Azərbaycan Prezidenti İlham Əliyev ötən ayın son günlərində Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında demişdir: "Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir".
Cənab İlham Əliyevin inkişafa hədəflənən daxili və xarici siyasət konsepsiyasını reallığa çevirən Zəngəzur dəhlizinin vacibliyini dünyanın ən ünlü siyasətçiləri, dövlət rəhbərləri və iqtisadi ekspertləri də yüksək qiymətləndirərək bildirirlər ki, regional və qlobal miqyasda Zəngəzur dəhlizinin işə düşməsi ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq statusunu daha da artıracaq. Beynəlxalq layihələrə əsasən, Azərbaycan ərazisi sözün əsl mənasında regionun nəqliyyat qovşağı rolunu oynayacaq. Bu baxımdan Azərbaycan bir neçə istiqamətdə regionu Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər.
Faktiki olaraq dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını qəbul edir və ona dəstək göstərirlər. Dəhliz regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası çərçivəsində böyük dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edir. Bu marşruta müxtəlif istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi baxılır. Xatırladaq ki, Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya şəbəkəsindən səmərəli və koordinasiyalı istifadə edilməsinə imkan verən əməkdaşlıq formatı haqqında təklifin də təşəbbüskarı Azərbaycandır.
Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupunun, xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərində müsbət nəticələr müşahidə edilir. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab etdiklərini bildirib: "Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra bilib". Onun sözlərinə görə, hazırda ekspert qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirir. Xatırladaq ki, burada söhbət Zəngəzur dəhlizindən gedir. Mher Qriqoryanın açıqlamaları bu qənaətə gəlməyə əsas verir ki, dəhlizin reallaşması istiqamətində artıq konkret razılıqlar mövcuddur. Hətta Rusiyanın "İzvestiya" qəzeti adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Kreml Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub: "Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərtilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın "Avtodor" şirkəti həmin əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin". Qeyd olunub ki, yol Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar bütün sərhəd xətti boyu qalmaqdadır. Mənbə onu da bildirib ki, İrəvan bu ilin martında Bakıda Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən keçməklə Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalanmasından sonra danışıqlar prosesini sürətləndirib.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Azərbaycanın yanaşması həm də bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın yox, əslində dünyanın tərəqqipərvər insanlarının da istəyidir. Çünki bu, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xətti ola bilər. Digər tərəfdən, Zəngəzur dəhlizi regionda sabitliyin əsas amillərindən biri olmaqla, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsində, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən çıxmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistana əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yanaşmasında dəyişikliklər olduğunu bildirmişdi: "Uzun illər ərzində məhz Azərbaycan tərəfi bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin "kommunikasiyaların açılması Ermənistana sərf edir" söyləməsi Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən, tərəqqinin və sabitliyin təminatçısı Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən tam dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq".
Rəhman SALMANLI,
"Azərbaycan"