Prezident İlham ƏLİYEV: "Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq"
WUF13-də iştirak səviyyəsi, tədbirə qatılan dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bütün dünyada diqqət mərkəzində olan mövzulardandır. Bu, eyni zamanda Azərbaycana göstərilən hörmətin bariz nümunəsi, eləcə də evsahibliyi edən ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu təsdiqləyən faktdır.
Prezident İlham Əliyevin mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə məhz COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbir - WUF13-lə bağlı bu fikirlər səsləndirilib.
Məlumdur ki, Azərbaycanın çoxəsrlik zəngin şəhərsalma təcrübəsi var. İndi ölkəmizdə bu sahə yeni mərhələyə qədəm qoyub. Üstəlik, işğaldan azad olunmuş ərazilərimizin sıfırdan qurulması bizdə yeni, misilsiz bir təcrübə formalaşdırıb. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "yaşıl enerji" layihələrini təqdim edib.
Bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər? Prezidentimiz bu layihələrlə bağlı danışarkən bildirib ki, mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışı təmin edilib.
Həmin ərazilərdə ilk növbədə elektrik enerjisi məsələsi həll olunub. İndiyədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib. Hazırda isə 340 meqavat gücündə günəş enerjisi layihələri öz icrasının müxtəlif mərhələlərindədir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub.
Qarabağ və Şərqi Zəngəzurda böyük yollar şəbəkəsi yaradılıb, geniş sosial infrastruktur qurulub və işlər sürətlə davam edir. İndiyədək ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. Dəmir yollarının çəkilişi, məktəblərin, xəstəxanaların inşası paralel şəkildə aparılır.
"Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin baş planları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər", - deyə Prezident İlham Əliyev "Euronews"a müsahibəsində bildirib.
Sözügedən müsahibədə şəhərsalma mövzusu əsas olsa da, həmişəki kimi enerji məsələlərinə də xeyli yer ayrılıb. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrildiyi vurğulanıb. Avropa enerji mənbələrini şaxələndirdiyi bir dövrdə ölkəmizin rolunun necə inkişaf edəcəyi barədə sualı cavablandırarkən dövlətimizin başçısı deyib ki, biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - "Cənub qaz dəhlizi"nin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib.
Hazırda bu dəhliz vasitəsilə 16 ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya, Avstriyaya təbii qaz ixrac olunur. Göründüyü kimi, bunların 10-u Avropa İttifaqının üzv dövlətidir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır və bu, son hədd deyil. Bu barədə Prezidentimiz belə deyib: "Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerdəyik. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır. Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik".
Hazırda qaz hasilatının artacağı da gözlənilir. Çünki yeni yataqlarımız var ki, onlar da işlənməsinin müxtəlif mərhələlərindədir. Tezliklə yeni bir yataqdan hasilata başlanılması nəzərdə tutulur.
"Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq", - deyə Prezident İlham Əliyev sualı ətraflı cavablandırıb.
Qaldı ki, Hörmüz böhranının regional və qlobal iqtisadiyyata təsir göstərdiyi vəziyyətə Azərbaycanın necə yanaşmasına və bunun öhdəsindən necə gəlməsinə, Prezidentimiz təchizat zənciri baxımından həmin böhranın bizə ciddi təsir göstərmədiyini bildirib: "Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq".
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, gec-tez bu böhran həll olunacaq və bundan sonra, yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkə enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. O vaxt Azərbaycanın coğrafiyası və mövcud resursları bugünkündən daha çox tələb olunacaq.
Flora SADIQLI,
"Azərbaycan"