VI çağırış
Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin etdiyi çıxış Azərbaycanda,
region ölkələrində və bütövlükdə dünyada gedən siyasi, iqtisadi və mənəvi proseslərə
verdiyi qiymət baxımından tarixi xarakter daşıyırdı. Bu çıxışla cənab Prezident
dövlətimizin yaxın və uzaq gələcəkdə Fəaliyyət Proqramının konturlarını ortaya qoydu.
Cənab Prezident
beşinci çağırış Milli Məclisin ölkəmizin uğurlu inkişafı istiqamətində rolunu qiymətləndirməklə
yanaşı, parlamentə növbədənkənar seçkilərin aparılan islahatları dərinləşdirmək
ehtiyacından irəli gəldiyini söylədi. O, islahatların cəmiyyətimizdə yaratdığı demokratiya
ab-havasının bir daha seçki prosesində də özünü göstərdiyini diqqətə çatdırdı. Buna
əyani sübut kimi, əhalinin seçkilərə heç vaxt olmadığı qədər marağını, 1300 nəfərin
namizədliyini irəli sürməsini göstərdi: "Bütün namizədlər üçün bərabər şərait yaradılmışdı,
ayrı-seçkiliyə yol verilməmişdi”.
Dövlət başçısı
ədalət naminə onu da vurğuladı ki, bütün dünyada seçkilər tam ideal keçirilmişdi.
Ən demokratik ölkələrdə belə qüsurlar labüddür. Əsas odur ki, məsul orqanlar seçki
prosesinə nəzarət edir, xalqın verdiyi namizədlərin hüquqlarının qorunması naminə
operativ tədbirlər görür. Ölkəmizdə 4 seçki dairəsinin, onlarla məntəqənin nəticələrinin
ləğv edilməsi buna nümunədir. Seçkilərin nəticələrinə uyğun Azərbaycanda çoxpartiyalı
parlamentin formalaşması da demokratiyanın inkişafında irəliyə doğru mühüm addım
oldu.
Hörmətli Prezident
parlamentin yeni heyətinə taleyüklü tövsiyələr verdi. Onları qanunvericilik bazası
hazırlayarkən kəmiyyət ardınca qaçmamağa, keyfiyyət məsələsini ön planda tutmağa
səslədi: "Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda Prezident tərəfindən
bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə
deyil”. Cənab İlham Əliyev bu iradı ilə deputatları ölkədə gedən proseslərdə fəal iştirak
etməyə, seçildiyi dairələrin əhalisinin problemlərini öyrənməyə, icra orqanları
qarşısında qaldırmağa səslədi.
Bu belə olarsa,
deputatlar həm də bəzi yerli icra hakimiyyətlərinin, Prezidentin təbiri ilə desək,
özünü "xan, bəy” qismində görən bir çox başçıların özbaşınalıqlarına meydan qalmaz.
Dövlət başçısı
xalqımızı narahat edən qlobal problemlərə də toxundu. "İndi koronavirusla bağlı
dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz
bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq”, - dedi. Təbii ki,
ölkə rəhbərinin bu inamının arxasında ötən qlobal böhran illərinin təcrübəsi və
iqtisadiyyatımızın gücü, hələ xeyli müddət əvvəl işlənib hazırlanmış qabaqlayıcı
tədbirlərin mükəmməlliyi durur. Məlumdur ki, koronavirus kütləvi hal almağa başlayandan
dünya iqtisadiyyatında, o cümlədən neft bazarında geriləmə olacağı proqnozlaşdırılırdı.
Azərbaycan bu mənfi təsirlərə hazır idi. Başqa sözlə, iqtisadiyyatımız kifayət qədər
yüksək maliyyə imunitetinə və təhlükəsizlik yastığına, eləcə də beynəlxalq kreditor
imkanına malikdir. Statistik göstəricilər də iqtisadiyyatımızın dinamik inkişafına
şahidlik edir. İqtisadiyyatımız son 16 ildə heç bir ölkədə müşahidə edilə bilməyəcək
həddə - 3,4 dəfə artıb. Yoxsulluq 50 faizdən 4,8 faizə düşüb. Xarici borc ümumi
daxili məhsulun 17 faizini təşkil edir. Müqayisə üçün deyim ki, bəzi inkişaf etmiş
ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizi qədərdir. Cənab Prezident
çıxışında bu məsələni xüsusi vurğuladı: "Önəmli məsələ ondan ibarətdir ki, valyuta
ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Üstəlik, istəsək xarici borcumuzu
bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin
valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.
Maaşların,
pensiyaların artımı 10 dəfədən çox olmuşdur. Ünvanlı sosial yardımla əhatə edilən
ailələrin sayının daha da artırılmasına nail olmaqdan ötrü cənab Prezidentin göstərişi
ilə mövcud metodologiyada düzəlişlər aparılıb. Məcburi köçkünlərə, şəhid ailələrinə
keçən il 934 mənzil verilmişdi. Bu il isə onlar 1500 mənzil alacaqlar. Daha 7 min
məcburi köçkün bu il yeni mənzillərə köçəcək. Cənab Prezident iqtisadi islahatlardan
danışarkən bildirdi ki, şəffaflıq hesabına təkcə keçən il büdcəyə proqnozdan əlavə
1 milyard manatdan çox vəsait daxil olub. Cari ilin ilk iki ayı ərzində vergi orqanları
proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait
yığıblar. Ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsul 6,7 faiz
artıb. Qeyri-neft sənayesi istehsalı sahəsində artım 21,7 faizdir.
Bu statistika
nədən xəbər verir? Bir qədər əvvəl vurğuladığım kimi, dünya iqtisadiyyatında böhran
get-gedə təhlükəli həddə yaxınlaşır. Neftin qiyməti aşağı düşür. Buna görə neft
istehsalçısı olan ölkələr təşviş içindədirlər. Azərbaycanda isə əhalinin gəlirləri
son iki ayda 9 faiz artıb. İnflyasiya isə cəmi 2,8 faizdir.
Cənab İlham
Əliyevin rəhbərliyi altında yaradılan böyük iqtisadi mənbə Azərbaycanı sosial dövlətə
çevirmişdir. Ötən il Prezidentin təşəbbüsü ilə reallaşan sosialyönümlü paket
4,2 milyon insanı əhatə etmişdir. Minimum əməkhaqqı, minimum pensiyalar müntəzəm
olaraq qaldırılmışdır.
Mən həm də
həmkarlar ittifaqı təşkilatının sədri olaraq, cənab İlham Əliyevin kölgə iqtisadiyyatının
tam aradan qaldırılması barədə fikirlərindən bir qədər geniş danışmaq istəyirəm.
Cənab Prezident haqlı olaraq bildirir: "Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər,
kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir,
vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur.
Ona görə də qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.
Cənab İlham
Əliyevin iqtisadi, sosial siyasətinin həyata keçirilməsində səylərini səfərbər edən
həmkarlar ittifaqı təşkilatları uzun illərdir ki, kölgə iqtisadiyyatı ilə mübarizə
aparır. Bakıda bu mövzuda beynəlxalq, respublika miqyaslı konfranslar, seminarlar
təşkil edilib. Bu tədbirlərə həmkarlar ittifaqı liderləri, işəgötürənlərin nümayəndələri
dəvət olunur. Biz qeyri-rəsmi iqtisadiyyata daxil irili-xırdalı müəssisələrdə həmkarlar
ittifaqı təşkilatı yaratmaqla, tərəfdaşlarımızla kollektiv müqavilələr bağlamaqla
həmin müəssisələri leqallaşdırmağa çalışırıq. Düzdür, heç də həmişə bu cəhdlərimiz
uğurlu alınmır. Amma uğurlu alınanları da az deyil. Güman edirəm ki, cənab Prezidentin
tapşırığından sonra Milli Məclis bu sahədə mövcud qanunları təftiş edəcək və onları
təkmilləşdirəcək.
Cənab Prezident
ənənəsinə sadiq qalaraq yenə də xalqımızın gələcəyi olan gənclərə münasibətini açıqladı.
İftixar hissi ilə bildirdi ki, gənclərimiz vətənə, milli köklərə bağlıdırlar, vətənpərvərdirlər.
Onlarda bu hissləri daha da möhkəmləndirmək üçün mənəvi və fiziki hazırlıqları diqqətdə
saxlamalı, əlavə tədbirlər düşünülüb həyata keçirilməlidir.
Yeri gəlmişkən
qeyd edim ki, Milli Məclisə və müvafiq qurumlara verilən bu tapşırıq həm də həmkarlar
ittifaqının birbaşa funksiyasına daxildir. Çünki ittifaqımızın üzvlərinin böyük
hissəsi gənclərdir. Biz hörmətli Prezidentin gənclərlə bağlı imzaladığı dövlət proqramlarına
uyğun olaraq uzun illərdir ki, iş aparırıq. Həyata keçirdiyimiz tədbirlərdə - festivallarda,
müsabiqələrdə, konfranslarda, spartakiadalarda, intellektual oyunlarda, ölkəmizin
regionlarında təşkil etdiyimiz səfərlərdə gənclər vətənini sevməyi öyrənir, onun
tarixini, bugününü, adət-ənənələrini mənimsəyirlər. Gənclərin elmə, peşələrə maraqları
artır. Nəhayət, indidən ictimaiyyətçi olmaq vərdişlərinə yiyələnirlər. Cənab Prezidentin
Milli Məclisdə gənclərlə bağlı qarşıya qoyduğu vəzifələr bizi bir daha vətəndaşlarımızın
bu təbəqəsi ilə apardığımız işi təftiş etməyə və daha da təkmilləşdirməyə istiqamətləndirdi.
Vitse-prezidenti
olduğum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) öz sıralarında dünyanın
163 ölkəsindən 200 milyondan çox həmkarlar ittifaqı üzvünü birləşdirir. BHİK-in
xəttilə hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı beynəlxalq tədbirlərdə iştirak
edir və Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışırıq. İndi isə Prezident
İlham Əliyev bizim bu istiqamətdə fəaliyyətimizi konkret ünvana yönəltdi.
Dövlət başçısı
Azərbaycan parlamentini beynəlxalq aləmdə təmsil edən deputatların qarşısında bu
gün daha böyük vəzifələrin dayandığını söylədi. Dedi ki, "Xüsusilə Ermənistan -
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq.
Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı
Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi
saxtakarlıq və mifologiya, Bu, əslində, onların xislətidir. Ona görə bizim deputatlar
bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.
Cənab Prezidentin
nitqi ilə bağlı bizim qarşımızda yeni vəzifələr qoyuldu:
- Biz iqtisadi
qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı fəaliyyətimizi gücləndirməliyik.
- Mövcud qanunların
icra vəziyyətini monitorinq etməli və bu tip qiymətləndirməyə uyğun olaraq qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı yeni addımlar atmalıyıq.
Ölkə Prezidenti
qəbul edilən qanunların, eləcə də qanunverici aktların icra vəziyyətinin yaxşılaşdırılmasının
vacibliyini xüsusi vurğuladı və parlamentin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinin
zəruri olduğunu bildirdi.
Yeni islahatların
əsas prioritetlərindən biri də parlamentlə mərkəzi icra hakimiyyəti orqanları arasında
münasibətlərin yeni müstəviyə qədəm qoyması, eləcə də Milli Məclisin rolunun artırılması,
mərkəzi icra orqanlarının məsuliyyətinin daha da gücləndirilməsidir.
Cənab İlham
Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında tarixi çıxışı bütöv bir proqram
sənəddir. Biz onu öyrənməli və işimizi bu əsasda qurmağı
bacarmalıyıq.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli
Məclisin deputatı