Dahi insanlar, böyük tarixi şəxsiyyətlər zamanın axarı ilə getmirlər. Fitri istedadları, fövqəladə işləri, uzaqgörənlikləri və zəkalarının gücü ilə zamanı qabaqlamağı bacarırlar. Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə gördüyü işlərlə hər zaman qürur duyduğumuz Ümummilli Lider Heydər Əliyev dünyada tarix yaradan nadir şəxsiyyətlərdəndir.
Prezident İlham Əliyevin bir fikrini yada salaq: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir". Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf edən, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanan, bugünkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev demişdir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub".
Biz xalqımız, vətənimiz, dövlətimiz üçün ən çətin məqamlarda, taleyüklü məsələlər həll olunanda Ulu Öndər Heydər Əliyevi öndə görmüşük. Bütün həyatı boyu Azərbaycan xalqının rifahını düşünən dahi şəxsiyyət bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqı qazanıb.
Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Heydər Əliyevin liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas göstəricilərindəndir.
Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.
Keçmişindən bəhrələnən, bu günü ilə fəxr edən, gələcəyə yeni hədəflərlə addımlayan dövlətlər, xalqlar daim "tarixin dərsi" kimi qəbul olunan sərt və çətin sınaqlardan şərəflə çıxır, bundan qürur duyur, varlığını təsdiqləyir, beynəlxalq birliyin fəal üzvü kimi cərəyan edən proseslərə təsir imkanlarına malik olur. Heydər Əliyevin yüksək idarəetmə bacarığı, böyük təcrübəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin mənfur planları pozuldu. Ulu Öndər Heydər Əliyev məram və məqsədini xalqa açıqlayarkən demişdir: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam".
Heydər Əliyev gücünün mənbəyi Azərbaycan xalqı, milli-mənəvi dəyərlərimiz idi. Dahi şəxsiyyət demişdir: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir".
Milli dəyərlərimizə, soy-kökümüzə qayıdışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə milli oyanışın əsasını qoymuşdur. Ümummilli Lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu Öndər demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü.
Ulu Öndər azərbaycançılıq ideologiyasını real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün ən düzgün vasitə hesab edirdi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən Ulu Öndər qeyd edirdi ki, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və gələcək nəsillərə ötürülməsində ana dilinin rolu əvəzolunmazdır. Azərbaycan xalqının tarixində bu həqiqətin canlı nümunəsini Ulu Öndər Heydər Əliyevin ana dilinə olan dərin sevgisində, onun qorunması və inkişafı uğrunda apardığı mübarizədə aydın şəkildə görmək mümkündür. XX əsrin ikinci yarısında, xüsusilə 1970-ci illərdə SSRİ-nin imperiya siyasətinin daha da gücləndiyi bir dövrdə milli dillərin sıxışdırılması, rus dilinin tək hakim dil kimi təqdim olunması cəhdləri müşahidə olunurdu. Belə bir siyasi mühitdə Azərbaycan dilinin qorunması, hətta onun dövlət dili kimi konstitusiyada təsbit olunması hər hansı sıravi rəhbərin deyil, yalnız böyük siyasi iradə sahibi olan, öz xalqını dərindən sevən və onun tarixi məsuliyyətini çiyinlərində daşımağı bacaran şəxsiyyətin - Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, dil hər bir xalqın varlığını yaşadan əsas faktordur.
Xalqın birliyini təmin edən əsas vasitələrdən biri onun ortaq dilidir. Dilin güclənməsi isə millətin özünüdərkinin, milli ideologiyanın, vətənpərvərliyin inkişafında mühüm rol oynayır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müzakirələr zamanı Ulu Öndər demişdir: "Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır". Bu gün Azərbaycan Respublikasında aparılan dövlət dil siyasəti məhz Ulu Öndərin yaratdığı ideoloji xəttin davamıdır. Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi dəyər, onun qorunması və inkişafı uğrunda apardığı mübarizə müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün möhkəm ideoloji və mənəvi bünövrə formalaşdırdı.
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdi…
Bu gün qazanılan bütün nailiyyətlərin kökündə Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Son 20 ilə yaxın dövrün xronologiyasını nəzərdən keçirdikdə Azərbaycanın möhkəm təməl üzərində möhtəşəm uğurlara imza atdığını böyük qürur hissi ilə qeyd edirik. 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev ilk gündən bildirdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu möhtəşəm uğura imza atmaq üçün Azərbaycan böyük yol keçdi, bunun üçün əsl zamanın yetişməsini gözlədi. Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsi idi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə müxtəlif istiqamətlərdən hücuma keçməsi ilə başlanan Vətən müharibəsində Qarabağ problemi birdəfəlik həllini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordumuza "Hücum!" əmri verməsi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə 30 illik işğala son qoydu. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlının yaddaşına əbədi həkk olaraq böyük sevinc və qürur hissləri yaratdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Elşən QƏNİYEV,
"Azərbaycan"