17 Mart 2024 08:30
1269
SİYASƏT
A- A+

Azərbaycan qazının Avropaya yolu Türkiyədən keçir 

 

TANAP-ın təməlinin qoyulmasından 9 il ötür

 

Möhtəşəm "Cənub qaz dəhlizi"nin fəaliyyətində TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) özünəməxsus yeri var. Əvvəla ona görə ki, hazırda Azərbaycandan Türkiyəyə ixrac edilən qazın böyük hissəsini bu kəmər daşıyır. Avropanın ölkəmizdən aldığı mavi yanacaq da TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) məhz TANAP-dan keçərək daxil olur.
Azərbaycanın və Türkiyənin birgə layihəsi - TANAP Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. Onu "Cənub qaz dəhlizi"nin birləşdirici halqası, bel sütunu da adlandırırlar. Bu səbəblərdən də 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması tarixi bir hadisə idi. Bu, uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradırdı. Çünki kəmərin salnaməsi hələ bundan xeyli əvvəl başlanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan TANAP üzrə hökumətlərarası sazişi İstanbulda hələ 2012-ci ilin iyun ayında imzalamışdılar. Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də elə həmin vaxtdan start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün incəlikləri nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir dövr olmuşdu.
Prezident İlham Əliyevin dediyi kimi: "TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu". 
Bu boru xəttinin təkcə region üçün deyil, bütün Avropa məkanı üçün də əhəmiyyəti böyükdür. "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ikincisi olması TANAP-ın dəyərini daha aydın əks etdirir. Belə ki, bu xətt Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşur. 
Xatırladaq ki, enerjinin İpək yolu sayılan TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.
TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir. 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib.
TANAP ilk mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazını nəql etmək gücündə layihələndirilmişdi. Bunun 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri isə Avropa ölkələrindəki istehlakçılar üçün nəzərdə tutulmuşdu. Növbəti illərdə isə kəmərin nəqletmə qabiliyyətinin artırılacağı da istisna deyildi. Lakin zaman, yaranmış şərait, yəni Avropanın mavi yanacağa tələbatının kəskin şəkildə artması bunu daha tez və daha ciddi çağırışlarla gündəmə gətirib. Belə ki, Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı getdikcə artır. Bu isə mavi yanacağı Avropaya çatdıran TAP-ın genişləndirilməsini tələb edir. TAP-ın genişləndirilməsi isə TANAP genişləndirilmədən mümkün deyil. 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz Avropaya qaz ixracının gələcək perspektivlərinə xidmət edirdi. Həmin məqsədlə Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalandı. Məqsəd 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracını ikiqat artırmaqdır.
Bu gün Azərbaycan qazı Gürcüstan və Türkiyədən başqa, 6 Avropa ölkəsinə - Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya ixrac olunur. Mavi yanacaq Avropaya Türkiyənin ərazisindən keçərək, TANAP-la nəql edilərək çatdırılır və bu vəzifə yüksək səviyyədə yerinə yetirilir. 
Cari il martın 1-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclaslarında Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu da məhz bunları qeyd edib: "Bu görüşdə belə yüksəksəviyyəli iştirak region ölkələrinin enerji təhlükəsizliyi və "yaşıl enerji" ilə daha təmiz gələcək istiqamətində əməkdaşlıq əzmini nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə biz enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu ilə həyata keçirmək olar. Türkiyə Şərqlə Qərb arasında özünəməxsus yerləşməsi ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video