Bəzən bir qələbə yalnız hesab tablosundakı rəqəmləri dəyişmir, bütöv bir ölkənin futbol haqqında düşüncəsinə yeni nəfəs gətirir, ümidlər verir, gələcəyə inamı möhkəmləndirir. Bəzən isə 90 dəqiqəlik futbol qarşılaşması illərlə xatırlanacaq tarixi hadisəyə çevrilir. Avqustun 25-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda yaşananlar məhz belə anlardan idi.
Azərbaycan çempionu “Sabah” İsrailin “Hapoel Beer-Şeva” klubunu 5:2 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə görə 6:4 üstünlük qazandı və UEFA Çempionlar Liqasının əsas – liqa mərhələsinə vəsiqə əldə etdi.
Bu, sadəcə bir futbol qələbəsi deyil, eyni zamanda Azərbaycan futbolunun Avropanın mötəbər klub arenasında yeni səhifəsinin başlanğıcıdır. 9 il əvvəl yaradılmış bir klubun qısa müddətdə keçdiyi yolun məntiqi nəticəsidir. Ən maraqlısı isə budur ki, “Sabah” adını daşıyan bu komanda artıq Azərbaycan futbolunun sabahına çevrilməkdədir.
2017-ci ildə yaradılan “Sabah”ıb yüksəlişi Azərbaycan futbolunun inkişafında xüsusi yer tutur. Klub 2018-2019-cu futbol mövsümündə Premyer Liqaya yüksəldikdən sonra ardıcıl inkişaf yolu keçib. 2024-2025-ci mövsümdə ilk böyük titulunu – Azərbaycan Kubokunu qazanan komanda növbəti mövsümdə daha böyük uğur qazandı. Komanda Azərbaycan Premyer Liqasının çempionu olmaqla yanaşı, Azərbaycan Kubokunu da qazandı və ilk dəfə “qızıl dubl”a imza atdı. Beləliklə, 9 yaşlı klub artıq Azərbaycan futbolunun aparıcı qüvvələrindən birinə çevrilməklə yanaşı, ölkə futbolunun Avropadakı simalarından biri oldu.
Çempionlar Liqasının liqa mərhələsinə aparan yol heç də asan olmayıb. “Sabah” təsnifat mərhələlərində ardıcıl “The New Saints”, Finlandiyanın “KuPS” və Danimarkanın “Aarhus” komandalarını mübarizədən kənarlaşdıraraq pley-offa yüksəlib. Pley-offda isə qarşıda İsrailin “Hapoel Beer-Şeva” klubu dayanmışdı. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk qarşılaşmada “Sabah” 1:2 hesabı ilə məğlub oldu. Amma Bakı görüşü dururdu, o Bakı görüşü ki, əsl futbol dramı oldu. Rəqib hesabda önə keçsə də, “Sabah” geri çəkilmədi. Kristian Nvaçukvu və Umarali Rahmonaliyevin qollarından sonra qarşılaşmanın əsas vaxtına əlavə olunmuş sonuncu - 4-cü dəqiqədə Tellur Mütəllimovun vurduğu qol stadionu ayağa qaldırdı - 3:2! Əlavə vaxtda isə “Sabah”ın iradəsi və üstünlüyü öz sözünü dedi. Patrik Orfe Mbina 101-ci dəqiqədə, Coy Lens Mikels isə 115-ci dəqiqədə rəqib qapısını silkələdi. Nəticədə Bakı təmsilçisi 5:2 hesablı qələbə qazandı və ümumi hesabda 6:4 üstünlüklə Çempionlar Liqasının liqa mərhələsinə yüksəldi.
Bu nəticə “Sabah”ı “Qarabağ”dan sonra UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq ikinci Azərbaycan klubu kimi tarixə düşdü. Prezident İlham Əliyev sosial şəbəkə hesabında Azərbaycan çempionunu təbrik etdi: “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm”. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, yeni yaradılmış komandanın qısa müddətdə belə böyük nailiyyətə imza atması sevinc və qürur doğurur. Prezident klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanmasını Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin və ölkəmizin idman dövləti kimi mövqeyinin bariz göstəricisi adlandırdı. Bu qiymətləndirmə “Sabah”ın qələbəsinin yalnız idman hadisəsi olmadığını göstərir. Böyük idman uğurlarının arxasında dövlət siyasəti, idmana göstərilən diqqət, müasir infrastruktur, sağlam rəqabət mühiti, gənc istedadlara yaradılan imkanlar və məqsədyönlü fəaliyyət dayanır. Bu mənada “Sabah”ın Çempionlar Liqasındakı uğuru Azərbaycanın idman siyasətinin yaratdığı imkanların real nəticələrindən biri kimi də dəyərləndirilə bilər.
Futbol heç vaxt meydanda 11 futbolçunun mübarizəsi olmayıb, həm də ölkənin idmana münasibətinin, gəncliyə verdiyi dəyərin və inkişaf imkanlarının göstəricisidir. “Sabah”ın hekayəsi göstərir ki, düzgün qurulan sistem, səbirli və ardıcıl iş qısa müddətdə böyük nəticələr verə bilər. Komandada yerli futbolçularla təcrübəli legionerlərin və gənc istedadların bir araya gəlməsi də bu uğurun mühüm amillərindəndir. Elə buna görə “Sabah”ın uğurunu Azərbaycan futbolunda yeni düşüncənin, yanaşmanın və yeni ambisiyaların ifadəsi kimi qiymətləndirmək olar.
İndi “Sabah”ı qarşıda böyük sınaqlar gözləyir. Çempionlar Liqasının liqa mərhələsi təsnifat oyunlarından tamamilə fərqli səviyyədədir. Burada Azərbaycan çempionu Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Bu, həm futbolçularımız, həm məşqçilər korpusu, həm klub rəhbərliyi, həm də bütövlükdə Azərbaycan futbolu üçün böyük təcrübə məktəbi olacaq. Bir həqiqət isə dəyişməz olaraq qalır: “Sabah” Avropanın futbol xəritəsində özünə yer qazandı. Cəmi 9 il əvvəl yaradılmış bir klubun bu qədər qısa müddətdə Azərbaycan çempionu olması, iki dəfə ölkə kubokunu qazanması və UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi təsadüfi uğur deyil, bu, bir futbol modelinin, məqsədyönlü inkişafın nəticəsidir. Artıq Azərbaycan futbolunun Avropada daha bir iddialı təmsilçisi var. “Sabah” Azərbaycan futbolunun sabahıdır!
Elşən QƏNİYEV,
“Azərbaycan”