Azərbaycanın ali təhsil sektorunda önəmli
və özünəməxsus yeri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90
illik yubileyini qeyd edir. 90 illik tarixə nəzər saldıqda universitetin çox mürəkkəb,
keşməkeşli və şərəfli bir yol keçdiyini görmək mümkündür.
Araşdırmalar göstərir ki, Azərbaycanda
1930-cu ilə qədər ali təhsilli iqtisadçı kadrlar hazırlayan ayrıca təhsil müəssisəsi
olmamışdır. Buna baxmayaraq, 1930-cu illərə qədər müxtəlif ali təhsil müəssisələrində
iqtisadyönümlü fakültə və bölmələr fəaliyyət göstərmiş, bu və ya digər formada iqtisadçı
kadrların hazırlığı həyata keçirilmişdir. Sonradan ovaxtkı Azərbaycan İnqilab Komitəsi
tərəfindən yaradılan Bakı Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi
olmuşdur. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin İctimai elmlər fakültəsində
iqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.
Bu dövrdə təcrübəsizlik, elmi-pedaqoji kadrların məhdudluğu kimi bütün çətinliklərə
baxmayaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışacaq iqtisadçı
kadrların hazırlanması işinin təməlləri qoyulmuşdur. Həmin dövrün ayrı-ayrı kurslarında,
texnikumlarında, ali məktəblərin müvafiq fakültə və bölmələrində təhsil alan mütəxəssislər
sonradan iqtisadçı kadrların yeni nəslinin formalaşması prosesində yaxından iştirak
etmişdir.
1920-ci illərin sonundan başlayaraq planlı
iqtisadiyyata keçid edən Sovet İttifaqı buna uyğun olaraq təhsil sistemində də ciddi
dəyişikliklərə başlamışdır. Həmin dəyişikliklər dövründə ayrı-ayrı nazirliklərə,
komitələrə təhkim edilən yeni institut şəbəkələrinin yaradılması, öz növbəsində,
müxtəlif sahələr üzrə iqtisadçı kadrların hazırlanması üçün yeni imkanlar yaratmışdır.
Belə bir şəraitdə, 1930-cu ildə Azərbaycan
Dövlət Universiteti ləğv edilmiş və onun müvafiq fakültələrinin bazasında müxtəlif
istiqamətlər üzrə ali məktəblər yaradılmışdır. Bu ali məktəblərdən biri - Azərbaycan
SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan
Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bazasında yaradılan Azərbaycan
Ticarət-Kooperasiya İnstitutu indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilk
sələfi olmuşdur. Bununla da bu gün 90 yaşını qeyd etdiyimiz Azərbaycan Dövlət İqtisad
Universitetinin əsası qoyulmuşdur.
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu
1933-cü ilə qədər fəaliyyət göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi katibliyinin 2 yanvar 1933-cü il tarixli qərarı ilə Azərbaycan Ticarət-Kooperasiya
İnstitutu yenidən təşkil edilmiş və onun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad
İnstitutu yaradılmışdır. 1936-cı ilədək fəaliyyət göstərən bu institutun tərkibinə
Sosialist uçotu, sovet quruculuğu və hüquq, Maliyyə və plan-iqtisad fakültələri
də daxil edilmişdir. Respublika Plan Komitəsinə təhkim edilən instituta ayrıca bina da verilmişdir.
1936-cı il
dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad
İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
yaradılması haqqında qərar qəbul etmişdir. Tərkibinə Azərbaycan Sovet Ticarət İnstitutunun
da daxil edildiyi institut 15 yanvar 1937-ci ildə fəaliyyətə başlamış və 1941-ci
ilin iyul ayına qədər müstəqil ali təhsil qurumu kimi fəaliyyətini davam etdirmişdir.
1939-1941-ci illərdə instituta tarixə ilk azərbaycanlı hüquqşünas qadın, institut
rektoru kimi daxil olan Bilqeyis Əhməd qızı Həşimzadə rəhbərlik etmişdir. Bilqeyis
xanım Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində ilk və indiyə qədər yeganə
qadın rektordur.
1941-ci ildə
İkinci Dünya müharibəsinin başlanmasına görə bir sıra ali məktəblər, o cümlədən
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da bağlanmışdır. 1944-cü ilin 16 sentyabrında
Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa edilməsi
haqqında müvafiq qərar verilmiş və institut bu adla 1959-cu ilə qədər fəaliyyət
göstərmişdir. 1959-cu ilin mart ayında institut SSRİ Nazirlər Sovetinin müvafiq
qərarı ilə bağlanmış və yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdir.
Azərbaycan Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması
əvvəlcə Ümumi iqtisadiyyat, 1962-ci ildən isə İqtisadiyyat və Əmtəəşünaslıq fakültələrində
aparılmışdır. Bu fakültələrdə oxuyan tələbələrin çoxluğunu nəzərə alaraq SSRİ Nazirlər
Soveti 1966-cı ilin 10 fevralında yenidən Bakıda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
yaradılması haqqında qərar vermişdir. Bu dəfə institut Dadaş Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa edilmişdir. Qəbul edilən qərarla 1 sentyabr
1966-cı ildən Azərbaycan Dövlət Universitetinin tərkibindəki Ümumi iqtisadiyyat
və Əmtəəşünaslıq fakültələri, həmçinin Azərbaycan Neft-Kimya İnstitutunun Mühəndis-iqtisadçı
fakültəsinin bir neçə yeni ixtisası bu institutun tərkibinə daxil edilmişdir.
Dadaş Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu öz fəaliyyətini 1966-cı ildən 1987-ci
ilə qədər davam etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə
gəldiyi 1969-cu ildən başlayaraq "Qoy ədalət zəfər çalsın!” şüarı altında ali məktəblərdə
həyata keçirdiyi islahat prosesləri o vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu
da əhatə etmiş və bu institut ölkədə iqtisadi təfəkkürün formalaşması və yüksək
ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi prosesinə öz layiqli töhfələrini vermişdir.
Ancaq sonradan Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, 1980-ci illərdə
universitetin daxilində baş verən çəkişmələr və bundan irəli gələrək Moskvaya göndərilən
şikayət məktubları nəticəsində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi
və SSRİ Nazirlər Sovetinin 1987-ci il 24 sentyabr və SSRİ Ali Təhsil Nazirliyinin
1987-ci il 30 oktyabr tarixli qərarları ilə institutun fəaliyyəti yenidən dayandırılmış
və N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı təsis
edilmişdir.
Üç il Leninqrad
Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərdikdən sonra institut
1990-cı ilin iyul ayında SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad
İnstitutu olaraq yenidən fəaliyyətə başlamışdır.
Şübhəsiz ki,
sovet dönəmində universitetdə planlı iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığı
həyata keçirilir və tədqiqatlar aparılmışdır. O dövrdə ittifaq respublikalarından,
həmçinin digər sosialist ölkələrindən çoxlu sayda gənc bu universitetdə yüksəkixtisaslı
kadr kimi hazırlanmışdır. Sovet dövründə Əhməd Qaravəliyev, Qaçay Heydərov, Lətif
Əhmədov, Veysəl İsayev, Soltan Salmanov, Fərid Fərəcov, Nazim Mustafayev, Bəhmən
Axundov, Adil Qasımov, Ələsgər Qasımov, Talıbxan Nəsirov, Ağasəlim Ələsgərov, Tofiq
Quliyev və digər bir çox görkəmli iqtisadçı alim məhz bu universitetdə yetişmiş
və ya çalışmışdır. Sovet dönəmində demək olar ki, bütün dövlət strukturlarının,
kooperativ birliklərin ən məsul vəzifələrində ovaxtkı adı ilə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun məzunları çalışmış və abituriyentlərin bu ali təhsil müəssisəsinə marağı
hər zaman çox yüksək olmuşdur.
Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu 1990-cı ildə Azərbaycan İqtisad İnstitutu adı ilə yenidən
bərpa edildikdən sonrakı qısa müddət ərzində öz əvvəlki nüfuzunu özünə qaytara bilmiş
və müstəqil Azərbaycanın ən böyük və abituriyentlər tərəfindən ən çox arzu edilən
ali təhsil ocaqlarından birinə çevrilmişdir.
Müstəqillik
dövründə universitetin inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin start
verdiyi ali təhsil islahatları ilə birbaşa bağlı olmuşdur. Bu islahatlar bütövlükdə
ölkənin ali təhsil sektorunun müasir tələblər əsasında yenidən qurulmasını nəzərdə
tuturdu. İslahatların həyata keçirildiyi dövrdə Heydər Əliyev universitetlərin inkişafına
xüsusi diqqətlə yanaşır, onların öz işlərini müasir dövrün tələbləri çərçivəsində
qurmalarını istəyirdi. Ulu Öndər çıxışlarının birində Azərbaycan universitetlərinin
dünya səviyyəli universitetlər sırasına qoşulmasını arzuladığını ifadə edirdi:
"Biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri
öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar. İkincisi də,
universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti
olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli
mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin
sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz”. Ali təhsil sistemində Heydər Əliyevin
xüsusi diqqət yetirdiyi məqamlardan biri də nəzəriyyə ilə təcrübə, elm ilə real
həyat arasında əlaqənin fasiləsizliyini təmin etməklə elmin və alimin cəmiyyətin
inkişafına real töhfələr verməsinə nail olmaq idi. O, alimləri də bu prinsip üzrə
təsnif edir və fəaliyyəti cəmiyyətə real töhfələr verən alimlərə xüsusi önəm verirdi:
"Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini
tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa
konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Ümummilli
Lider Heydər Əliyev müstəqil Azərbaycanda iqtisad təhsilinin inkişafına da xüsusi
diqqət yetirmişdir. O, yaxşı bilirdi ki, qurmaq istədiyi yeni iqtisadi sistemi müasir
bazar iqtisadiyyatını mənimsəmiş mütəxəssislər olmadan yaşatmaq və inkişaf etdirmək
mümkün olmayacaqdır. Buna görə də Heydər Əliyev 13 iyun 2000-ci il tarixli 349
№-li fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq və
Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universitetini yaratdı,
ona özünüidarə (muxtariyyət) statusu verdi və 13 iyun 2002-ci ildə universitetin
70 illik yubileyi münasibətilə keçirilən tədbirə qatılaraq proqram xarakterli tarixi
nitq söylədi. Heydər Əliyev öz nitqində Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında
bir sıra strateji vəzifələr qoymuşdur ki, bu vəzifələr bu gün də universitetin strategiyasının
əsasını təşkil edir:
1. İqtisad
elmi bazar iqtisadiyyatı şəraitində tamamilə yeni əsaslarda öyrənilməli və tədris
edilməlidir. Ulu Öndər öz nitqində bu haqda demişdir: "Dünya dəyişəndən sonra, yəni
Sovet İttifaqı dağılandan sonra, sosialist sistemi dağılandan sonra çox şey dəyişir.
Amma bəzi şeylər o qədər də dəyişmir. Məsələn, riyaziyyat elmi dəyişmir, necə var,
elə qalır. Fizika elmi dəyişmir... Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir,
mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişafına xidmət
etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Elmdə, təhsildə, kadrların
hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin.
O cümlədən də iqtisad elmi”;
2. İqtisadçı
alimlər dünya təcrübəsini və müvafiq nəzəriyyələri dərindən təhlil etməli, onları
ümumiləşdirərək Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun tətbiqi imkanlarını
təqdim etməlidirlər;
3. İqtisadçı
alimlər həyata keçirilən iqtisadi islahatları dərindən təhlil etməli və onların
xalq tərəfindən daha düzgün dərk edilməsi üçün hökumətə kömək etməlidirlər;
4. İqtisadçı
alimlər yeni əsərlər yazmalı və gənc nəslə bazar iqtisadiyyatının və müasir dünya
maliyyə sisteminin tələblərinə uyğun təhsil verməlidirlər;
5. Müasir
dövrün ən hörmətli ixtisasının iqtisadçı ixtisası olduğu nəzərə alınmalı və iqtisadçı
kadrların hazırlanmasına diqqət artırılmalıdır. Ümummilli Lider öz çıxışında bununla
bağlı fikirlərini açıq şəkildə ortaya qoyur: "İndi ən hörmətli ixtisas iqtisadçıdır.
Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb
maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici
dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda
duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə
yerinə yetirəcəksiniz”.
Ulu Öndər
Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyini dövlət
səviyyəsində qeyd etməsi, bu münasibətlə keçirilən yubiley tədbirində iştirak edərək
geniş nitq söyləməsi, heç şübhəsiz ki, onun bu universitetə, onun kollektivinə və
çoxsaylı məzunlarına verdiyi yüksək qiymət idi. Təsadüfi deyil ki, Ümummilli Lider
12 iyun 2002-ci il tarixli fərman və sərəncamları ilə universitetin elmi-pedaqoji
heyətinin bir sıra üzvlərini yüksək adlarla, orden və medallarla da təltif etmişdir.
Həmin dövrdə
aparılan ali təhsil islahatlarının Azərbaycan Dövlət İqtisad Universitetində ən
uğurlu nümunələri 1999-cu ildən kredit sistemi əsasında "eksperiment” tədris qruplarının,
2001-ci ildən isə "xüsusi istedadlar qrupu”nun fəaliyyətə başlaması olmuşdur. Bu
qrupların fəaliyyətə başlaması artıq universitetə müasir Avropa təhsil sisteminin nüfuz etməsi demək
idi.
Müstəqillik
dönəmində Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində ən əlamətdar hadisələrdən
biri də Nobel mükafatı laureatlarının universitetə gəlməsi, professor-müəllim heyəti
ilə görüşməsi və universitetin fəxri doktoru adına layiq görülməsidir. Bu ənənə
ilk dəfə 18 noyabr 2003-cü ildə Kolumbiya Universitetinin professoru, iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı, məşhur iqtisadçı Cozef Stiqlitsin universitetin professor-müəllim
və tələbə heyətilə görüşməsi ilə başlamışdır. Sonra müxtəlif illərdə Nobel mükafatı
laureatları Robert Mandell, Rocer Mayerson, Kristian Preskot, Kennet Arrou, Erik
Maskin, Erlinq Kidland, Antonio Pissarides, Aleksandr Mirrlis, Əziz Sancar, Məhəmməd
Yunus və digərləri Azərbaycan Dövlət İqtisad Universitetində olmuş və onlara universitetin
fəxri doktoru adı verilmişdir.
Azərbaycanın
ali təhsil sektorunda aparılan islahatlar ölkəmizin 19 may 2005-ci il tarixində
Boloniya Bəyannaməsini imzalamasından sonra yeni keyfiyyət mərhələsinə daxil olmuşdur.
Ümummilli Liderin siyasi varisi, onun həyata keçirdiyi işləri yeni məzmun və keyfiyyətdə
davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında
aparılan bu islahatlar, şübhəsiz ki, Azərbaycan Dövlət İqtisad Universitetinin inkişafına
da öz təsirini göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Dövlət İqtisad Universitetində
Boloniya Prosesinin tələblərinə uyğun bir çox yeniliklər tətbiq edilmiş və universitetin
maddi-texniki bazası yaxşılaşdırılmışdır. Universitetin Bakı şəhərində yeni tədris
binası, idman zalı və Quba tədris, idman və istirahət kompleksi istifadəyə verilmişdir.
2007-ci il oktyabrın 8-də isə universitetin Bakı şəhərindəki yeni tədris binasının
açılışında iştirak edən Prezident İlham Əliyev tədris binasına, buradakı yeniliklərə
yüksək qiymət vermiş, eləcə də universitet qarşısında duran proqram xarakterli vəzifələri
müəyyən etmişdir. O, çıxışında universitet kollektivinin əməyini yüksək qiymətləndirərək
demişdir: "Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdırlar.
Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında
biznes menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və öz peşəkarlığını göstərməlidirlər.
Bax, Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox
böyük töhfəsi olacaqdır”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurlu təhsil siyasəti və o cümlədən
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul
edilməsi və bu çərçivədə ali təhsil sektorunda yeni məzmunlu və kompleks islahatlara
start verməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təhsilə gündəlik diqqəti və qayğısı Azərbaycan Dövlət İqtisad Universitetinin
inkişafında da dönüş nöqtəsi olmuşdur. Universitet ali təhsil sektorunda baş verən
qlobal tendensiyalara, eləcə də ölkə iqtisadiyyatının yeni inkişaf tələblərinə uyğun
olaraq, "Universtitet 3.0” konsepsiyasının reallaşdırılması, başqa sözlə, üçüncü
nəsil universitetə çevrilməsi yolunda əhəmiyyətli uğurlar əldə edilmişdir.
İlk növbədə,
universitetin rebrendinq etməsi və təşkilatı-hüquqi formasının dəyişməsini bu dövrdə
baş verən mühüm yeniliklərdən biri kimi qeyd etmək mümkündür. Belə ki, 2016-cı ildə
universitet dünya ali təhsil bazarında "UNEC” brendi olaraq çıxış edəcəyini ictimaiyyətə
bəyan etmiş və yeni loqosunu, rəngini və digər korporativ simvollarını təsdiq etmişdir.
"UNEC” brendi indiyə qədər Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva,
Latviya, Slovakiya və Xorvatiyada da rəsmi qeydiyyata alınmışdır. Eyni zamanda Prezident
İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad
Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki public hüquqi
şəxs statusuna malik Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmişdir. Bundan
irəli gələrək universitetin yeni nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
22 avqust 2019-cu il tarixli 365 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu dövrdə
UNEC-in strukturunda da əhəmiyyətli yeniliklər baş vermişdir. Belə ki, ilk növbədə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı
qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci UNEC-in nəzdinə verilmişdir. İkincisi,
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamına əsasən
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in filialına çevrilmişdir.
Bununla da UNEC tarixdə ilk dəfə olaraq həm subbakalavr pilləsi üzrə təhsil xidməti
göstərməyə başlamış, həm də regional universitetə çevrilmiş, universitetin klasterləşməsinin
əsası qoyulmuşdur.
2015-ci ildən
başlayaraq UNEC-in Dərbənd filialının inkişafında da dönüş prosesi baş vermişdir.
Belə ki, ilk dəfə olaraq Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr
2015-ci il tarixli 2220 saylı əmri ilə filiala lisenziya verilmişdir. 28 noyabr
2016-cı il tarixində isə filialın rəsmi açılış mərasimi olmuş və yeni kampusu istifadəyə
verilmişdir. 1500 tələbə üçün nəzərdə tutulan kampusa həmçinin kitabxana, yeməkxana,
idman zalı, hovuz və 200 nəfərlik lisey daxildir.
Yeni mərhələdə
Azərbaycan Dövlət İqtisad Universiteti, ilk növbədə, tədrisin keyfiyyətinin yüksəldilməsini
prioritet olaraq seçmiş və bu istiqamətdə tədris prosesinin elektronlaşdırılmasına,
informasiya təminatının yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, elmi-pedaqoji
heyətin gücləndirilməsinə, tədris plan və proqramlarının modernləşdirilməsinə və
beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirakın genişləndirilməsinə
xüsusi əhəmiyyət vermişdir.
2015-ci ildən
başlayaraq "DocNet”, "Eduman” və digər elektron sistemlərin tətbiqi nəticəsində
Azərbaycan Dövlət İqtisad Universiteti tarixdə ilk dəfə olaraq bütün tədris və inzibati-kargüzarlıq
proseslərini elektron müstəviyə keçirərək elektron universitet modelini tamamlamışdır.
Heç də təsadüfi deyil ki, bu model bu il baş verən pandemiya şəraitində universitetin
fəaliyyətinin demək olar ki, olduğu kimi davam etdirilməsinə imkan vermişdir.
1 noyabr
2018-ci ildə UNEC iki əhəmiyyətli yeniliyə imza atmışdır. Belə ki, həmin tarixdə
UNEC-in mərkəzi kampusunda 24/7 kitabxana və UNEC Extern - distant təhsil mərkəzi
istifadəyə verilmişdir. Hər iki struktur ən müasir texnologiyalara əsaslanmaqla
universitetdə tədrisin informasiya təminatının yaxşılaşmasında və təhsil xidmətlərinin
çevikliyinin və əhatə dairəsinin genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.
UNEC Extern vasitəsilə 20000 tələbəyə distant təhsil vermək mümkündür. Mərkəzdən
tərəfdaş qurumlar da istifadə imkanına malikdirlər. Bu günə qədər mərkəz vasitəsilə
ayrı-ayrı nazirliklərin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif distant
təlimlər həyata keçirilmişdir. 24/7 kitabxana
isə müasir kitablarla təmin edilməklə yanaşı, çoxlu sayda nüfuzlu beynəlxalq elektron
resurslara da çıxış imkanlarına malikdir.
UNEC kadr
hazırlığında bazarın tələblərini daha dolğun şəkildə öyrənmək və onlara uyğunlaşmaq
məqsədilə 28 noyabr 2017-ci ildə "Tələb işəgötürənlərdən - təklif UNEC-dən” adlı
konfrans keçirmiş və həmin konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq platforması:
UNEC2B” təqdim edilmişdir. "UNEC2B” platforması tədrisin əmək bazarının tələblərinə
uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların
işlə təmin olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini nəzərdə tutur. Platformaya
əsasən UNEC həm də məzunlarını işə qəbul edən işəgötürənlər qarşısında 3 il ərzində
"servis xidməti”, yəni məzunlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları
təşkil etmək öhdəliyi götürmüşdür.
UNEC-də bazar
iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli tədqiqatların və tədris prosesinin
təşkilində son illər dünyanın inkişaf etmiş universitetlərindən məzun olan yüzlərlə
gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə cəlb edilməsinin də böyük rolu olmuşdur.
Bu gənclərin əksəriyyəti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etmiş bazar iqtisadiyyatına malik
ölkələrin nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə doktoru dərəcəsi almışdır.
"Gənc müəllim” layihələri çərçivəsində müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə
başlayan gənclər təhsil aldıqları universitetlərlə UNEC arasında səmərəli əməkdaşlıq
əlaqələrinin, o cümlədən də təcrübə mübadiləsinin qurulmasında əhəmiyyətli rol oynayırlar.
2015-ci ildən
başlayaraq beynəlxalq ikili diplom proqramları üzrə tədrisə başlanmışdır. Hazırda
UNEC-də bakalavr və magistr pillələri üzrə 9 beynəlxalq ikili diplom proqramı fəaliyyət
göstərir. Bu proqramlar bakalavr pilləsi üzrə Fransanın Montpelleir Universiteti
və ICD biznes məktəbi, İngiltərənin London İqtisad Məktəbi və Rusiyanın Ali İqtisad
Məktəbi, Moskva Dövlət Humanitar və İqtisad
Universiteti, magistr pilləsi üzrə isə ABŞ-ın
Linkoln Universiteti, İsveçrənin UBİS, Fransanın Montpellier Universiteti və Litvanın
Mykolos Romeris Universiteti ilə birgə həyata keçirilir. Bu proqramların məzunları
UNEC ilə yanaşı, qeyd edilən universitetlərin diplomlarını da əldə edə bilirlər.
UNEC tarixində
ilk dəfə olaraq Avropa İttifaqına ali təhsil xidmətləri ixracına başlamışdır. Belə
ki, 2015-ci ildən etibarən UNEC Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə əldə
edilmiş razılığa əsasən Yunanıstanda birgə magistr proqramı həyata keçirir.
UNEC-də tədrisin
təşkilinin təkmilləşdirilməsi məqsədilə bir çox yeni meqa fakültələr, eləcə də ingilis
dilində Beynəlxalq İqtisadiyyat Məktəbi, rus dilində Rus İqtisad Məktəbi, türk dilində
Türk Dünyası İqtisad Fakültəsi, "SABAH” Mərkəzi, İnklüziv Təhsil Mərkəzi, Beynəlxalq
Magistratura və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi yaradılmışdır. UNEC ölkədə
4 dildə təhsil xidməti göstərən yeganə ali təhsil müəssisəsidir.
Türk dilində
təhsil proqramları Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən akkreditasiya
olunub və bu proqramlardan məzun olan tələbələrin diplomları Türkiyə Respublikasında
birbaşa tanınır.
Universitetin
ingilis dilində olan təhsil proqramları hazırda abituriyentlər tərəfindən ən çox
arzu olunan proqramlar sırasındadır. Bu proqramlara bakalavr pilləsi üzrə qəbul
üçün minimum keçid balı hazırda 630 baldan yuxarıdır. Qeyd edilən təhsil proqramları
İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Sertifikatlaşdırılmış
Maliyyə Analitikləri İnstitutu (CFA) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
akkreditasiya edilmiş və bu proqramların məzunları həmin təşkilatların müvafiq sertifikatlarını
əldə etmədə bir çox imtiyazlara malikdirlər.
UNEC hazırda
ölkədə "SABAH” qrupları üzrə ən çox tələbənin təhsil aldığı universitetdir. Təhsil
Nazirliyinin uğurlu layihəsi olan "SABAH”ın məqsədi savadlı, bacarıqlı və hazırlıqlı tələbələri yeni tədris metodikasından
istifadə etməklə müasir biliklərə yiyələndirməkdən, eləcə də Azərbaycan təhsilini
digər ölkə tələbələri və professor-müəllim heyəti üçün cəlbedici etməkdən və həmin
resurslardan səmərəli şəkildə istifadə etməkdən
ibarətdir.
UNEC Azərbaycanda
MBA təhsili üzrə aparıcı ali təhsil müəssisəsi hesab edilir. Hazırda UNEC ölkədə
MBA təhsili sektorunun təqribən 70 faizini əhatə edir. MBA proqramları üzrə tədrisin
təşkil edildiyi UNEC Biznes Məktəbi ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının
(AACSB) tamhüquqlu üzvüdür və ACCA tərəfindən akkreditasiya edilmişdir.
2015-ci ildə
UNEC-in tarixində növbəti bir ilk də yaşanmışdır. Belə ki, Avropa İttifaqının Milli Akademik Tanınma və İnformasiya Mərkəzinin
(NARIC) Yunanıstan bürosunun Direktorlar
Şurası 15 may 2015-ci il tarixində UNEC diplomlarının Yunanıstanda tanınması haqqında
qərar qəbul etmişdir.
Tədrisin keyfiyyətinin
artırılması istiqamətində görülən kompleks işlərin nəticəsi UNEC-i seçən təhsilalanların
strukturunda baş verən dəyişikliklərdə və müvafiq beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da özünü göstərir. Belə ki, son 6 ildə UNEC-də bakalavr pilləsi üzrə
orta keçid balı 426-ya, o cümlədən də türk dilində olan proqramlar üzrə 437-yə,
ingilis dilində olan proqramlar üzrə isə 637-yə yüksəlmişdir. Eyni zamanda bu dövr
ərzində UNEC-i seçən Prezident təqaüdçülərinin də sayı hər il artaraq 2014-cü ildə
1 nəfərdən 2019-cu ildə 21 nəfərə yüksəlmişdir. Eyni tendensiya magistratura pilləsi
üzrə də müşahidə edilir.
2015-ci ildən
UNEC tələbə və magistrlarının "ENACTUS”, "P&G Ceo Challenge Business Case”,
"Made in Azerbaijan”, "Nə? Harada? Nə zaman?”, "Golden Byte”, "Berlin Nümayəndələr
Palatası Tədqiqat Fondu Qrantı”, "Heydər Əliyev və Azərbaycan tarixi” kimi nüfuzlu
beynəlxalq və milli intellektual yarışların qalibləri sırasında olması universitetimizin,
onun çoxsaylı kollektivinin gərgin əməyi nəticəsində əldə edilmiş uğurlardır.
UNEC-də elmi
tədqiqatların genişləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində əldə
edilən nəticələr onun tədqiqat universitetinə transformasiya yolunda inamla addımlamasına
imkan verir. Hazırda UNEC-də tədqiqatların stimullaşdırılması üzrə differensial
əməkhaqqı sistemi, nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4 min manata qədər
qonorar və "tədqiqatçı” statusu mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda bir
çoxuna nüfuzlu xarici alimlərin də rəhbərlik etdiyi 30-dan çox yeni tədqiqat mərkəzləri
yaradılmış, antiplagiat sistemi formalaşdırılmış və hər il "elm aylıq”ları keçirilir.
Bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu "Web of Science” və "Scopus”
elmi bazalarındakı əsərlərinin sayı əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider
universitetlər sırasına yüksəlmişdir. Məhz bu uğurlarına görə nüfuzlu "Clarivate
Analytics” şirkəti UNEC-i "Outstanding Higher Education Organization”,”Web of Science
Awards-2018” və "Most Progressive Universities in Web of Science for the Last 3
Years” mükafatlarına layiq görmüşdür. Eyni zamanda "Webometrics” agentliyinin hesabatlarına
görə istinadların sayı baxımından UNEC ölkə üzrə bir neçə ildir ki, ilk sıradadır.
Bütövlükdə UNEC-in 1991-2020-ci illər arası dövrdə "Web of Scinece” bazasına daxil
olan elmi əsərlərinin 80 faizdən çoxu məhz son 5 ilin payına düşür.
UNEC ölkədə
nüfuzlu elmi tədbirlərin təşkilatçısı kimi də öz mövqeyini əhəmiyyətli dərəcədə
möhkəmləndirmişdir. Belə ki, UNEC son illər milli və beynəlxalq statuslu çoxlu sayda
elmi tədbirin təşkilatçısı olmuşdur. Bunlar arasında tələbələr üçün "ScienceSlam”
elm müsabiqələri, "TEDxUNEC” konfransları, Nobel mükafatı laureatı Əziz Sancarın
iştirakı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda
beynəlxalq konfrans (2017), "Web of Science” tərəfindən indeksləşdirilən "Davamlı
inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans (2019), "İqtisadiyyat
və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı”
(2019, 2020) və "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda
beynəlxalq konfrans (2020), "Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar”
mövzusunda UNEC beynəlxalq forumu (2020) xüsusilə qeyd edilə bilər.
UNEC-in əldə
etdiyi ən əhəmiyyətli uğurlardan biri də cəmiyyətdə iqtisadi maarifləndirməni həyata
keçirən çoxsaylı ekspertlər qrupunun formalaşmasıdır. Son illər UNEC çoxlu sayda
iqtisadi ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər, jurnallar, sosial şəbəkələr,
ictimai mühazirələr və digər vasitələrlə iqtisadi subyektlərin maarifləndirilməsi
işinə öz töhfəsini verməyə çalışır. Eyni zamanda UNEC 2015-ci ildə ekspertləri üçün
ayrıca bir platforma - "UNEC Ekpert Jurnalı” da təsis etmişdir.
UNEC-in beynəlxalq
əlaqələrində də bir çox uğurlar əldə edilmişdir. 2016-cı ildə UNEC Kəmər və Yol
Universitetləri Alyansına və Mərkəzi Asiya Universitetləri Birliyinə, 2017-ci ildə
isə İslam Dünyası Universitetləri Federasiyası İdarə Heyətinə üzv seçilmişdir.
UNEC-in beynəlxalq
əməkdaşlığında beynəlxalq mübadilə və tədqiqat proqramlarına qoşulma xüsusi yer
tutur. Hazırda UNEC beynəlxalq tələbə və müəllim mobilliyini artırmaq məqsədilə
"Mevlana”, "Erasmus+” kimi beynəlxalq proqramlardan və ikili razılaşmalardan geniş
istifadə edir. "Mevlana” mübadilə proqramı çərçivəsində UNEC hazırda Türkiyənin
51 universiteti, "Erasmus+” mübadilə proqramı üzrə isə Avropanın 40-dan çox universiteti
ilə əməkdaşlıq edir.
Bunlarla yanaşı,
ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində UNEC Fransanın Montpellier Universiteti,
Almaniyanın Siegen Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Koreyanın
Solbridge Beynəlxalq Biznes Məktəbi, Rusiyanın Ali İqtisad Məktəbi, Türkiyənin ODTÜ,
Hacettepe, Boğaziçi, Koç, İstanbul və digər
universitetləri ilə də uğurla əməkdaşlıq edir. Bunlar arasında Siegen Universiteti
ilə olan əməkdaşlıq fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Belə ki, DAAD tərəfindən
maliyyələşdirilən "EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması
və məşğulluq” layihəsi çərçivəsində dörd il ərzində təhsilalanlar üçün sahibkarlıq
sahəsində yay və qış məktəbləri təşkil edilmiş, çoxlu sayda alimlərin və inzibati
işçilərin qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilmişdir.
UNEC beynəlxalq
qrant layihələrinin əldə edilməsi və onların
idarə olunmasında da uğurlar əldə etmişdir. Avropa Komissiyasının maliyyələşdirdiyi
"Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və
təkmilləşdirilməsi”, "Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil
müəssisələrinə inteqrasiyası” və "Azərbaycanda doktorantura təhsilinin təhmilləşdirilməsi
və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihələri
bunlara misal göstərilə bilər. Bunlara əlavə olaraq, UNEC iki "Creative Spark” layihəsini
də qazanmış və onların icrasını hazırda İngiltərənin Qrinviç universiteti və Şərqi
London universiteti ilə birgə həyata keçirir.
UNEC-in qeyd
edilən uğurları beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmamışdır.
Belə ki, UNEC tarixində ilk dəfə olaraq 14 iyun 2016-cı ildə QS Reytinq Agentliyinin
reytinq siyahısına daxil olmuşdur. Agentliyin hesabatına görə UNEC inkişaf etməkdə
olan Avropa və Mərkəzi Asiya regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet
sırasına daxil olmuş və iqtisadyönümlü ən yaxşı 4-cü universitet seçilmişdir.
2017-ci ildə isə UNEC bu siyahıda mövqeyini daha 30 pillə yüksəldərək regionun ən
yaxşı 161-170 universiteti sırasına daxil olmuşdur. Şübhəsiz ki, bu nəticələr əvvəllər
beynəlxalq reytinq siyahısında görünməyən UNEC üçün çox böyük nailiyyətdir.
Dünya universitetlərinin
veb populyarlığını müəyyən edən "UniRank” agentliyinə görə 2017-2020-ci illər arasında
hər il UNEC universitet internet resursları üzrə Azərbaycanın ən yaxşı və ən populyar
ali məktəbi seçilir. Həmçinin nüfuzlu "Webometrics” agentliyinin reytinq siyahılarına
əsasən UNEC 2017-2020-ci illər arasında "Google akademik istinadlarının sayı”na
görə hər il Azərbaycan ali məktəbləri arasında birincidir.
UNEC-in yüksək
mövqe tutduğu beynəlxalq reytinq siyahılarından biri də "UI Green Metric World University
Rankings”dir. Bu reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan
üzrə isə 1-ci "yaşıl” universitetdir.
2020-ci ildə
dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan "The Times Higher Education” tərəfindən
açıqlanan reytinq siyahısı isə UNEC-in 90 illik yubileyi ərəfəsində universitet
kollektivi üçün bir növ əsl hədiyyə oldu. Belə ki, agentlik 22 aprel 2020-ci ildə
"THE İmpact Ranking” reytinqini açıqladı və bu siyahıda UNEC dünya universitetləri
arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Dünya universitetlərinin fəaliyyətini
Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən
bu reytinqdə UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan "Layiqli əmək və iqtisadi
artım” hədəfi üzrə əldə etmişdir. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın
ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olmuşdur. Yenə eyni siyahıda
"Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC möhkəm
infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların
inkişafına dəstəyi ölçən "Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə
"401+”, eləcə də "Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri
arasında 401-600-cü ən yaxşı universitetlər sırasında olmuşdur.
Şübhəsiz ki,
UNEC əldə etdiyi bu uğurlarla kifayətlənmək niyyətində deyildir. Universitet
2018-ci ildə qəbul etdiyi "UNEC-100” İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla
100-cü ilini qeyd edəcəyi 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləmişdir.
Sənəd UNEC-in 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji
istiqamətlərini özündə ehtiva edir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması
nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunmuşdur. Eyni
zamanda sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret
strateji fəaliyyət istiqamətləri də öz əksini tapmışdır. Sənədə görə UNEC 100 yaşını
qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı
hədəfləmişdir.
UNEC 90 illik tarixində çox şərəfli yol keçmişdir.
Bu gün universitet Azərbaycanın və Qafqazın ən nüfuzlu universitetləri sırasındadır
və ölkə ali təhsilini beynəlxalq reytinq siyahılarında təmsil edən universitetlərdən
biridir. Əminik ki, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq
nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında
vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək
Azərbaycanın inkişafına böyük töhfələr verəcəkdir.
Ədalət MURADOV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor