09 Dekabr 2021 00:32
1139
DÜNYA
A- A+

Almaniyada Olaf Şolts erası başlayır

 

Yeni hökumət partiyaları “yol xəritəsi” sayılan koalisiya sazişi imzalayıblar

 

Sosial demokratların, “Yaşıllar”ın və liberalların nümayəndələri yaxın dörd il üçün Almaniyada hakim koalisiyanın “yol xəritəsi” olacaq müqaviləni imzalayıblar.

 

Almaniyanın gələcək hökuməti üzrə tərəfdaşlar

 

Almaniya Sosial-Demokrat Partiyası (ASDP), “Yaşıllar” və Azad Demokrat Partiyasının (ADP) koalisiya sazişinin imzalanması mərasimini açarkən sosial-demokratlardan AFR kansleri seçilən Olaf Şolts bildirib ki, “Bu səhər bizim yeni hökumətə yolumuzun başlanğıcı olmalıdır”. Şoltsun dediyinə görə, ilk olaraq yeni koalisiyanın bütün səyləri koronavirus pandemiyası nəticəsində yaranmış böhranla mübarizəyə yönəldilməlidir.

Liberal ADP-nin lideri Kristian Lindner bildirib ki, indi fəaliyyətə başlamaq zamanıdır. “Yaşıllar”ın həmsədri Annalena Berbok isə sosial reallığa uyğun olan, hazırkı vəziyyətə müvafiq koalisiya müqaviləsi barədə danışıb.

 Sonra ASDP və “yaşıllar”dan hərəyə beş nümayəndə və ADP-nin üç nümayəndəsi sənədi imzalayıblar.

Xəbər verildiyi kimi, “Yaşıllar” Partiyası srağagün sosial-demokratlar və liberallarla koalisiyaya qoşulmağa razılıq verib. İstirahət günlərində isə analoji qərarlar ADP-nin və ASDP-nin fövqəladə partiya qurultaylarında qəbul edilib.

Üç partiyanın siyasi rənglərinə görə “işıqfor” adlandırılan  hökumətdə nazir postlarına bütün namizədlərin adları rəsmən açıqlanıb. Lindner yeni kabinetdə əsas vəzifələrdən birinə yiyələnib. O, Maliyyə Nazirliyinə rəhbərlik edəcək. Berbok xarici işlər naziri olacaq, “Yaşıllar”ın ikinci həmsədri Robert Habek isə İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə rəhbərlik edəcək, həmçinin vitse-kansler postunu tutacaq.

 

Yeni hökumətin planları

 

Üç partiya 177 səhifəlik koalisiya sazişini noyabrın 24-də Bundestaqa təqdim edib. Gələcək hökumət yaşıl texnologiyalar və rəqəmsallaşdırmaya dövlət investisiyalarını artırmağı planlaşdırır.  Bundan əlavə, 2023-cü ildən etibarən “qara sıfır” kimi tanınan strategiyaya qayıdış nəzərdə tutulur. Bu halda, planlaşdırılan xərclər yeni kreditlər hesabına deyil, yalnız büdcə gəlirləri vasitəsi ilə maliyyələşdirilir. Bundan başqa, yeni koalisiya 25 yaşdan kiçik rusiyalılar üçün AFR-a vizasız giriş imkanı yaratmaq, ikili vətəndaşlığın alınması və sığınacaq verilməsi prosedurunu, eləcə də yaşayış icazəsini sadələşdirmək niyyətindədir.

Xatırladaq ki, Almaniyada növbəti parlament seçkiləri sentyabrın 26-da keçirilib. 25,7 faiz səs toplayan ASDP azacıq üstünlüklə qalib olub. Sosial demokratların ən yaxın rəqibi - Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku seçicilərin 24,1 faizinin dəstəyini qazanıb. “Yaşıllar” Partiyası səslərin 14,8 faizini, ADP 11,5 faizini, sağçı - populist “Almaniya üçün alternativ” Partiyası isə 10,3 faizini əldə edib. Oktyabrın 21-də ASDP, “Yaşıllar” və ADP-nin iştirakı ilə koalisiya hökumətinin yaradılması üzrə danışıqlara başlanılıb.

 

Olaf Şolts - yeni Kansler

 

Son məlumata görə, Almaniya Bundestaqı Olaf Şoltsu yeni Kansler seçib və AFR-in yeni Nazirlər Kabinetinin andiçmə mərasimi olub.

Olaf Şolts 1958-ci il iyunun 14-də Osnabrükdə (Aşağı Saksoniya) anadan olub. 1985-ci ildə Hamburq Universitetində hüquq fakültəsini bitirib. 1998-ci ildən dəfələrlə Bundestaqa seçilib. 2011-2018-ci illərdə Hamburqun oberburqomistri (baş nazir) olub. 2007-2009-cu illərdə federal əmək və sosial işlər naziri vəzifəsini tutub. 2018-ci il martın 14-dən Almaniyanın vitse-kansleri və maliyyə naziri olub.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video