24 Dekabr 2022 02:38
439
SİYASƏT
A- A+
Zəfər salnaməsi və şəxsiyyət amili

Zəfər salnaməsi və şəxsiyyət amili

 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini mühüm beynəlxalq tədbirlərdə dəfələrlə ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə 2003-cü ildən Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdır.
Son illər ərzində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas amillərdən biri oldu. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, biz Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idik: "Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi".
Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.

 

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi - "Valday"dan dünyaya bəyan edilən "Qarabağ Azərbaycandır və nida işarəsi"

 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etdi. Bununla yanaşı, dövlətimizin başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. "Valday" klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və bu gün müasir dünya nizamının aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bildirən dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu gün də davam etdiyini bildirərək dünyaya mesaj verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Prezident İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi, qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj oldu.

 

Ermənistanın dövlət terrorizmi siyasətinin və faşist ideologiyasının faktlarla təsdiqi

 

Bunun ardınca oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib".
Dövlətimizin başçısı vurğuladı ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb".
Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək bildirdi ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" sərlövhəli məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları tərəfindən 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur".
Prezident İlham Əliyev 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəlin qoyulduğunu, Ermənistanın yeni hakimiyyətinin bu heykəli götürmədiyini bildirərək diqqətə çatdırdı ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

 

Münhendə Ermənistanın yalan üzərində qurulmuş təbliğatının tarix və beynəlxalq hüquq baxımından ifşa edilməsi

 

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş vermişdir.
Qeyd etmək lazımdır ki, hələ bundan əvvəl XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi ("Andlı öhdəlik") imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.
Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813-cü il 12 oktyabr) və Türkmənçay (1828-ci il 10 fevral) müqavilələri kimi sənədlər də təsdiq edir. Nəticədə 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülmüş, bu proses bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərmişdir.
Prezident İlham Əliyev vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Qarabağ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının tərkibində, sonralar 1921-1991-ci illərdə isə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olub.
Ancaq Ermənistan rəhbərliyi tarixi faktları ermənisayaq "təfsir" edərək bildirir ki, Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, eyni yolla Qarabağ həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqilliyini əldə edib. Bundan əlavə, Ermənistanın baş naziri tarixdən xəbərsiz və əsassız olaraq bildirirdi ki, Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına qərar vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev tutarlı faktlarla bu saxta tezisi də ifşa etdi. Həqiqətən də, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: "Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin".
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tarixçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda "Azərbaycan SSR-in hüdudlarında saxlanılsın" əvəzinə, "Azərbaycan SSR-ə verilsin" yazılardı. Nəticədə Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur.

 

BMT Baş Assambleyasında Ermənistanın hüquqazidd əməlləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması

 

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı dünya birliyinin diqqətinə Ermənistanın təcavüzkar siyasəti haqqında məlumatları bir daha geniş şəkildə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan Beyrutdakı partlayışdan sonra vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməniəsilli livanlıları yerləşdirməklə qanunsuz məskunlaşdırma siyasəti ilə məşğuldur və bu da 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır, eləcə də müharibə cinayətidir. Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllü dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırır və Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən, dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarca dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onlardan Azərbaycana qarşı istifadə edir, eləcə də erməni ASALA terror təşkilatının işğal edilmiş Azərbaycan ərazilərində olması ilə bağlı etibarlı məlumatlar var. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetirmiş, Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.
Prezident İlham Əliyev vurğuladı ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir və mənfur nasist general Qaregin Njde "milli qəhrəmana" çevrilib, İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistan paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.
Dünya birliyinin diqqətinə çatdırıldı ki, Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "azərbaycanofob" fikirlər əks olunub. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən azərbaycanofob bəyanatları və edilən təxribatlar bu ölkənin Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir və biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.
Prezident İlham Əliyev təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirdi: "Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir".
Bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağıran Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!"

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsi: hərbi-diplomatik və informasiya məkanında uğurları

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Silahlı Qüvvələrimizin  sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 22-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələri özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"
Qeyd etmək vacibdir ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın "qüdrətli ordusu"nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında qalan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik" mifologiyasına son qoydu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr 30 ildən artıqdır ki, davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə "Əl-Cəzirə", "Əl-Ərəbiyə" "TRT Haber", "Pervıy Kanal", "CNN Türk", "Euronews", "CNN International", "Sky News", "RBK", "Haber Global",  "Haber Türk", "NTV", "France 24" televiziya kanallarına, Rusiyanın TASS, "Ria Novosti" agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoruna verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə müsahibələrində, həm də 2021-ci il fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-in gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.
Azərbaycanın milli maraqlarını uca tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, professor, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!