Bu gün 69
yaşı tamam olan Sumqayıt Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə
inkişaf edir
Tək Azərbaycanın
deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri
kimi şöhrətini gündən-günə artıran Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən
başlayır. Sovet hökumətinin Abşeron yarımadasında
növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 39-40-cı illərdə
burada Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur.
1941-ci ildə istilik elektrik stansiyası işə salınır. 1944-cü ildə kimya və metallurgiya zavodları tikilir.
1949-cu ildə isə Sumqayıta şəhər statusu verilir. Bununla da müasir Sumqayıtın şəhər
kimi tarixi başlayır. Bu gün həmin tarixdən 69 il ötür…
Heydər Əliyevin
hər səfəri böyük tarixi hadisəyə çevrilirdi
Sumqayıtın
inkişaf tarixində bir sıra əlamətdar hadisələr var. Bu sırada şəhərin müəyyən dövrlərdə
əsl tikinti meydanını xatırlatması xüsusilə diqqəti çəkir. Sumqayıt ötən əsrin
40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində
şəhərə yeni nəfəs verilir. Azərbaycana birinci
rəhbərliyi illərində sumqayıtlılar ulu öndərin
xüsusi diqqət və qayğısını hər zaman hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında,
sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin
əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda
olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur.
Heydər Əliyev
1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarı ilə metallurgiya
və kimya müəssisələri var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə bu
şəhərdə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi,
yeni istehsal müəssisələri istismara verildi. Ümumiyyətlə, 1969-82-ci illərdə ulu
öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verilmişdir.
Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları
kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyli adına "Kimyaçılar”
mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
Məhz 70-ci
illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti
meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan
nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Dünyanın demək
olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və
müəssisələrin əsaslı tikintisinin gedişi
ilə maraqlanan, tez-tez məlumatlar alan ölkə rəhbəri Sumqayıtı daim öz nəzarəti
altında saxlayır, onun ortaya çıxan bütün problemlərini operativ həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi
ki, 70-ci illərdə Sumqayıtda hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə
verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq
ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət
xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderin o dövrdəki
məqsədyönlü siyasətinin bəhrələridir.
1970-80-ci
illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı.
Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar
ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində
olmasına baxmayaraq bu cür inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət
və qayğısı sayəsində şəhər əhalisinin rifahı
durmadan yüksəlirdi. Sakinləri isə yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər
Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar,
əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.
Sovet İttifaqı
dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması,
eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod
və fabriklər öz fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu
proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi
də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü il dekabrın 18-də ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Sumqayıta
gəlmiş, şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak
etmiş, Tarix muzeyində olmuş, "Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra
hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu öndərin
uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi
inkişafına böyük təkan vermiş, qurub yaratmağa yüksək həvəs, gələcəyə böyük inam
yaranmışdır. Bundan sonra Heydər Əliyev 5 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə
iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bu səfərlər ulu öndərin Sumqayıta
və sumqayıtlılara böyük diqqətinin təzahürü idi.
Şəhərin yüksəlişinə
yol açan 20 səfər
Ümummilli
liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə bu idi ki, Sumqayıt yenidən ənənəvi
sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr
açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait
yaradılsın və yeni iş yerləri açılsın, Sumqayıt yenidən iqtisadi və kadr potensialı
ilə seçilən bir şəhərə çevrilsin.
Son 15 ilin
mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Çünki
Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi
Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri
ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən
Prezident İlham Əliyevin əsas hədəflərindəndir. Bu gün Sumqayıt Prezidenti İlham
Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin
son 15 ildə Sumqayıta 20 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri
şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlanının həyata
keçirilməsinə təkan verib.
Bu illərdə
regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası
nəticəsində ölkənin makroiqtisadi gostəricilərində şəhərimizin xüsusi çəkisi yuksəlib,
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin
fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur
obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.
Modern sənaye
mərkəzi
Sumqayıt müəyyən
dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu istiqamətdə inamla irəliləyir.
Ona görə, əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir.
Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma,
elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri
daxildir.
Son 10 ildə gücü 525 MVt olan Elektrik Stansiyası,
"Sumqayıt-3” yarımstansiyası tikilmiş, "Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş,
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex”
Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil
olan "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq”in kağız və karton emalı
kombinatı və yağ istehsalı fabriki, "Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans
Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt” MMC-nin beton boru və
beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri
yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, "Tabaterra” QSC-nin
tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu,
pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları,
polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı
müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif
istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, "Azərtexnolayn” MMC-nin polad və
polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları,
"Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu, "SOCAR Polimer”
layihəsi çərçivəsində polipropilen zavodu
istifadəyə verilmişdir.
Noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında
"Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında
Prezident İlham Əliyev Sumqayıtın sənaye şəhəri kimi bundan sonra da uğurla inkişaf
edəcəyini bildirib: "Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt
ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox
böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur
layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz
səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır.
Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, "ASAN xidmət”
mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt
sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün
vəzifələri bundan sonra da uğurla icra edəcəyik”.
Təsadüfi deyil ki, şəhərdə ümumi daxili məhsul
buraxılışı 2003-cü ilə nisbətdə 2017-ci ildə 9,5 dəfə, sənaye məhsulunun həcmi
9,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 20 dəfə, o cümlədən tikinti-quraşdırma işləri
20 dəfə artmışdır. Bu ilin yanvar-oktyabr ayları ərzində isə ÜDM buraxılışı 1,6
milyard manat, sənaye müəssisələrində məhsul
istehsalı 1,1 milyard manat təşkil edib.
Onu da qeyd edim ki, yeni müəssisələrin yaradılması nəticəsində Sumqayıtda
2003-2017-ci illər ərzində 61880-i daimi olmaqla, 78620 yeni iş yeri açılmışdır.
Dünyanı heyran qoyan şəhər
Prezident İlham Əliyevin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və
tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər
sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində də əsaslı dönüş
yaradıb. Ölkə rəhbərinin tövsiyələri, tapşırıqları və dəstəyi sayəsində Sumqayıtda
abadlıq, quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri,
şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı
layihələr icra olunub. Xüsusilə Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində
şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən başlayaraq abadlıq, quruculuq,
yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılıb və qısa
müddətdə uğurla başa çatdırılıb. Bunlardan biri şəhərin əsas giriş yolu olan Sülh
küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə
çatdırılmasıdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr
uzunluğunda yenidən qurulub, yolun eni 13 metrə çatdırılıb. Corat qəsəbəsindən keçən
hissədə sakinlərin istirahəti üçün park salınıb.
Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən
sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa,
100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən
qurulmuşdur. Binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş,
iki fəvvarə və monitor quraşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda
yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib,
əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda yeni yaşıllıq zolağı salınıb,
rəngli fəvvarələr kompleksi və Bayraq Meydanı tikilib və uşaqlar üçün əyləncə mərkəzi
inşa olunub.
Heydər Parkında sahəsi 5 min kvadratmetr
olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndərin ağ mərmərdən
heykəli ucaldılıb. Mərkəzdə onun həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik
iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana,
xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya,
gənclər üçün diskussiya zalları fəaliyyət göstərir.
Parkda müasir memarlıq üslubunda sahəsi
2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli uşaq incəsənət məktəbi tikilib. Məktəbdə
60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və
200-dən artıq müəllim çalışır. Yenidənqurma
işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli şahmat məktəbi
də tikilib və müasir avadanlıqla təchiz edilib.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada
heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən
biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin
istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən dənizkənarı
bulvardır. Ötən il Madriddə
və Parisdə keçirilən "Global Trade Leaders Club”un forumlarında Sumqayıtın yeni
salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına
layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt
bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Şahmat məktəbi,
Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi,
"Asan xidmət” mərkəzi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, 500 metr uzunluğunda
tərsanə, şəhərin əsas giriş yolunda Bayraq Meydanı, Paraolimpiya və Olimpiya idman
kompleksləri, əlillərin bərpa mərkəzi, şəhər
prokurorluğunun binası da Sumqayıtın son illərdəki yeni ünvanlarıdır. Bunlardan
başqa son illərdə Sumqayıtın Tarix muzeyi, Cümə məscidi, mərkəzi xəstəxana, "Kimyaçılar”
Mədəniyyət Sarayı, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama
İdman Məktəbinin binaları, 7650 şagird yerlik 8 məktəb binası, General M.Əsədov
adına 1176 şagird yerlik gimnaziya əsaslı
təmir edilib. Həmçinin əlillərin bərpa mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə
240 mənzilli 5 yaşayış binası tikilmiş, 600-dən artıq çoxmənzilli yaşayış binasının
dam örtükləri dəyişdirilmiş, 1660 şagird yerlik 5 məktəb binası, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin
tədris korpusu tikilmişdir.
Prezident
İlham Əliyevin yaxından köməyi sayəsində son illərdə istismar müddəti ötmüş 305
ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı,
54 liftdə cari təmir işləri aparılmışdır. 82 ədəd lift "onlayn” rejimdə işləyən
intellektual idarəetmə sisteminə - Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulmuşdur.
Hazırda digər liftlərin də bu xidmətə qoşulması istiqamətində işlər aparılır.
Son səfərindən
sonra Prezident İlham Əliyevin Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam
etdirilməsi məqsədilə 5 milyon manat, avtomobil yollarının əsaslı təmiri işlərinin
davam etdirilməsi ilə bağlı ilkin olaraq 1,5 milyon manat ayırması şəhərimizdə abadlıq
və quruculuq işlərinin sürətlə həyata keçirilməsinə yol açacaq. Sumqayıt ictimaiyyətinin
nümayəndələri bütün bunlara görə, cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildirir,
abadlıq və quruculuq işləri üçün yeni vəsait ayrılmasını şəhərimizin inkişafına
diqqət və qayğısının təzahürü kimi qiymətləndirirlər.
Hazırda möhtərəm
Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın
təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda
936 ailənin və Stansiya Sumqayıt yaxınlığında 1000 ailənin köçürülməsi üçün yeni
yaşayış binaları inşa edilir.
Prezident İlham Əliyevin diqqəti və qayğısı
ilə görülən işlər nəticəsində Sumqayıt həm gözəlləşib, həm də şəhərimizdə tamamilə
yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara
ən yüksək standartlar çərçivəsində xidmət edəcək. Cənab Prezidentin qayğısı və diqqəti
isə bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir. Bu xoş gündə dövlətimizin
başçısını bir daha əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da
layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq.
Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı