№ 375
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1169-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 iyun tarixli 114 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1623 (Cild I); 2024, № 3, maddə 331, № 9, maddə 1106) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və birinci hissədə “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 332) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissə üzrə:
2.1.1. aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:
“3.2-1. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyatın aparılmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyatın müddət axımı dayandırılır və dayandırılmış müddət bu müddətə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir.
3.2-2. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra məhsulun qeydiyyata alınması üçün təkrar Agentliyə müraciət edə bilər.”;
2.1.2. 3.5-ci bəndə “imtina” sözündən sonra “bu Qaydaların 8.1-1-ci bəndi nəzərə alınmaqla” sözləri əlavə edilsin;
2.1.3. 3.14.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.14.5-ci yarımbənd əlavə edilsin:
“3.14.5. bioloji aktiv qida məhsullarına münasibətdə, həmçinin bu Qaydaların 8.1-1-ci bəndinə uyğun olaraq məhsula dair ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmadıqda və ya məhsul alınmış ekspertiza rəyinin nəticəsinə əsasən dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olduqda.”;
2.2. 8-ci hissə üzrə:
2.2.1. 8.1-ci bənddə “olmaması barədə son 1 (bir) il ərzində verilən ekspertiza rəyi ilə təmin edilməlidir” sözləri “olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün Agentlik tərəfindən bu Qaydaların 8.6-cı bəndində nəzərdə tutulan sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (bundan sonra – Nazirlik) ötürülür” sözləri ilə əvəz edilsin;
2.2.2. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:
“8.1-1. Nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” (bundan sonra –Qurum) ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi (bu barədə qəbz təqdim edilməklə), habelə nümunələrin təqdim edilməsi barədə Agentliyə məlumat verildikdən sonra məhsulun dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasına dair ekspertiza 15 (on beş) iş günü müddətində həyata keçirilir və ekspertiza rəyi Nazirlik tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Agentliyə ötürülür. Ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulan müddət qeydiyyatın aparılması ilə bağlı müddətə daxil edilmir.”;
2.2.3. 8.2-ci bənddə “Bioloji” sözü “Bu Qaydaların 8.1-1-ci bəndinə uyğun olaraq Qurumdan alınmış ekspertiza rəyinə əsasən məhsul dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olmadıqda bioloji” sözləri ilə əvəz edilsin;
2.2.4. 8.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.4.3. məhsulun qablaşdırılmasının üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözləri yazılmalı, həmçinin “Uşaqların əli çatmayan yerdə saxlayın” məlumatı əks etdirilməli və onların bioloji aktiv qida məhsullarına aid olması göstərilməlidir;”;
2.2.5. 8.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.5. Qeydiyyatla bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
8.5.1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
8.5.2. məhsulun adı, əmtəə nişanı və partiya nömrəsi;
8.5.3. məhsulun istehsalçısının adı və istehsal edildiyi obyektin ünvanı;
8.5.4. məhsulun buraxılış, qablaşdırılma forması və sayı;
8.5.5. məhsulun qablaşdırmada olan dozası;
8.5.6. məhsulun saxlanma şəraiti və yararlılıq müddəti;
8.5.7. məhsulun mənşə ölkəsi;
8.5.8. ərizəçinin bank rekvizitləri.”;
2.2.6. 8.6.1-ci, 8.6.2-ci, 8.6.5-ci və 8.6.6-cı yarımbəndlər ləğv edilsin;
2.2.7. 8.6.3-cü yarımbənddən “mənşə və uyğunluq sertifikatları, həmçinin” və “, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd” sözləri çıxarılsın;
2.2.8. 8.6.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.6.7. 2-14 yaşında uşaq, hamilə və ya laktasiya dövründəki qadınların istifadəsi üçün tövsiyə edildikdə, məhsula dair müvafiq tədqiqatların protokolları;”;
2.2.9. 8.6.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.6.8–8.6.13-cü yarımbəndlər əlavə edilsin:
“8.6.8. təqdim edilmiş məhsulun istehsalı barədə müvafiq sənədlərin (keyfiyyət parametrləri spesifikasiya sənədində olan parametrlərlə eynilik təşkil edən məhsul seriyasına dair analiz sertifikatı, məhsulun tərkibi üzrə tədqiqat (sınaq) protokolu, tədqiqatın (sınağın) aparılması üçün validasiya edilmiş analiz üsulları, məhsulun keyfiyyətinə dair fiziki-kimyəvi və mikrobioloji keyfiyyət parametrlərinin əks olunduğu spesifikasiya sənədi, məhsulun yararlılıq müddətini təsdiq edən sınaqlara dair məlumat, resepturalar, istehsalçı tərəfindən təqdim edilmiş məhsulun istehsal prosesinin ardıcıllığını əks etdirən sənədlər (texnoloji proses), eləcə də istehsalçının bioloji aktiv qida məhsullarının istehsalına icazəsi barədə sənədlərin surətləri və məhsulun tərkibindəki təsiredici maddələrə dair müqayisə standartları;
8.6.9. istehsalçının məhsulun tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomaterialların, hormonların, pestisidlərin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən edilmiş dopinq maddələrinin olmaması haqqında təsdiqedici sənədi;
8.6.10. məhsulun istehlakçı üçün nəzərdə tutulmuş istifadə təlimatı və onun Azərbaycan dilinə tərcüməsi;
8.6.11. ekspertizaya təqdim olunmuş məhsulların etiketinin və qablaşdırılmasının ərizəçi və ya istehsalçı tərəfindən təsdiq edilmiş maketləri, həmin maketlər xarici dildə olduqda Qanunun 17.4-cü maddəsinin tələblərinə əsasən onların Azərbaycan dilində tərcüməsi;
8.6.12. məhsulun tərkibindəki təsiredici maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi, köməkçi maddələrin və digər inqrediyentlərin isə beynəlxalq adı göstərilməklə siyahısı, həmçinin kapsul və tablet örtüklərinin hazırlanmasında istifadə olunan maddələrin siyahısı;
8.6.13. istehsalçı tərəfindən məhsulun hazırlanmasında istifadə olunan bitkilərin binar nomenklaturaya əsasən elmi adları, onlardan alınan xammallar (istifadə olunan bitki hissələri), həmçinin məhsula daxil olma formalarının (toz, qatı, quru və maye ekstratları, dəmləmə, bişirmə, tinktura və s.) barədə məlumatlar.”;
2.3. 10.7.7-ci yarımbəndə “tərkibi” sözündən sonra “köməkçi maddələrin və digər inqrediyentlərin isə beynəlxalq adı” sözləri əlavə edilsin;
2.4. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“11. Keçid müddəa
Nazirliklə Agentliyin informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilənədək, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.”.
3. Bu Qərar 2026-cı il iyunun 1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 4 ” “ dekabr ” 2025-ci il