Paytaxtda ictimai nəqliyyatın daha səmərəli fəaliyyəti üçün atılan növbəti addım nə vəd edir?
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bu il mayın 7-də imzaladığı fərmana əsasən, Bakı Metropoliteni "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir. Bu qərar paytaxtın ictimai nəqliyyat sistemində vahid idarəetmə modelinin formalaşdırılması, metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır. Bu, paytaxtda nəqliyyatın daha rahat, səmərəli və müasir tələblərə cavab verən şəkildə təşkili istiqamətində atılmış strateji addımdır.
"BakuBus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi Xidməti" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Həyata keçiriləcək mərhələli tədbirlərdə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, sərnişin rahatlığının artırılması və şəhər mobilliyinin daha səmərəli təşkili nəzərdə tutulur. Yeni idarəetmə modeli ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişafına, təhlükəsizlik və operativliyin artırılmasına xidmət göstərməklə yanaşı, sərnişinlərə xidmətlərin fasiləsizliyini də təmin edəcək. Bu, ölkəmizdə, özəlliklə də paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında yeni və keyfiyyətcə irəliləmiş bir dövrün başlanğıcı hesab olunur.
Dünyanın bir çox şəhərində artıq 15 ildən çoxdur tətbiq olunan bu yanaşma sərnişinlərə daha əlçatan, koordinasiyalı və rahat nəqliyyat təmin etməyi hədəfləyir. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu təcrübə artıq uzun müddətdir uğurla tətbiq olunur. Eyni yanaşma artıq ölkəmizdə də tətbiq olunacaq, Bakı şəhərində sərnişinlər metro, avtobus, tramvay və taksi xidmətlərindən vahid, əlaqələndirilmiş sistem çərçivəsində istifadə etmək imkanına malik olacaqlar. Məqsəd odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın, əksinə, bir-birini tamamlasın. Sərnişin metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə vahid bir xidmət zəncirinin davamı olduğunu hiss etsin.
Bütün bu yeniliklər fonunda Bakı Metropoliteninin sərnişin sıxlığının yüksək olması və infrastruktura olan məhdud imkanlar ayrıca qeyd olunub. Hazırda Bakı Metropoliteni dünyada fəaliyyət göstərən 213 metropoliten arasında sərnişin sıxlığına görə top onluqda yer alır. İnfrastrukturun qısa müddətdə genişləndirilməsinin mümkün olmaması nəzərə alınaraq, sıxlığı azaltmaq məqsədilə qatarların hərəkət intervalları daha da qısaldılır və sərnişin axını tədricən nizamlanır. "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyir: "Əvvəllər Bakı Metropoliteninin ən sıx hərəkətə malik "Həzi Aslanov - 28 May" istiqamətində 30 cüt qatar fəaliyyət göstərirdi. Bu, uzun müddət metropolitenin texniki imkanlarının ən maksimal həddi sayılıb. 2025-ci ildən biz intervalları mərhələli şəkildə azaltmağa başladıq: əvvəlcə bunu 32 cüt qatara, daha sonra 34-ə, hazırda axşam pik saatlarda 36 cüt qatara çatdırmışıq. Bunun təməlində infrastrukturda yaxşılaşdırma işləri və hərəkət qrafikinin rəqəmsallaşması dayanır".
Bütün bu tədbirlər sərnişin sıxlığının müvəqqəti idarə olunmasına xidmət etsə də, uzunmüddətli həll yolu, əlbəttə ki, infrastrukturu genişləndirməkdən keçir. Bu məqsədlə paytaxtda 10 yeni metro stansiyasının tikintisi həyata keçiriləcək. Daha doğrusu, artıq bu işə başlanılıb. İnşa ediləcək stansiyalar Bakı Metropoliteninin sərnişin axınını daha effektiv şəkildə yönləndirməyə və şəhər mobilliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək. Məsələn, tikilməsi nəzərdə tutulan B-5 stansiyası metropolitenin sərnişin axınını balanslaşdıracaq, nəqliyyat əlçatanlığını artıracaq və şəhər mobilliyinin təkmilləşdirilməsinə xidmət edəcək. B-5 stansiyasının yerləşəcəyi ərazi geoloji baxımdan mürəkkb ərazidir. Bəs belə çətin relyefdə stansiya necə tikiləcək? Ərazinin geologiyası ilə bağlı Vüsal Aslanov deyir ki, 60-70-ci illərdə tətbiq olunan kesson üsulu artıq yoxdur: "Hətta deyərdim ki, indi qadağandır. Müasir tikinti texnikası çox inkişaf edib. Stansiyanın yerləşdiyi ərazi ciddi şəkildə təhlil olunub - stansiya və tunel qrunt suları səviyyəsinin daha alt hissəsinə yerləşdiriləcək. Dünya təcrübəsində çayların və boğazların altından keçən tunellər mövcuddur. Müasir tikinti texnologiyasında bunun çətinliyi yoxdur".
Bu infrastruktur yeniliklərlə yanaşı, rəqəmsal sistemin tətbiqi də sərnişin təcrübəsini xeyli təkmilləşdirir. Belə ki, artıq sərnişinlər metrodan istifadə zamanı real vaxt məlumatlarına çıxış əldə edəcəklər. Mobil tətbiq vasitəsilə QR-kodla ödəniş imkanı yaradılacaq, həmçinin hansı stansiyadan hansı stansiyaya daha tez çatmağın mümkün olduğu və günün hansı saatlarında sıxlığın az və ya çox olduğu əvvəlcədən izlənilə biləcək. Belə rəqəmsal yeniliklər kontekstində metropoliten rəisinin daha maraqlı xəbərləri var: "Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar "Google Maps"ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb. Hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır. Nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
Metropolitendə həyata keçirilən yenilənmə və modernləşmə tədbirlərinin mühüm istiqamətlərindən biri də vaqon parkının müasirləşdirilməsidir. Bu, metropoliten üçün həm də sərnişin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Mövcud 381 vaqondan ibarət parkın mərhələli şəkildə yenilənməsi, köhnə nəsil vaqonların istismardan çıxarılması və yaxın illərdə 299 yeni vaqonun alınması metropolitenin artan sərnişin tələbatına uyğunlaşdırılmasını təmin edəcək. Proses yeni xətlərin və stansiyaların istifadəyə verilməsinə, eləcə də interval azaldılması nəticəsində yaranan əlavə yükün qarşılanmasına xidmət edəcək. Bütün deyilənlər ona dəlalət edir ki, yaxın 10-12 il ərzində tamamilə müasir vaqonlardan ibarət parkın formalaşdırılması Bakı Metropolitenində daha komfortlu, təhlükəsiz və davamlı nəqliyyat xidmətinin təmin olunmasına şərait yaradacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"