31 Iyul 2022 00:54
882
CƏMİYYƏT

Azərbaycanda insan amilini yüksək tutan siyasət yürüdülür


Bu dünyada alınıb satılmayan, bağışlanması mümkün olmayan tək bir şey varsa, o da insan ömrü, insan sağlamlığıdır. Hər bir insanın öz sağlamlığının qayğısına qalması, onu qoruması ən vacib məsələlərdəndir. Elə bu səbəbdən də vətəndaşının daim arxasında duran dövlətimizin siyasətinin mərkəzində insanların sağlamlığı durur. Azərbaycan hökuməti bu istiqamətdə bütün mümkün olan addımları atır. 
 

Ölkə rəhbərinin insan amilinə verdiyi önəm, görülən işlərdə bu önəmin daha qabarıq şəkildə özünü büruzə verməsi təbii ki, qürur doğurur və eyni zamanda hər kəsdən üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyi bir tələb kimi qarşıya qoyur.    Bu gün ölkəmizdə səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm işlərin görüldüyü inkarolunmazdır. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar, tikilən səhiyyə ocaqları, ən müasir tibbi avadanlıqların alınaraq ölkəmizə gətirilməsi bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Son illər bütün dünya COVID-19 pandemiyası ilə bəşəriyyəti sınağa çəkən, ölümlə təhdid edən bir fəlakətlə üz-üzə qalmışdı. Bu gözəgörünməyən bəla ən oturuşmuş dövlətləri belə öz məngənəsində sıxması, sınağa çəkməsi gözlərimiz önündə baş verirdi. İnamla deyə bilərik ki, COVID-19 pandemiyasına qarşı mübarizədə dövlətimizin vaxtında gördüyü tədbirlər, bu sahədə dövlət başçısının qətiyyətli addımları xalqımızı bu bəladan da az itki ilə çıxartdı. Xəstəliklə mübarizə üçün bütün tədbirlər zamanında görüldü, peyvənd preparatları vaxtında alınıb gətirildi. Ölkə vətəndaşları tək olmadıqlarını, arxalarında qüdrətli bir liderin, güclü bir dövlətin durduğunu hər an hiss etdi.

 

Heydər Əliyev Fondu - ümidin ünvanı 

Bu məqamda insanlarımızın sağlamlığının qorunmasında dövlətimizlə yanaşı, Heydər Əliyev Fondunun da misilsiz xidmətlərini qeyd etmək lazımdır. Xüsusilə də ana və uşaqların sağlamlığının qorunması fondun fəaliyyətinin prioritet istiqamətidir desək, yanılmarıq. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Özü də görülən işlərin coğrafiyası təkcə paytaxt Bakını əhatə etmir, respublikamızın bütün regionlarında, hətta dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilir. İmkansıza, zəifə arxa durmaq, kömək etmək ən nəcib iş hesab edilir. Yarandığı gündən indiyədək  Heydər Əliyev Fondu özünü nəcib əməllərin, xeyir işlərin ünvanı kimi təsdiq edərək insanların sevgisini qazanımış, ümid yeri ola bilmişdir. Necə deyərlər, fond arxasıza dayaq, köməksizə, kimsəsizə arxa olub...
Bəzi faktlara müracət edək. Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Fond bu cür insanların əlavə informasiya-kommunikasiya texnologiyalarından istifadə etmə imkanlarını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə BMT-nin İnkişaf Proqramı ilə birgə layihə həyata keçirib. "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" üç mərhələdən ibarət layihəni gerçəkləşdirib. Bu gün internat məktəblərində görmə qabiliyyəti zəif olan uşaqlar üçün model İKT sinifləri yaradılaraq xüsusi kompüter avadanlıqları quraşdırılıb, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin olunması məqsədilə xüsusi olaraq tədris-təlim proqramları hazırlanaraq həyata keçirilir. Bu məqsədlə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün kitabxana və təlim mərkəzləri yaradılıb. Audio-kitabxana və bütün növ ədəbiyyatı audio formata çevirmək üçün səsyazma studiyası təşkil edib. 
Eyni zamanda əhalinin sağlamlığının təmin olunmasına, səhiyyə sahəsində problemlərə diqqət həmişə Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqaməti olub. Görülən işlərin kataloquna nəzər salarkən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi haqqında xüsusi qeyd etməyi vacib bilirik. Fondun Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksəkkeyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo Nordisk şirkəti ilə birgə layihəsinin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltmək, bunların həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu sahədə iştirakını fəallaşdırmaq idi. Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək uşaqların insulinlə təminatında böyük çətinliklər mövcud idi. Layihə çərçivəsində həmin uşaqlara yarımillik insulin preparatları və şpris-qələmlər verilmişdir. 2005-ci ilin may ayından başlayaraq Heydər Əliyev Fondu tərəfindən hər növbəti yarım il üçün insulin preparatları və şpris-qələmlər paylanılır və bu iş bu gün də müntəzəm davam edir.


İnsanların sağlamlığı naminə böyük işlər görülür

Ölkəmizdə talassemiya xəstəliyinin qarşısının alınmasına yönəldilmiş tədbirlər də fondun insanların sağlamlığı sahəsində gördüyü mühüm işlərdəndir. Respublikanın bəzi rayonlarında bu xəstəlik geninin yayılma tezliyi xüsusi təşviş doğurduğundan, Heydər Əliyev Fondunun diqqətindən kənar qalmamışdır.
Bu nüfuzlu qurumun həyata keçirdiyi "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılmasını qeyd etməmək mümkün deyil. Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanması üçün bu sahədə təcrübəsi olan ölkələrlə mütəxəssis mübadiləsi edilərək yerli kadrların hazırlanmasına diqqət artırılmışdır. Heydər Əliyev Fondu tərəfindən Almaniyanın "Frezerius" şirkətinin istehsalı olan hemodializ aparatı xəstəxanalara hədiyyə edilmişdir. Qeyd edək ki, bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin əzablarının yüngülləşdirilməsində müstəsna rola malikdir. Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan xəstələr xüsusi olaraq qeydiyyatdadır ki, bunların da əksəriyyəti pulsuz müalicə alırlar.
Eyni zamanda yeni xəstəxanaların, poliklinikaların tikilməsi, təmirə ehtiyacı olan səhiyyə müəssisələrinin yenidən bərpası, yeni sağlamlıq mərkəzlərinin açılması istiqamətində də proqressiv addımlar atılmışdır. Bakı şəhərindən tutmuş respublikanın ən ucqar rayonlarına qədər inşa edilib istifadəyə verilən tibb müəssisələri arxitektura baxımından tikildiyi ərazinin gözəlliyinə rəng qatmaqla yanaşı, ən müasir tibbi avadanlıqlarla təminatı, yüksək tibbi xidməti ilə də fərqlənir. Bu gün Azərbaycanın ən ucqar rayonunun vətəndaşının müayinə və müalicə üçün Bakıya gəlməsinə heç bir lüzum yoxdur. Vətəndaşlarımızın yaşadığı rayonda diaqnostika olunub, yüksək səviyyədə müalicə almaları üçün geniş şərait yaradılıb. Savadlı tibbi kadrların yetişdirilməsi, xaricdə təhsil almaları üçün hər cür qayğı və diqqət göstərilir, tədris xərcləri ödənilir... Bir qalır vətəndaşa vicdanlı xidmət göstərmək.
Biz bir xalq olaraq hələ də müzəffər Azərbaycan Ordusunun qazandığı zəfərin sevincini yaşayırıq. 44 günlük müharibədə ən yeni tariximizin şərəf salnaməsini yazan igidlərimiz, vətən sevgisini ailədən, məktəbdən alıb mənəvi zənginliyin zirvəsinə yüksələn gənclərimiz də, onların sağlamlıq məsələləri də daim diqqətdədir.  Bir sözlə, aparılan siyasət göz önündədir, nəticə də bəlli. Bizcə əlavə şərhə ehtiyac yoxdur.

 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video