Müasir mərhələdə rəqəmsal texnologiyalar ölkələrin əksər fəaliyyət sahələrinə siyarət edib. Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması, innovativ ekosistemin formalaşdırılması artıq inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan da bu reallığı nəzərə alaraq, rəqəmsal inkişafı prioritet istiqamət kimi müəyyənləşdirir və bu sahədə beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir.
Milli Məclisin deputatı Zaur Şükürov qəzetimizə açıqlamasında bildirib ki, bu yanaşma Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal
arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdə də aydın şəkildə öz əksini tapıb. Dövlət başçısı
qeyd edib ki, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmalıdır, bu sahədə görülən işlər vahid koordinasiya əsasında aparılmalı, dövlət qurumları arasında pərakəndəliyə yol verilməməli və konkret fəaliyyət planı qısa müddətdə hazırlanaraq icraya yönəldilməlidir. "Ölkə başçısı,eyni zamanda, Azərbaycanın
enerji potensialı, investisiya imkanları və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinin yeni rəqəmsal arxitekturanın qurulması üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb.
Son illər ölkəmizdə rəqəmsallaşma üzrə mühüm addımlar atılıb, dövlət xidmətlərinin elektronlaşdırılması genişlənib, texnoloji infrastruktur gücləndirilib. Qarşıdakı mərhələdə isə əsas məqsəd bu prosesi daha sistemli və koordinasiyalı şəkildə davam etdirməkdir. Bu baxımdan həm dövlət qurumlarında, həm də özəl sektorda rəqəmsal bacarıqların artırılması
xüsusi əhəmiyyət daşıyır. Özəl sektorun innovativ təşəbbüslərinin dəstəklənməsi rəqəmsal transformasiyanın əsas sütunlarından sayılır",- deyə o əlavə edib.
Deputat bildirib ki, texnologiya sahəsində erkən mərhələli layihələrin maliyyələşdirilməsi,
startapların kommersiyalaşma imkanlarının genişləndirilməsi və risklərin
azaldılması məqsədilə yeni mexanizmlərin tətbiqi vacibdir, həmçinin bu istiqamətdə
beynəlxalq tərəfdaşlıq mühüm rol oynayır. Kibertəhlükəsizlik və süni intellekt sahəsində
əməkdaşlıq xüsusilə aktualdır.
Fevral ayının 10-da ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış və ikitərəfli
münasibətlər tarixinin ən mühüm sənədlərindən olan Strateji Tərəfdaşlıq Xartiyasında qarşılıqlı
maraq doğuran bir sıra sahələlərlə yanaşı, süni intellekt və yüksək texnologiyalar sahəsində əməkdaşlıq tərəfdaşlığın vacib istiqamətlərindən biri olaraq yer alıb. AI mərkəzlərinin yaradılması, birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik
və süni intellekt sahələrində sektorəsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin hazırlanması ilə bağlı araşdırmalara başlanılması Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası ilə uzlaşır.
Z.Şükürov bildirib ki, qlobal miqyasda artan rəqəmsal risklər fonunda qabaqcıl texnologiyalara çıxış və təcrübə mübadiləsi strateji əhəmiyyət daşıyır: ABŞ şirkətlərinin bu sahədəki lider mövqeyi və Azərbaycanın artan texnoloji potensialı qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə
arasında rəqəmsal iqtisadiyyat, innovasiya, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm hüquqi baza rolunu oynayır.
Bu sənəd əsasında qarşılıqlı maraqlara söykənən, innovasiya və texnoloji tərəqqini təşviq edən uzunmüddətli əməkdaşlıq modelini
iki ölkənin deyil, bütövlükdə regionun rəqəmsal gələcəyinə müsbət təsir göstərə
biləcək potensiala malikdir. Nəticə olaraq vurğulanmalıdır ki, Prezident cənab
İlham Əliyevin liderliyi ilə ölkə iqtisadiyyatının diversifikasiyası, maliyyə
dayanıqlılığının artırılması, enerji və nəqliyyat dəhlizlərininin inkişafı
istiqamətində əhəmiyyətli addımlar atılmaqla yanaşı, qlobal çağırışlarara cavab
verən rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm layihələr həyata
keçirilməkdədir ki, bu da öz növbəsində ümumilikdə rəqabət qabiliyyətli iqtisadiyyatın
inkişafına töhfə verəcək".
Əsmər QARDAŞXANOVA,
" Azərbaycan"