10 Mart 2024 08:00
8051
İQTİSADİYYAT
A- A+

Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir

 

Bu sahə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 2-ci iclasında mühüm məsələlər müzakirə olundu

 

Bu ayın əvvəlində Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası sayca 10-cu idi. Keçən ildən başlayaraq bu toplantı ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin  iclası da keçirilir. 
"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının illik toplantıları  ötən tədbirdən  sonra görülən işlərə yekun vurmaqla bərabər,  qarşıda dayanan vəzifələri də müəyyən edir və bu minvalla layihənin gerçəkləşməsində müstəsna rol oynayıb. "Yaşıl Enerji" Məşvərət Şurasının  iclasları da eyni məqsədi daşıyır. Əlbəttə ki, bərpaolunan enerji sahəsində.
2024-cü ilin  Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, ölkəmizin COP29-a ev sahibi seçilməsi, Bakıda "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclasının keçirilməsi, əslində, bir-biri ilə sıx əlaqədardır. Bunun başlıca səbəblərindən biri  Azərbaycanın "yaşıl enerji" mənbələrinin  zəngin olmasından qaynaqlanır.  Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Odur ki, bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə mühüm addımlar atılır. Hələ 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib. Bu proqram bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə imkan verib. 
Beləliklə, Azərbaycan ənənəvi enerji növlərinə alternativ olaraq "yaşıl enerji"nin inkişaf etdirilməsini də həyata keçirir. Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan "yaşıl enerji" tərəfdaşlığının miqyası və coğrafiyası qısa müddətdə xeyli genişləndi. Az bir vaxtda "Masdar", "ACWA Power", bp, "Fortescue Future Industries", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy" və "A-Z Czech Engineering" şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox olan layihələrə dair əməkdaşlıq sənədləri imzalandı.
İndi hədəflərə çatmaq üçün ardıcıl iş aparılır. Keçən ilin oktyabrında 230 meqavat gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verildi. Həmçinin "Masdar"la 10 qiqavatadək həcmdə müqavilələr bağlanıb. İlkin mərhələdə quruda sənaye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerjisi, həmçinin 2 qiqavat gücündə dənizdə külək və inteqrə olunmuş "yaşıl hidrogen" istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb. Bu çərçivədə Neftçalada 390 meqavatlıq günəş, Biləsuvarda 445 meqavatlıq günəş və Qobustanda 200-300 meqavat gücündə külək-elektrik stansiyalarının inşası nəzərdə tutulur.
240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektik Stansiyasının  tikinti işləri isə bu enerji obyektinin 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun davam etdirilir. "ACWA Power" şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 qiqavatadək külək layihəsinin həyata keçirilməsinə dair icra müqavilələri çərçivəsində ötən il Batareya Enerji Saxlama Sistemi və quruda 200 meqavat külək layihələri üzrə Yol Xəritəsi imzalanıb. 
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zəfərlə başa çatandan az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi "yaşıl enerji" zonası edib. Bu ilin ikinci yarısında Cəbrayıl rayonunda bp  tərəfindən 240 meqavat gücündə günəş-elektrik stansiyasının təməlinin  qoyulacağı gözlənilir. Həmçinin Cəbrayılda "Nobel Energy", Füzulidə isə Çin şirkəti ilə günəş-elektrik stansiyalarının tikintisi üçün danışıqlar aparılıb.
Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su-elektrik stansiyalarının açılışı olub. 2023-cü ildə işğaldan azad edilən ərazilərdə "Azərenerji"nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edəcək su-elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb.
"Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclasında da məhz  bərpaolunan  enerjinin inkişafı istiqamətində həyata keçirilən bu və digər tədbirlərdən bəhs edilib. Prezident İlham Əliyev  martın 1-də "Gülüstan" sarayında keçirilən iclasda çıxış edərkən bu məsələyə də toxunaraq deyib:" Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq".
Toplantıda vurğulanıb ki, 2030-cu ilədək planlaşdırılan 10 QVt "yaşıl enerji" güclərinin ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən "yaşıl dəhliz"lərlə Avropaya ixracı həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın "yaşıl keçid"inə də töhfə verəcək.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson çıxışında bildirib ki, enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidinə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyac var."Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə biz indi də əməkdaşlığı "yaşıl elektrik" enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik".
Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu  da  Məşvərət Şurasının toplantısını yüksək dəyərləndirib: "Bu görüşdə belə yüksəksəviyyəli iştirak region ölkələrinin enerji təhlükəsizliyi və "yaşıl enerji" ilə daha təmiz gələcək istiqamətində əməkdaşlıq əzmini nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə biz enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu ilə həyata keçirmək olar. Türkiyə Şərqlə Qərb arasında özünəməxsus yerləşməsi ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir".
Rumıniyanın energetika naziri Sebastian-Ioan Burduja, BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei, Moldovanın energetika naziri Viktor Parlikov, Bolqarıstanın energetika nazirinin müavini Iva Petrova və başqaları enerji keçidi ilə bağlı məsələlərə toxunaraq bu istiqamətdə ölkəmizin addımlarını yüksək dəyərləndiriblər.
Toplantı çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb. Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda günəş-elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş-elektrik stansiyasının tikintisi planlaşdırılır.
Energetika Nazirliyi və İspaniyanın "Elecnor" şirkəti arasında da əməkdaşlıq sənədi imzalanıb. Azərbaycanda bərpaolunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək-elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə küləkölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
 Bütün bunlar göstərir ki, "Yaşıl Enerji" Məşvərət Şurası qısa müddətdə bərpaolunan enerji məsələlərinin müzakirə edildiyi, görüləcək işlərin müəyyənləşdirildiyi tədbirə çevrilib. Bakının evsahibliyi etdiyi COP29 isə bu məsələlərin həlli üçün daha geniş bir platforma olacaq. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video