Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin Agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etsinlər.
5. Bu Fərman 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2026-cı il