Bəşər var olan gündən qadın həmişə bütün
müzakirələrin mərkəz nöqtəsi olub. Kimisi ona insanlığı bir almaya satan şeytan
deyib, qanlı müharibələrin səbəbkarı sayıb, kimisi də varlığından utanaraq diri-diri
torpağa basdırıb...
Digər tərəfdən də qadın və ana adı hər zaman
qoşa çəkilib. Şairlər vəsf edib onları, nəğmələrdə tərənnüm olunublar. Cənnətin
belə onların ayağı altında olması bəyan edilib, ləpirinin düşdüyü hər yer müqəddəs
sayılıb. Amma təəssüf ki, indi artıq bütün dünyada qadın və şiddət sözləri daha
çox bərabər çəkilir. Və söhbət təkcə fiziki şiddətdən getmir. Burada hələ doğulmadan
ölümə məhkum edilən qız uşaqlarının eşidilməyən harayından, fikirləri nəzərə alınmadan
ər evinə göndərilən yeniyetmə gəlinin göz yaşından, cəmiyyətin qəlibləşmiş yanlış
stereotiplərinin basqısından səssizcə, için-için əriyən qadınlardan danışılır...
Dünyada qadınların 70 faizi məişət zorakılığından
əziyyət çəkir
25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq
Mübarizə Günüdür. BMT Baş Məclisi 1999-cu ildə bu günü elan edib və onun tarixi
1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. Həmin
vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı
vəhşicəsinə öldürülüb.
Statistikaya əsasən, hazırda qadınların təxminən
70 faizi məişət zorakılığından əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatının
(BMT) məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir
dəfə fiziki və ya cinsi zorakılığın müxtəlif formalarına məruz qalır. Hətta müstəqil
və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət
zorakılığının qurbanı olur. Qadın zorakılığının bütün formalarına etirazın rəmzi
isə ağ lentdir.
Təəssüf ki, qadına qarşı fiziki və psixoloji
zorakılıq halları ölkəmizdə də mövcuddur. Hazırda Azərbaycan qadınının qarşılaşdığı
problemlər, çətinliklər, onların aradan qaldırılması üçün görülən işlərlə bağlı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru,
professor Hicran Hüseynova ilə həmsöhbət olduq.
Ailədə baş verən zorakılıqla bağlı yerlərdə
monitorinq aparılması çox çətindir
Zorakılığın əsas səbəbləri barədə danışan
Hicran Hüseynova deyir ki, bunlar hərbi münaqişələrin və konfliktlərin artdığı bir
zamanda qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun
dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış
stereotiplər və s. amillərdir. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu
isə bu hallarla mübarizəni gündəmə gətirir: "Bütün dünyanın diqqətində olan bu problem
Azərbaycan cəmiyyətini də narahat edir. Ölkəmiz bu gün öz dinamik inkişaf dövrünü
yaşayır və bütün sahələrdə müsbət nəticələr əldə edilib. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan müasirləşən, yeniləşən modern ölkəyə çevrilib. Tərəqqiyə
baxmayaraq, bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizdə də bəzi problemlər mövcuddur.
Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə
cəmiyyət üçün təhlükəlidir. Bu məqsədlə də ölkəmizdə kompleks tədbirlər həyata keçirilir”.
Komitə sədrinin sözlərinə görə, ailədə baş
verən zorakılıq halları ilə bağlı yerlərdə monitorinqlərin aparılması çox çətindir.
Çünki zorakılığa görə risk qrupuna daxil olan ailələrdə gün ərzində monitorinqlərin
aparılması mümkünsüzdür.
Lakin tezliklə belə hallar diqqətdən yayınmayacaq.
Ona görə ki, ölkədə zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni
texnologiyanın - onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur.
Hicran Hüseynova söyləyir ki, onlayn monitorinq
sisteminin qurulması məsələsi məişət zorakılığı və qadın hüquqlarının təmini ilə
bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün rəhbəri olduğu komitə tərəfindən
hazırlanan təkliflərə daxil edilib: "Bu sistem imkan verəcək ki, ailədə baş verən
zorakılığın qarşısı həmin an olmasa belə, çox qısa bir vaxt ərzində alınsın. Bunun
üçün ailəyə lazımi yardım göstəriləcək. Məsələn, ailəyə sosial işçilər, psixoloqlar,
hüquqşünaslar, yerli sığınacaq mərkəzlərindən əməkdaşlar cəlb ediləcək və digər
qabaqlayıcı tədbirlər görüləcək”.
Stereotiplər, məsuliyyətsizlik, ailə münasibətlərinə
müdaxilə...
Komitə sədri qeyd edir ki, cəmiyyətdə qadın
və uşaq hüquqlarının müdafiəsi sahəsində, erkən nikahların, zorakılıq hallarının,
selektiv abortların qarşısının alınması istiqamətində vacib araşdırmalar həyata
keçirilir.
Məişət zorakılığı Elektron Məlumat Bankına
daxil olan informasiyalar əsasında məişət zorakılığını doğuran səbəbləri araşdırmaq
mümkün olur. Səbəblər kimi ailədə mövcud olan stereotiplər, bəzi gənclərimizdə və
valideynlərdə məsuliyyətsizlik hissi, digər şəxslərin ailə münasibətlərinə müdaxiləsini
qeyd etmək olar: "Məişət zorakılığı elektron məlumat bankının fəaliyyəti nəticəsində
biz müvafiq dövlət qurumlarından mütəmadi məlumatları əldə edirik və bu məlumatlar
bizə kömək edir ki, zorakılıq faktını dərindən izləyək. Bankın fəaliyyətində Daxili
İşlər Nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq edirik. Burada daha çox kimlərin zorakılığa məruz qalması, hansı
növ zorakılıq faktının daha çox baş verməsi, eləcə də zorakılıq törədənlə qurbanın
təhsil səviyyəsi, iqtisadi göstəriciləri də əks olunur”.
Komitə ilk növbədə araşdırmalara əsaslanaraq
ictimaiyyətin diqqətini bu məsələyə yönəldir, xüsusilə regionlarda, hətta kəndlərdə
görüşlər keçirilir. İkincisi isə, işin hansı istiqamətdə aparılmalı olduğu müəyyən
edilir: "Məsələn, banka yığılmış məlumatların təhlili göstərdi ki, aztəhsilli və
iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınların,
xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda
iştirakı daha da gücləndirilməlidir”.
Selektiv abort, erkən nikahın ağır fəsadları
Hicran Hüseynova təəssüflə qeyd edir ki,
selektiv abort, erkən nikah kimi yanlış addımlara ölkəmizdə də rast gəlinir. Bu,
dünyada mütəmadi baş verən, cəmiyyətləri çox narahat edən məsələlərdəndir və bu
istiqamətdə vacib tədbirlər həyata keçirilir.
Komitə sədrinin sözlərinə görə, bu gün ölkəmizdə
qanunvericilik bazası təkmilləşdirilir, fərman və sərəncamlar imzalanır, dövlət
proqramları icra edilir. "Uşaq hüquqları haqqında” qanun, bir çox dövlət proqramları,
vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində
milli konsepsiyanın inkişafında xüsusi rol oynayır.
Eyni
zamanda, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlara ailə qurmaq üçün minimum
yaş həddi 17-dən 18-ə qaldırılıb, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik
yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə
məsuliyyət müəyyən edilib. Erkən nikahlarla bağlı statistikaya nəzər yetirəndə görürük
ki, 2011-ci ildə təxminən 5.138 fakt aşkarlanmışdısa, indi bu rəqəm 10 dəfədən də
çox aşağı düşərək 2017-ci ildə sayı 317 təşkil edib.
Hicran Hüseynova onu da diqqətə çatdırdı
ki, komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi
tərəfindən baş verən erkən nikah faktlarının, zorakılıq hallarının qarşısının alınması
istiqamətində işlər davam etdirilir. Mərkəzlərdə risk qrupundan olan qadın və uşaqlara
hüquqi, psixoloji və digər müvafiq xidmətlər göstərilir. "Sağlam ailə - sağlam cəmiyyətin
təməlidir”, "Yaşlı nəslin təcrübəsindən faydalanaq”, "Sağlam həyat naminə erkən
nikaha yox deyək”, "Ailə, Məktəb, Cəmiyyət” adlı maarifləndirici layihələr həyata
keçirilir: "Ən vacib məqamlardan biri odur ki, Prezident İlham Əliyevin sərəncamı
ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş
və onun əsasında dövlət qurumları arasında monitorinq qrupu yaradılmışdır. Ölkə
uşaq, o cümlədən, qızların hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək
tədbirləri də artıq müəyyən edib. Bununla bağlı cənab Prezidentin fərmanı ilə "Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası imzalanıb. Konsepsiyaya əsasən Uşaq Strategiyası
hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Uşaq Məcəlləsi layihəsi hazırlanaraq
aidiyyəti qurumlara göndərilib və razılaşdırılma mərhələsindədir. "Azərbaycan Ailəsi
Strategiyası” artıq hazırlanıb və ictimai müzakirəyə verilib. Həmin sənədlərdə digər
məsələlərlə yanaşı, "Ailə psixoloqu” institutunun yaradılması da nəzərdə tutulub
ki, bu da öz müsbət nəticəsini göstərə bilər”.
Zorakılığa məruz qalan insanlar üçün sığınacaqlar
azdır
Komitə sədri deyir ki, qarşıya çıxan problemlərin
öhdəsindən gələ bilmək üçün mərkəzdə və ya ucqar yerlərdə olmasından asılı olmayaraq,
hər yerdə təhsilli, təcrübəli qadınlar fəal olmalıdırlar. Onun sözlərinə görə, doğulan
uşaqların cinsi nisbətinin pozulması və məişət zorakılığına məruz qalan insanlar
üçün sığınacaqların az olması kimi problemlərin həlli bu gün çox aktualdır: "Azərbaycanda
fəaliyyət göstərən qadın sığınacaqları bu problemlərə yardımçı olur. Bakı, Gəncə,
Sumqayıt olmaqla qeyri-hökumət təşkilatları tərəfindən 10 qadın sığınacaq mərkəzi
fəaliyyət göstərir. Yaxşı olardı ki, zorakılığa məruz qalan qadınlar üçün dövlət
sığınacaqları yaradılsın, xüsusən də bölgələrdə sayı çox olsun. Bir çox ölkələrdə
"one stop” (1 dayanacaq) adlı mərkəzlər mövcuddur ki, burada vahid şəkildə onlara
tibbi, hüquqi, reabilitasiya xidmətləri göstərilir, qadınların təhlükəsizliyi təmin
edilir. Bundan əlavə, bələdiyyələrdə gender bərabərliyi komissiyasının yaradılması
nəzərdə tutulur. Bu komissiyanın üzvləri bələdiyyələrdən, alimlərdən, ziyalılardan,
müəllimlərdən, ağsaqqallardan, ağbirçəklərdən, müvafiq qurumların nümayəndələrindən
ibarət ola bilər”.
Azərbaycanda güclü hüquqi qanunvericilik
bazası mövcuddur
Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik
bazası yaradılıb və gender ekspertizası aparılıb. İnsan hüquqlarının, xüsusilə də
qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası
ilə bağlı da artıq müsbət nəticələr var.
Hazırda bütün yerli icra hakimiyyətlərində
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb,
gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Monitorinq qrupları
baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla
təmin edilməsi üzrə lazımi tədbirləri həyata keçirir.
Eyni zamanda, "Məişət zorakılığının qarşısının
alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində işlər görülüb.
Həmçinin komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə hazırda "Kənd və rayon yerlərində
yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım
layihəsini uğurla davam etdirir.
Qadınlarımız bütün sahələrdə aktivlik nümayiş
etdirirlər
"Bu sahədə dövlətin əsas prioritetləri sırasına
insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq faktlarının aradan qaldırılması,
eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması daxildir”
söyləyən Hicran Hüseynova qeyd edir ki, cəmiyyət dəyişdikcə, inkişaf etdikcə problemlər
də dəyişir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımızın bir çox problemlərinin
həlli istiqamətində əməli addımlar atılmışdır. Amma reallıq budur ki, problemsiz
sahə yoxdur. Bu gün qadınlarımızın üzləşdiyi problemlər sırasında elə haqqında danışdığımız
məişət zorakılığına məruz qalma, bəzi kənd yerlərində hələ də erkən nikahların baş
verməsi, boşanmalar xüsusilə qabarır. Lakin əvvəlki illərlə müqayisədə görürük ki, problemlərin həlli istiqamətində müsbət
irəliləyişlər baş verir. Ümumiyyətlə, ölkəmizin məişət zorakılığı ilə mübarizə sahəsində
öz təcrübəsi formalaşıb. Gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının
müdafiəsi, qadınlarımızın irəli çəkilməsi və qadınlarla bağlı bütün məsələlər Prezident
İlham Əliyevin daim diqqətindədir. Bu gün qadınlarımız bütün sahələrdə aktivlik
nümayiş etdirirlər, elə bir sahə yoxdur ki, biz orada qadın əməyini görməyək”.
Komitə sədri məlumat verdi ki, hazırda qadınlarımızın
idarəçilikdə, təmsilçilikdə artan fəaliyyəti müşahidə olunur. Məsələn, parlament
üzvləri arasında qadınların iştirak səviyyəsi 2000-ci ildə 10,7 faiz idisə,
2015-ci ildə keçirilən seçkilərdə bu rəqəm artaraq, 16,8 faizə yüksəlib. Bələdiyyə
üzvləri arasında qadınların iştirak səviyyəsi 2004-cü ildə 4 faiz təşkil edirdisə,
2014-cü ildə 35 faizə qalxıb.
Eləcə də bütün rayon icra hakimiyyəti orqanlarında
icra başçısı müavinlərindən biri qadındır. 2012-ci ildə qadın sahibkarların sayı
71 min civarında olduğu halda artıq 2018-ci ilin birinci rübə dair vəziyyətinə əsasən,
regionlar üzrə qeydiyyatda olan qadın sahibkarların sayı 172.616 nəfər təşkil edib.
Hicran Hüseynova əminliklə qeyd etdi ki, növbəti illərdə də belə müsbət statistikaların
şahidi olacağıq.
Sənə zəif və zərif cinsin nümayəndəsi deyiblər,
elə özün də həmişə bu iki söz arasındakı dərin ümmanda çırpına-çırpına qalmısan,
hansı sahilə üzəcəyinə qərar verə bilməmisən... Səninlə ailədə, cəmiyyətdə, ictimaiyyət
arasında imtiyazlı nümayəndə kimi davranıblar, etiraz etməmisən...
Kiminsə köməyinə, dayağına möhtac olduğunu,
"özün müstəqil şəkildə heç bir şeyə nail ola bilməzsən” hissini təlqin ediblər,
dinməmisən. Bəlkə elə bütün problemlərinin
altında yatan səbəb yaşadığın bu tərəddüddür...
Malik olduğun qüdrətin, gücün fərqində deyilsən,
qadın... İki ali məxluqdan biri, Yaradanın yerdəki davamçısı, insanlara can bəxş
edən, həyatı əbədiləşdirən qadın...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”