. Onlardan Həsənqulu Hacıyev, Həsən Məmmədov, Səfərəli İbrahimov, Bağır İbrahimov Əməkdar müəllim fəxri adına layiq görülmüşlər. Məktəbin məzunlarından 37 şagird isə təhsillərini qızıl medalla qurtarmışlar. 1963-cü ildə məktəbi bitirən 13 məzundan 12-si ali məktəbə qəbul olmuş, 4-ü qızıl, 3-ü isə gümüş medal almışdır. Qızıl medala layiq görülənlərdən biri  şair-dramaturq, görkəmli ictimai xadim Hidayət Orucovdur. 
Aldərə kənd orta məktəbi 1957-ci ildən xalq şairi S.Vurğunun adını daşıyıb. 1986-cı il sentyabrın 25-də məktəbin önündə şairin büstünün açılışında bir sıra tanınmış şair və yazıçılarla yanaşı, şairin oğlu Yusif Səmədoğlu və qızı Aybəniz Vəkilova da iştirak etmişlər. Aldərə kənd məktəbi fəaliyyətini 1988-ci ilin sonuna qədər davam etdirmişdir.
Əlbəttə, əldə edilən bu uğurlarda Aldərə kənd məktəbinin pedaqoji kollektivinin  əməyi danılmazdır. Həsənqulu Hacıyev, Abasqulu Quliyev, Səfərəli İbrahimov, Həsən Məmmədov, Bağır İbrahimov, Əli Qasımov, Əbdüləli Məmmədov, Qərib Hüseynov, İman Məmmədov, Şirindil Qasımov, Ənvər Vəliyev, Qulu Mahmudov, Rüstəm Cəfərov, Zaman Məmmədov, Zaman Fərəcov, Kərim Kərimov, Rəsul Yusifov, Zakir Quliyev, Səfərəli Məmmədov və Hənifə İbrahimova kimi müəllimlərimizin adını qürur hissi ilə qeyd edə bilərik.
Pedaqoji kollektivdən bəziləri o vaxtlar Naxçıvan və İrəvan Pedaqoji İnstitutunu, əksəriyyəti isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişlər.
Hazırda Aldərə alimlərinin yazdıqları elmi məqalələr və monoqrafiyalar dünyanın bir çox aparıcı jurnallarında çap olunur. Kəndin ziyalıları təkcə elm, təhsil sahəsində deyil, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində də fəal iştirak etmiş, igid oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - I və II Qarabağ müharibələrində qəhrəmanlıq göstərmişlər.
2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışındakı çıxışında demişdir: "Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar". Bütün qərbi azərbaycanlılar kimi, Aldərə kəndi və onun vətənpərvər insanları həmin günü səbirsizliklə gözləyirlər.

Nanə YAVƏRQIZI,
Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video