19 Mart 2024 09:20
1008
Mədəniyyət
A- A+

Bərdə türbəsi

 

Bu tarixi şəhəri dahi şair Nizami Gəncəvi 1200-1203-cü illər arasında yazdığı, beşinci və sonuncu poemasında - "İskəndərnamədə" belə tərif edirdi:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
İyulda dağlara lalələr səpər,
Qışını baharın nəsimi öpər.

Bərdə həmin ölməz əsər yazılana qədər də məşhur və tarixi zəngin  şəhərlərdən biri idi. Mənbələrə əsaslanan araşdırıcılar bu şəhərin eramızdan əvvəl 4-5-ci əsrlərdən inkişaf etdiyini qeyd ediblər. 1500 il əvvəl Bərdə Qafqazın ən böyük şəhərindən biri sayılırdı. Tədqiqatçılar bu şəhərin Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edildiyini bildiriblər. Bərdə Qəbələ şəhərindən sonra Azərbaycanın (Qafqaz Albaniyasının) ikinci paytaxtı olub. 
Tədqiqatlara görə, Bərdədə qədim alban tayfaları məskunlaşmışlar. Şəhərin xarabalıqları altından aşkarlanan ayrı-ayrı əsrlərə aid sənətkarlıq nümunələri,  evlərin, ocaq yerlərinin, quyuların, təndirlərin qalıqları da onun qədimliyini göstərir. 
Məlumata görə, VII-IX əsrlərdə Bərdənin ətrafına çəkilmiş möhkəm və möhtəşəm qala divarları şəhərin əhalisini ciddi təhlükələrdən qoruyubdu. Qala divarlarının dəmirdən böyük darvazaları olub.
IX-XII yüzilliklər Bərdənin ən çox inkişaf etdiyi dövrlərindən sayılır. Tədqiqatçılar həmin əsrlərdə bu şəhərin Azərbaycanın həm inzibati və dini, həm də iqtisadi mərkəzinə çevrildiyini qeyd ediblər. O da məlumdur ki, bir sıra səbəblərdən dəfələrlə yerini dəyişməli olmuş Bərdə sakinləri XII-XIII əsrlərdən sonra hazırda yerləşdiyi ərazidə məskunlaşıblar.
Bərdədə XIV əsrdə tikilmiş iki qülləvari türbədən biri indiyədək qalır. Azərbaycan tarixinin, mədəni irsinin zənginliyinin nümunələrindən olan bu abidə Nüşabə qalası, Bərdə türbəsi və "Allah-Allah" türbəsi adları ilə də tanınır. Türbə 1322-ci ildə inşa olunub. Yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə abidəsidir. Türbənin ətrafında daha qədim tarixə malik Torpaqqala adlı müdafiə divarları qalmaqdadır.
Tədqiqatçılar bu türbəyə  XIX əsrdən maraq göstəriblər. Məşhur şərqşünas Xanıkov 1848-ci ildə Bərdəyə gələrkən  abidənin üzərindəki kitabələri oxuyub. 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən həmin kitabələr və Bərdə türbəsinin təsviri nəşr edilib.
Kitabədə "Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani" yazılıb. Tədqiqatçılar qeyd ediblər ki, Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə möhtəşəm binalar inşa etmək üçün başqa şəhərlərə də dəvət olunduqlarını göstərir. Eyni zamanda bu məlumat Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyir. Qeyd edək ki, XIV əsrin birinci yarısında Bərdədə inşa edilmiş bu türbə Qarabağlardakı türbənin ən yaxın oxşarı hesab edilir.
Son dərəcə qiymətli bir sənət nümunəsi kimi dəyərləndirilən Bərdə türbəsinin qorunmasına, təəssüf ki, uzun illər laqeyd yanaşılıb. Yalnız 1960-cı illərdə türbənin bərpasına başlanılıb. Ancaq bərpa işləri yanlış aparıldığından abidəyə böyük zərər vurulub. Nəticədə türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub.
2012-ci ildə Bərdə türbəsinin yenidən bərpasına başlanılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb, kaşılı kərpiclə üzlənib. Kitabələr Quranın Ayətül-kürsi surəsi və kufi əlifbası ilə bərpa edilib. Divardakı çatlar tam regenerasiya olunub. Türbədəki sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb, orada mərmər sənduqə quraşdırılıb və digər işlər həyata keçirilib. Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub.
Bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin sifarişilə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. Yenidənqurma işləri 2018-ci ildə tam başa çatdırılıb. Həmin il mart 25-də türbənin yenidən açılışı olub. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video