- Yeni aldığım elektrik sobasının qapısı kip bağlanmır. Həmin məhsuldan qalmadığı üçün dəyişmək mümkün olmadı. Geri qaytarmaq istəyəndə isə satıcı dedi ki, "endirimli mal geri qaytarılmır". Hadisə eyni gündə baş verib. Bu, qanunidirmi?
Şəbrin FEYZİYEVA,
Xırdalan şəhəri
- Sualınızda qaldırılan məsələnin hüquqi həlli əsas etibarilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Əvvəla, nəzərə almaq lazımdır ki, malda qüsurun olub-olmamasından asılı olmayaraq, adıçəkilən qanunun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadəsi mümkün deyilsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.
Qüsurlu malla bağlı isə aşağıdakılar qeyd olunmalıdır:
Aldığınız elektrik sobasının qapısının kip bağlanmaması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun prizmasından mühüm qüsur hesab olunmaqdadır. Belə ki, qanunun 1-ci maddəsinə əsasən, maldan onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün edən hal mühüm qüsur sayılmaqdadır. Elektrik sobasının qapısının bağlanmaması da mühüm qüsur olaraq xarakterizə edilməlidir, çünki bu halda avadanlığın istifadəsindən istənilən nəticə əldə oluna bilməz.
Həmin qanunun 7-ci maddəsi və Mülki Məcəllənin 623, 624-cü maddələrinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur aşkar edərsə, öz istəyinə görə satıcıdan qüsurlu malı lazımi keyfiyyətli malla dəyişdirilməsini tələb edə bilər. Satıcı isə öz növbəsində qeyd-şərtsiz istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə, istehlakçının tələbini yerinə yetirməyə borcludur. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Bununla bərabər, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlənmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Sizin halınızda endirimli malların geri qaytarılmaması məsələsinə gəldikdə isə, qanunvericiliklə satıcılara belə bir imtiyazlı hüquq verilməmişdir və həmin satıcının bu iddasının hüquqi əsası yoxdur.
Tələbiniz satıcı tərəfindən yerinə yetirilməzsə, bu zaman siz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "195-1-4" qaynar xəttinə müraciət edə bilərsiniz. Agentliyin ixtisaslaşdırılmış strukturları bu məsələdə sizə zəruri kömək göstərəcəkdir. Əgər satıcı tərəfindən agentliyin tələbi (istehlakçının qüsurlu malının dəyişdirilməsi üzrə qərarı) yerinə yetirilməsə, İnzibati Xətalar Məcəlləsinin 544-cü maddəsinə əsasən, satıcını 4000 min manatdan 5000 manatadək cərimə gözləyir.
- Bacım iki aya yaxındır ki, vəfat edib, amma onun üçün dəfn müavinəti verilmədi. Bilmək istəyirəm dəfn müavinəti kimlər üçün nəzərdə tutulub, məbləği nə qədərdir və verilməli olduğu halda ailə üzvlərindən kim ala bilər?
Kamil PƏNAHOV,
Sumqayıt şəhəri
- Vəfat edən şəxslərə birdəfəlik dəfn müavinətinin verilməsi məsələsi əsas etibarilə Azərbaycan Respublikasının "Sosial müavinətlər haqqında" qanunu, "Əmək pensiyaları haqqında" qanunu və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 saylı fərmanı ilə tənzimlənir. "Sosial müavinətlər haqqında" qanuna əsasən, dəfn üçün müavinətin formalaşma mənbəyini vəfat edən şəxsin işlədiyi dövrdə onunla bağlı işəgötürən (fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxsin özü barəsində özü) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta vəsaiti təşkil edir. Daha dəqiq desək, dəfn müavinəti almaq üçün vəfat etmiş şəxs "Sosial müavinətlər haqqında" qanunun 7.0.13-cü maddəsi ilə vaxtilə dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət və ya "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs kateqoriyalarından birinə aid olan şəxs olmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, "Əmək pensiyaları haqqında" qanunun 42-ci maddəsinə görə, əmək pensiyaçısı vəfat etdikdə, həmin şəxslərə də dəfn üçün müavinətin verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, vəfat edən əmək pensiyaçısının ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əgər vəfat edən şəxs əmək pensiyaçısı deyildirsə, bununla belə o, "Sosial müavinətlər haqqında" qanunun 7.0.13-cü maddəsinin təsiri altına düşürsə, onun ailə üzvlərinə ödəniləcək dəfn üçün müavinətin məbləği yuxarıda qeyd olunduğu kimi, dövlət başçısının fərmanı ilə 500 manat təşkil edir. Hər bir halda müavinət vəfat edənin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Ödənişin həyata keçirilməsi DOST mərkəzləri tərəfindən təmin edilir.
Beləliklə, əgər bacınızın vəfatı ilə bağlı dəfn üçün mavinət ödənilməmişdirsə, böyük ehtimalla, o, barəsində məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilmiş şəxslər kateqoriyasına daxil deyilmiş. İstənilən halda məsələnin dəqiq həlli ilə əlaqədar barəsində müavinət təyin olunacaq şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, müavinətin alınması üçün Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı ilə DOST mərkəzlərinə və ya bacınızın qeydiyyatda olduğu yer üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə yaxınlaşmağınız tövsiyə olunur.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü