Latviya Seyminin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və üzvləri Fazil Mustafa və Sevil Mikayılova Riqa şəhərində səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Latviyanın səhiyyə naziri Hosams Abu Meri, kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın latviyalı həmsədri Armands Krauze, Seymin İctimai idarəçilik və yerli hakimiyyətlər Komitəsinin sədri Oleqs Burovs və Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüşlər keçiriblər.
Keçirilmiş görüşlərdə Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq münasibətlərin cari vəziyyəti və perspektivləri haqqında bəhs edilib. Bu əlaqələrin inkişafında parlamentlərin və dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd olunub, çoxtərəfli platformalarda ölkələrimiz arasında parlament xətti ilə qarşılıqlı dəstəyin həyata keçirilməsindən məmnunluq və hazırkı səfərin gələcək əməkdaşlıq üçün yeni imkanların açacağına inam ifadə olunub. Həmçinin hər iki ölkənin parlamentləri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirilməsinin önəmi qeyd olunub.
Qarşıdan gələn ikitərəfli səfərlərin və iki ölkə arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Görüşlərdə Azərbaycan və Latviya arasında ticarət, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahəsində əlaqələrin gücləndirilməsi üçün geniş potensialın olduğu bildirilib. Həmçinin Azərbaycanın və Latviyanın şəhərləri və bələdiyyələri arasında əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti tərəfindən latviyalı rəsmilərə Cənubi Qafqaz bölgəsindəki son vəziyyət, Azərbaycan-Ermənistanın normallaşma prosesi, habelə İran tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verilib və bu xüsusda Latviyanın ölkəmizlə həmrəyliyi Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.
Həmçinin cari ilin may ayında ölkəmizdə keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası barədə məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Latviyadakı səfirliyində olub və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyub.