23 Yanvar 2022 00:54
505
İQTİSADİYYAT

Azərbaycan alternativ enerji sahəsində də önə çıxır

 

Xarici investorlar bu sahədə də ölkəmizə xüsusi maraq göstərirlər

 

Hər bir dövlətin inkişafında dayanıqlı və fasiləsiz enerji ilə təminat mühüm göstərici sayılır. Müstəqilliyimizin ilk illərində bu sahədə olan problemlər hamıya məlumdur.

Elektrik enerjisi fasilələrlə verilirdi və belə vəziyyət bölgələrdə daha çox müşahidə olunurdu. Həyata keçirilən nəhəng infrastruktur layihələri sayəsində isə bu gün Azərbaycan Cənubi Qafqazda yeganə enerji ixrac edən ölkəyə çevrilib.

Həmin layihələrin sayı az deyil. Təkcə ötən il “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 elektrik stansiyası və yarımstansiya istismara verilmişdir. Bu hesaba ölkəmizdə elektrik enerjisi istehlakının bir neçə dəfə artmasına baxmayaraq, bu gün enerjinin fasiləsiz verilişində heç bir problem yoxdur.

Enerji ilə təminat göstəricisinə görə öndə gedən ölkələr sırasında olan Azərbaycanda enerjinin ötürülməsi sahəsində də çox işlər görülüb və bunun sayəsində enerji itkisinin qarşısı xeyli alınıb.

Məlumdur ki, dünyada ətraf mühitə zərər verməyən bərpaolunan enerjidən istifadəyə üstünlük verilir. Bu sahədə Avropa İttifaqı ölkələri daha fəaldır. Düzdür, Almaniya atom enerjisindən tam imtina etmək çağırışı etsə də, Fransa bu təklifə hələlik qoşulmaq fikrində deyil. Ancaq müəyyən fikir ayrılıqlarına baxmayaraq, qoca qitədə bərpaolunan enerjidən istifadə geniş yayılıb. Hətta Avropadakı siyasi partiyalar seçkilərdə səs qazanmaq üçün bu amildən geniş şəkildə istifadə edirlər.

Bu da səbəbsiz deyil. Son iki əsrdə sənayenin sürətlə inkişafı ətraf mühitin çirklənməsinə səbəb olub. Atmosferin həddindən çox çirklənməsi isə iqlim dəyişikliyinə, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, həmçinin insanların sağlamlığına ciddi zərər vurur. Çıxış yolu kimi alternativ enerjidən istifadə gözlənilir. Bu üzdən dünyada bərpaolunan enerjidən geniş şəkildə istifadə yolları aranır və elmi tədqiqatlar aparılır. Lakin dünyanın tam bərpaolunan enerjiyə keçməsi barədə dəqiq heç nə bəlli deyil. Bəlli olan odur ki, bu növ enerjidən istifadə sürətlə yayılır. Hazırda dünyada istehsal olunan enerjinin 15 faizi alternativ və bərpaolunan enerjinin payına düşür. Hətta BP kimi nəhəng neft-qaz istehsalçısı olan transmilli şirkət də bu sahədə fəaliyyət göstərməyə başlayıb.

Bu prosesdən Azərbaycan da geri qalmır. Ölkəmiz zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Azərbaycanda hələ 2011-ci ildən “Qobustan” Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir. Onu da vurğulayaq ki, ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu bizə alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır. Cari il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWAP Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulması da ölkəmizdə bərpaolunan enerjiyə keçidlə bağlıdır.

Bununla bağlı keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin alternativ və bərpaolunan enerjidən istifadəetmə konsepsiyası barədə demişdir: “Dünyanın, demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su-elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var”.

Qeyd etdiyimiz kimi, ölkəmizdə alternativ enerji mənbələri çoxdur. Dövlət başçısı bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı bildirmişdir ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar tərəfindən müraciət olunub. Ümumilikdə isə, işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarında 10 min meqavata yaxın potensial mövcuddur.

Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar və xarici siyasəti ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırır. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, “sözümüz imzamız qədər etibarlıdır”. Ölkəmizdə olan münbit investisiya mühiti, sərmayələrin qanunla qorunması da xarici tərəfdaşların ölkəmizə olan marağını artıran başlıca amillərdəndir. Bunu ölkəmizdə alternativ enerji stansiyalarının tikintisinə xarici şirkətlərin maraq göstərmələri bir daha sübut edir. Təməlqoyma mərasimində çıxış edən Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Saud çıxışında demişdir: “Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWAP Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyimiz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evi elektrik enerjisi ilə təmin edəcək. Eyni zamanda, 220 milyon kubmetr təbii qaza qənaət olunacaq atmosferə biz il ərzində 400 min ton karbon qazının atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sahəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video