16 Mart 2024 08:15
2065
PARLAMENT
A- A+

2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu olub

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatı

 

Hörmətli xanım sədr! Hörmətli deputatlar!
Nazirlər Kabineti 2023-cü ildəki fəaliyyəti haqqında hesabatla Milli Məclis qarşısında çıxış edir.  Belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir. 
Hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran vəzifələri və çağırışları bir daha dəqiqləşdirməyə şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir.  Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. 
Və məhz 7 fevral tarixində prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.
2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olmuşdur. 
Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulamışdır ki: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq". 
Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirmiş və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabat dövrü həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edir.
Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün "Heydər Əliyev İli"nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı. 
Hörmətli deputatlar!
2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilmişdir.
Belə ki, hesabat ilində ölkədə 
* 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur; 
* əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil etmişdir;
* 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artmışdır;
* qeyri neft-qaz sənayesi 8,0% artmışdır. 
2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olmuşdur. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələmişdir. 
2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd. dollar təşkil etmişdir (ÜDM-in 95% səviyyəsindədir). Və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 
2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil etmişdir. 
Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. 
Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır.
Hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılmışdır ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan vermişdir. 
Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur. 
Xərcləri isə 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur.
Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir. 2023-cü ildə Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artmış və 11 şirkətdən 8-də potensial dividendödəmə imkanları yaranmışdır. 
Hörmətli deputatlar!
2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalmışdır.  Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaltmışdır. 
Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi qrup yaradılmışdır. Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılmışdır. 
Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunmuşdur. İllik inflyasiya isə 2.1% təşkil etmişdir. 
Hörmətli deputatlar!
2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir (artım 12,7%).
2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılmışdır. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15% artırılmışdır. 
Həmçinin minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artmışdır. 
2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilmişdir. 
2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln. manat vəsait ayrılmış və 1,9 milyon vətəndaşı əhatə etmişdir. 
Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 mln. manat təşkil etmişdir (artım 12,6%).
Hörmətli deputatlar, ötən il Sizlərin də dəstəklədiyi dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilmişdir. 
Belə ki, əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır. 
İcbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür. 
Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çeşidinin artmasına, əczaçılıq sektorunun rəqabətli inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcəkdir.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə postmüharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilmişdir, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilmişdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə 2023-cü ilin dövlət büdcəsindən 354 mln. manat vəsait yönəldilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınmışdır.
Hörmətli deputatlar!
Qeyd etməliyəm ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılmışdır. 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılmışdır. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək. 
2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılmışdır (artım 19,2%).  2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılmışdır. Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilmiş, 2-si əsaslı təmir olunmuş və 9-nun isə tikinti işləri davam etdirilir. 
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb.
Hörmətli deputatlar!
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması Hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir. 
Kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılmışdır.  1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılmışdır. 
Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olmuşdur ki, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılmış və mülkiyyət sənədləri verilmişdir.  
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir. Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilmişdir. 
Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmışdır.  2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur.
Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcəkdir. 
Hörmətli deputatlar!
Möhtərəm Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilmişdir. 
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat.  2024-cü ildə 4 mlrd. manat məbələğində vəsait ayrılması nəzərdə tutulur. 
2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülmüşdür.  2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır. 
İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya "Azərenerji" tərəfindən istismar edilməkdədir. 
İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji" potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su-Elektrik Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib. 
Hörmətli deputatlar!
Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənmişdir. 
Ümumiyyətlə 1 mart 2024-cü il tarixinədək 123 min hektardan artıq ərazi təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib. 2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılmışdır (2022-ci illə müqayisədə 19,6% çox).
Hörmətli deputatlar!
Hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatmışdır. Və gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaqdır. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir. 
Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istismara verilmişdir. 
2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair memorandum imzalanmışdır. 
Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 
2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln. ton olmuşdur. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artmışdır. 
Hörmətli xanım sədr, hörmətli deputatlar!
Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar barədə Sizləri məlumatlandırmaq istərdim:
1. Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur. 
2. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaqdır. 
3. Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. 
Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaqdır. 
4. İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaqdır. Məhz rəqabət məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaqdır. 
Eyni zamanda cənab Prezidentin sərəncamı ilə səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcəkdir. 
Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdirələcəkdir. 
5. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcəkdir. 
6. Cənab Prezidentin Hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksəkrəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafin təşviq edilməsi əsas şərtlərdir. 
7. Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcəkdir. 
8. Cənab Prezidentin Hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji" ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır. 
Məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu "yaşıl enerji" siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınmışdır. 
Bu beynəlxalq birliyin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir. 
Əlbəttə ki, bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir. 
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Möhtərəm cənab Prezidentin söylədiyi kimi, "Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir və öz siyasətini də buna uyğun şəkildə aparır".
Hörmətli xanım sədr, hörmətli deputatlar!
2024-cü ildə məsuliyyətli və şərəfli vəzifələrin yerinə yetirilməsində, qanunvericilik sahəsindəki fəaliyyətinizdə Sizlərə uğurlar arzu edirəm. 
Fürsətdən istifadə edib qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram. 
Diqqətinizə görə sağ olun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video