№ 308
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264, № 4, maddələr 360, 387; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 12 may tarixli 141 nömrəli, 14 may tarixli 145 nömrəli, 15 may tarixli 149 nömrəli, 3 iyun tarixli 165 nömrəli, 9 iyun tarixli 173 nömrəli və 25 iyun tarixli 200 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişlərini bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”na və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na uyğun tərtib edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların 2027-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişləri əsasında bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”nın və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın test rejimində tətbiq edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görsün.
4. Bu Qərarın 1-ci hissəsi 2028-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ sentyabr ” 2026-cı il