17 Fevral 2024 09:10
660
SİYASƏT
A- A+

Yeni dövrün strateji prioritetləri

 

Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-dən başlayaraq İlham Əliyevin rəhbərliyi ilə zaman üçün qısa, insanlıq üçün böyük bir zaman dilimində sınaqlarla dolu, mübarizələrdən keçən və Zəfər zirvəsinə yetən şərəfli yol qət edib. 
Ötən illərdə Ulu Öndər siyasi kursunun layiqli davamçısı İlham Əliyev bir zamanlar beynəlxalq meydanda təklənən, torpaqları işğal altında olan, yüz minlərlə vətəndaşı didərgin düşən, iqtisadiyyatı tənəzzül edən Azərbaycanı hərtərəfli, istər siyasi, iqtisadi, istərsə də hərbi cəhətdən olsun, inkişaf etdirərək dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasına yüksəldib.
Qalib Lider İlham Əliyev şəxsi liderlik qabiliyyəti, siyasi əzmi və qətiyyəti ilə 2020-ci il Şuşa zəfərini və onun möhtəşəm davamı olan 2023-cü il Xankəndi zəfərini qazanaraq xalqımıza son iki yüz illik tariximizdəki ən möhtəşəm qələbələri bəxş edib.  Fevralın 7-də keçirilən prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq qalib olan İlham Əliyev andiçmə mərasimindəki çıxışında məhz bu məqamlara toxunaraq bildirdi ki, ötən illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur: "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik".

 

Milli inkişaf istiqamətləri  

 

Ancaq bu gün qürurunu yaşadığımız bu qələbələrə, uğurlara yetənə qədər xeyli çətinlikləri aşmalı, böyük güclərlə savaş aparmalı olduq. 
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən sonra isə ölkəmiz İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlərə imza atdı. 
Torpaqlarımızın işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı və üstəlik də siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qaldığımız dövrdə İlham Əliyev Azərbaycanı tərəqqi və dinamik inkişaf səviyyəsinə yüksəldərək, sözün əsl mənasında, imkansız olanı da bacaran dahi siyasətçi kimi adını tarixə həkk etdirdi. 
Prezident İlham Əliyevin qarşısına qoyduğu birnömrəli vəzifə ərazilərimizin işğaldan azad edilməsi və torpaqlarımızda kök salan erməni separatizminin məhv edilməsi idi. Buna görə də ötən 20 il ərzində bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm və iradə ilə dövlətimizin həm daxilində, həm beynəlxalq arenada məqsədyönlü fəaliyyət aparır, xüsusilə də ordu quruculuğu sahəsində mühüm işlər gerçəkləşdirirdi.
Fevralın 14-də andiçmə mərasimində Prezident İlham Əliyev xüsusi vurğuladı ki, verdiyi vədlər arasında, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası gəlirdi: "...2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik". 
Həmin günün üzərindən cəmi 2 il yarım keçdikdən sonra Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşərək düşmənin başında güclü zərbəyə çevrildi və  torpaqlarımızın böyük hissəsini düşmən tapdağından azad etdi. 300-dən çox şəhər və kənd, o cümlədən Şuşa azad olundu. Qəhrəman döyüşçülərimiz Qarabağın tacı Şuşanı elə bir cəsurluqla azadlığına qovuşdurdular ki, belə hünərə dünya hərb tarixində hələ rast gəlinməyib. Çünki o gün Şuşanı azad edən igid oğullarımızın silahı top-tüfəng deyil, düşmənə qəzəb hissi, bir də hər azərbaycanlının özünə Vətən qibləsi saydığı Şuşaya olan tükənməz sevgisi idi. 

 

Bütöv Azərbaycanın qüruru

 

Qalib Lider İlham Əliyevin 2023-cü il sentyabrın 20-də qazandığı Xankəndi qələbəsi isə xalqımızın onilliklərdir gəldiyi haqq yolunun Zəfər zirvəsi oldu. 
Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edildi, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda - bütün ərazilərimizdə dalğalandırıldı.
Bununla da Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi. Torpaqlarımız uğrunda şəhid olan bütün vətən övladlarının qisası alındı. Xocalıda, Bağanis-Ayrımda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər neçə-neçə şəhər və kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarıldılar. 
2024-cü il fevralın 7-də isə Xankəndidə Prezident İlham Əliyevin səsvermə qutusuna atdığı bülletenlə, dövlət başçısının özünün təbirincə desək, erməni separatizminin tabutuna son mismar çalındı. 
Qalib Lider İlham Əliyevin rəhbərliyi ilə illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyan, layiqincə mübarizə apararaq tarixi ədaləti bərpa edən Azərbaycan indi uğurlara hədəflənən və çağırışlarla bol yeni dövrə qədəm qoyub. 
Qarşısına Silahlı Qüvvələrimizin bundan sonra da gücləndirilməsi, sərhədlərimizin daha da güclü qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlərin açılması və sair kimi mühüm vəzifələr qoyan Azərbaycanın bütün sahələrdə uğurlara nail olacağı, məqsədlərinə, hədəflərinə doğru inamla addımlayaraq işıqlı sabahlara yetişəcəyi şübhəsizdir. 
Necə ki bunu fevralın 14-də inaqurasiya mərasimində Prezident İlham Əliyev qətiyyətlə bildirdi: "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video