29 Mart 2024 08:35
270
SİYASƏT
A- A+

Bakı asan rəqib deyil

 

Qərb yeni "xaç yürüşü" ilə Azərbaycanın mövqelərini zəiflətməyin, iradəsini sarsıtmağın mümkünsüz olduğunu unudur

 

"Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərbin davamlı şəkildə Azərbaycan və Ermənistanı sülhə, ticari və iqtisadi əlaqələrin, habelə kommunikasiya xətlərinin bərpasına, Azərbaycan və erməni xalqlarını isə etimad quruculuğuna təşviq etməsinə şahid olurduq. Vətən müharibəsi və antiterror tədbirlərində zəfərimizdən sonra isə 30 il etimad quruculuğundan danışan Qərbin sülh qarşısında açıq formada maneəyə çevrildiyini görməkdəyik". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, bu, Vətən müharibəsinə qədər Qərbin sülh anlayışının mahiyyətcə Azərbaycanı işğal və təcavüzlə, o cümlədən ərazi itkiləri ilə barışmaqda cəhdləri olduğunu açıq formada göstərir. Yəni münaqişəni həll etmək üçün vasitəçi kimi öhdəlik götürmüş, daha doğrusu, bu missiya ilə pərdələnmiş beynəlxalq subyektlər, əslində, münaqişənin davamlılığına çalışırmış. Bunun isə çox sadə səbəbi var, Qərb imperializmi Cənubi Qafqazda maraqlarını "parçala və hökm sür" siyasəti üzərində qurur. Daha dəqiq desək, ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığına özlərinin Cənubi Qafqazda maraqlarının təmini üsulu kimi baxıblar. Lakin Azərbaycanın 3 il ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi vəziyyəti köklü şəkildə dəyişdi. Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında Prezident İlham Əliyevin də dediyi kimi: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı".
Deputat qeyd edib ki, Azərbaycan qələbəsi ilə, əslində, beynəlxalq hüququn normalarında əksini tapan ümumtanınmış prinsiplərin aliliyini təmin edib: "Lakin Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda başlanan qarayaxma kampaniyası göstərdi ki, Qərb üçün beynəlxalq hüquq sadəcə olaraq öz maraqlarını təmin etmək üçün alətdir. Əks halda Azərbaycanın özünün beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad, ərazilərində suveren haqlarını isə bərqərar etməsi bu cür süngü ilə qarşılanmazdı. Təsadüfi deyil ki, bu gün Qərb, ələlxüsus Fransa və orbitində olan təsisatlar artıq diskriminasiya siyasətini çəkinmədən həyata keçirirlər. Bu ayrı-seçkilik özünü bütün sahələrdə aydın formada göstərir. Məsələn, Ukraynaya ərazi bütövlüyünün bərpası naminə milyardlarla dollarlıq maliyyə yardımı göstərən, silah-sursat və müasir texnologiya verən dairələr, yaxud Gürcüstanın ərazi bütövlüyünə dair bəyanatlar səsləndirənlər Azərbaycanı özünün beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etməkdə günahlandırırlar. Yaxud Rusiya ilə ən cüzi təsadüfi əlaqələrinə görə ayrı-ayrı beynəlxalq subyektlər ittiham və sanksiyalarla üz-üzə qaldığı halda, Ermənistanın Rusiya ilə ticari dövriyyəsinin 90 faiz üzərində kəskin artımına Qərb susur. Bu artıq ikili standart, riyakarlıq və ayrı-seçkilik deməkdir. Cənab İlham Əliyevin ötən ay parlamentin kürsüsündən də ifadə etdiyi kimi, "açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük".
B.Məhərrəmov bildirib ki, Qərb bu diskriminasiya siyasəti və "xaç yürüşü" ilə Azərbaycanın mövqelərini zəiflətməyin, iradəsini sarsıtmağın mümkünsüz olduğunu unudur. İlk növbədə ona görə ki, Azərbaycan tam şəkildə siyasi və iqtisadi müstəqilliyinə nail olmuş hərbi-siyasi güc kimi özünü təsdiq edib. Bu mənada hər hansı iqtisadi və siyasi sanksiya ehtimalı Qərbin özünün Cənubi Qafqazdakı mövcud mövqeyinin zəiflədilməsindən başqa bir işə yaramayacaq. İkincisi, Azərbaycanın Avropa ilə ticari əlaqələri daha çox Qərbin özü üçün strateji əhəmiyyət daşıyır. Daha dəqiq desək, Azərbaycan bu gün NATO-nun 6 üzvü də daxil, Avropanın 8 dövlətinin enerji təhlükəsizliyində əhəmiyyətli rola sahibdir. Üstəlik, bu əlaqələr yalnız qaz təchizatı ilə kifayətlənmir və artıq texniki əsaslandırılması hazırlanmaqda olan alternativ enerji layihələri vasitəsilə Azərbaycan Avropanın elektrik enerjisinə olan tələbatının ödənməsində əhəmiyyətli rola sahib olacaq. Bundan başqa, Avropadan Şərqə doğru əsas və yeganə təhlükəsiz tranzit - Orta dəhlizin ən vacib həlqələrindən biri Azərbaycandır. Belə bir məqamda Qərb istəsə də, istəməsə də, Rusiya və İran arasında seçim fonunda Azərbaycana üz tutmağa məhkumdur. Ən əsası isə cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Qərbin özündə Azərbaycana ciddi strateji müttəfiqliklər qazandırıb. Bu mənada Bakı asan rəqib deyil və qarşı dairələr də bunu çox gözəl başa düşürlər. Təsadüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilmədi və Ermənistana dəstəyi yalnız siyasi bəyanatlar, vədlərlə verməli oldu.
Deputat vurğulayıb ki,  Qərb bu reallığın fərqindədir və Prezident İlham Əliyevin də dediyi kimi, biz İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik: "Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir". Təsadüfi deyil ki, hazırda Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında İrəvanın təhlükəsizliyinə zəmanət adı altında təcavüzkar mahiyyət daşıyan yeni bir ssenarinin reallaşdırılmasına çalışılır. Azərbaycan və Ermənistanın heç vaxt olmadığı qədər sülhə yaxınlaşdığı bir zamanda bu kimi addımlar bölgəyə yaxşı heç nə vəd etmir. Lakin dəyişməyən bir reallıq var ki, beynəlxalq hüquqa selektiv yanaşan dairələr bu kimi gedişlərlə Azərbaycanı çətin duruma sala bilməzlər. Cənab İlham Əliyevin prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatındaca ifadə etdiyi kimi, "bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək".
Deputat qeyd edib ki, Azərbaycanla aralarında ayırıcı xətlər qoyan, ayrı-seçkiliklə ehtiva olunan ksenofob davranışlar sərgiləyən bir qütbə özümüzü israrla qəbul etdirmək niyyətində deyilik. Dövlət başçımızın dediyi kimi: "Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!" Yəni daha konkret desək, proseslərin bu cür axarı Fransanın ardınca digər analoji riyakar və regionda situasiyaya qeyri-adekvat münasibət sərgiləyən subyektlərin də Cənubi Qafqazdakı mövqelərini itirməsi ilə nəticələnə bilər.

Ə.QABİLQIZI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video