Çox vacib oyundur. Yaxşı komandaya qarşı oynayırıq. Baxımlı oyun göstərən kollektivdir. Hazırlığımız da pis keçməyib. Avrokuboklarda azarkeşlərimizi sevindirmək üçün son şansımızdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı keçirəcəkləri cavab oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, komandasının matça tam kökləndiyini vurğulayıb: “Rəqibin heyətində potensialı yüksək olan futbolçular var. Bu baxımdan diqqətli olmalıyıq. Niderland klubu matça daha ciddi hazırlaşır ki, qollar vursun və hesabda önə keçsin. Bu baxımdan təhlükəli ola bilərlər. Fikrimcə, çox sistemli futbol nümayiş etdirirlər. Sabahkı matç həm mənim, həm də futbolçular üçün maraqlı olacaq”.
Mütəxəssis gənc futbolçuların sabahkı oyunda meydana çıxma ehtimalından danışıb: “Əli Bəşirov və Hikmət Cəbrayılzadə kimi gənc oyunçularımız var. Yetəri qədər təcrübələri yoxdur. Xüsusilə də Əli daha həyəcanlıdır. Amma hər birimiz bu yollardan keçmişik və müəyyən səviyyəyə çatmışıq. Oyunun gedişatına uyğun olaraq, onları meydana buraxa bilərik”.
Çalışdırıcı Kiprin APOEL klubunda çıxış edən braziliyalı futbolçu Dieqo Rosanın mümkün transferi barədə də danışıb: “Biz də hər gün belə xəbərləri oxuyuruq. Təbii ki, danışıq apardığımız oyunçular bir deyil, bir neçə nəfərdir. Siyahımızda 5-10 klubun belə, maraqlandığı futbolçular var”.
Q.Qurbanov “Sabah” klubunun Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolu üçün müsbət tərəflərindən də danışıb: “Belə uğurlar Azərbaycan təmsilçilərinin Avropa yarışlarındakı nüfuzunu artırır. Çünki rəqiblər artıq bizdən çəkinməyə başlayırlar”.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.