Prezident İlham Əliyevin sədrliyi ilə
sentyabrın 22-də keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə
dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət
Proqramı”na həsr olunmuş müşavirə ölkəmizin qarşıdakı illər üçün iqtisadi və sənaye
siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirdi.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı
ölkəmizin zəngin təbii resurslarından səmərəli istifadə olunması, qeyri-neft
sektorunun inkişafı və yeni, müasir sənaye sahələrinin yaradılması baxımından
mühüm əhəmiyyət daşıyır.
Proqramın əsas hədəflərindən biri filiz
hasilatından başlayaraq zənginləşdirmə, emal və son məhsul istehsalına qədər
tam istehsal zəncirinin yaradılmasıdır. Bu yanaşma ölkə daxilində əlavə dəyərin
artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və beş mindən çox yeni
daimi iş yerinin yaradılmasına şərait yaradacaq.
Bu proses Qarabağ və Şərqi Zəngəzurun bərpası
və Böyük Qayıdış strategiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. İşğaldan
azad edilmiş ərazilərdə mövcud mineral resursların iqtisadi dövriyyəyə cəlb
edilməsi həmin ərazilərin həm də müasir sənaye və iqtisadi inkişaf mərkəzlərinə
çevrilməsinə töhfə verəcək.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında
geoloji kəşfiyyat işlərinin genişləndirilməsi Azərbaycanın mineral
resurslarının daha dərindən öyrənilməsi baxımından yeni imkanlar yaradacaq.
Müasir texnologiyaların tətbiqi əvvəllər tam tədqiq edilməmiş yataqların müəyyənləşdirilməsinə
və ölkəmizin gələcək sənaye inkişafı üçün yeni resurs bazasının
formalaşdırılmasına şərait yaradacaq.
Dövlət Proqramında metallurgiya sənayesinin
inkişafına da xüsusi yer ayrılması ölkəmizin sənaye potensialının şaxələndirilməsi
baxımından əhəmiyyətlidir. Alüminium istehsalının 2030-cu ilin sonunadək 100
min tona çatdırılması ilə bağlı hədəf bu istiqamətdə qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Metallurgiya sənayesinin inkişafı Azərbaycanın idxaldan asılılığının
azaldılması, yerli istehsalın genişləndirilməsi, ixrac imkanlarının artırılması
və yeni texnoloji sahələrin formalaşdırılması baxımından əlavə imkanlar
yaradacaq. Bu prosesdə həm dövlət müəssisələrinin, həm yerli sahibkarların, həm
də xarici investorların iştirakı üçün imkanların yaradılması mühüm əhəmiyyət
daşıyır. Azərbaycanın investisiya mühiti və həyata keçirilən sənaye siyasəti
ölkəmizi bu sahədə yeni layihələr üçün cəlbedici tərəfdaşa çevirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın təbii sərvətləri
uzunmüddətli inkişafın mühüm resursu kimi nəzərdən keçirilir. Dağ-mədən və
metallurgiya sənayesinin inkişafı nəticəsində yeni istehsal sahələrinin
yaradılması, minlərlə insanın daimi işlə təmin olunması, regionların iqtisadi fəallığının
yüksəldilməsi, ixrac potensialının genişləndirilməsi və dövlət büdcəsinə əlavə
gəlirlərin daxil olması gözlənilir. Ən mühüm məqamlardan biri isə bu prosesin
qeyri-neft sektorunun inkişafına yeni impuls verməsidir. Azərbaycan
iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi baxımından qeyri-neft sənayesinin
inkişafı strateji əhəmiyyət daşıyır.
Hesab edirəm ki, 2027–2030-cu illəri əhatə edən
Dövlət Proqramı Azərbaycanın zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında
və milli iqtisadi maraqlar nəzərə alınmaqla istifadəsinə, yeni sənaye dəyər zəncirlərinin
yaradılmasına və ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsinə
mühüm töhfə verəcək.
Fatma Yıldırım,
Milli Məclisin deputatı