03 Dekabr 2023 09:25
794
SİYASƏT
A- A+

Zəfər rəmzimiz, qürur ünvanımız

 

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması qəhrəman döyüşçülərimizin qazandığı əbədi qələbəyə misilsiz töhfədir

 

"Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir".
2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını dalğalandıran zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi bu sözlər ana torpağı canlarından çox sevən cəsur oğullarımızın qəhrəmanlığına verilən ən yüksək qiymətdir. 
Vətən müharibəsində haqq uğrunda irəli atılan igid övladlarımız canlarını Vətənə sipər edərək qarış-qarış torpaqlarımızı azad etdilər, 44 günün hər birində bizə zəfər sevinci yaşatdılar. İgidlərimiz çıxdıqları Zəfər yolunda yağış, çovğun, çən-çiskin, şaxta bilmədən irəlilədilər, sıldırımlar aşdılar, nə üzərlərinə dolu kimi yağdırılan mərmilər, nə tikanlı məftillər onlara mane oldu. Yaralansalar belə can ağrısı hiss etmədilər, bir an belə döyüşdən çəkilmədilər, doğma torpaqdan aldıqları güclə, haqdan doğan qüvvətlə vuruşdular, çarpışdılar, düşmənin nəfəsini kəsdilər, qələbə qazandılar... Şuşadan, Qarabağın baş tacından düşmənin bağrını yaran Zəfər nərəsi çəkdilər...
Vətən sevdalı Azərbaycan oğulları 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saata suverenliyimizi bərpa etdilər, Xankəndidən, Xocalıdan, Xocavənddən, Ağdərədən, Suqovuşandan "Qarabağ Azərbaycandır" haqq nidasını hayqırdılar...

 

Misilsiz qəhrəmanlığın təcəssümü 

 

Azərbaycan xalqı olaraq böyük qəhrəmanlıqla torpaqlarımızı 30 illik işğaldan qurtaran, suverenliyimizi bərpa edən igid oğullarımızla fəxr edirik. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna dərin ehtiram duyur, onların əziz xatirəsini daim uca tuturuq. 
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılır.  Kompleksin və muzeyin yaradılması Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. 
Artıq kompleksin və muzeyin layihəsi hazırdır. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

 

Birliyin rəmzi

 

8 Noyabr prospektində inşa olunan Zəfər parkı 9 hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.
Zəfər muzeyinin əsas girişində yaradılacaq "dəmir yumruq" simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcək. "Dəmir yumruq" Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.
Parka doğru keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti - Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər parkında həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın aşağı hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq.
Qeyd edək ki, bu il sentyabrın 27-də - Anım günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər parkında aparılan işlərlə tanış olublar.
Xalqımız, dövlətimiz igid döyüşçülərimizin Vətən uğrunda apardıqları Zəfər mübarizəsində göstərdiyi hünəri daim yüksək dəyərləndirir, bu torpaq uğrunda canını qurban verən şəhidlərimizin müqəddəs haqq savaşını sonsuz minnətdarlıq hissi ilə qiymətləndirir. 
Vətən sevdalı qəhrəman oğullarımız, Vətən fədailərimiz qürur mənbəyimiz, fəxr ünvanımızdır!

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video