Son illər dünyada ekoloji problemlər və iqlim dəyişmələri ilə bağlı yaranan rahatsızlıqlar "yaşıl inkişaf"ın zəruriliyini bir qədər də artırıb. Bu inkişaf fonunda ekoloji davamlılıq yalnız bir seçim deyil, həm də gələcəyin əsas inkişaf modeli kimi ölkə iqtisadiyyatının və təbii sərvətlərinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. "Yaşıl inkişaf" Azərbaycanda da ekoloji və iqtisadi tarazlığın qorunması istiqamətində mühüm addımların atılmasına səbəb olub.
Məlumat üçün bildirək ki, "yaşıl inkişaf" təbii sərvətləri qorumaqla yanaşı, ekoloji davamlılığı təmin edən iqtisadi və sosial inkişaf növüdür. Son illər onun Azərbaycanda təşviqi ciddi əhəmiyyət kəsb etməyə başlayıb. Bu konsepsiya ekoloji tarazlığı təmin etməklə yanaşı, sosial və iqtisadi faydalar yaratmağa da xidmət edir və bərpaounan enerji mənbələrindən səmərəli istifadəni gündəmdə saxlayır. Bərpaolunan enerji növləri təbiətdə davamlı olaraq yenilənə bildikləri üçün uzunmüddətli və ekoloji cəhətdən təhlükəsiz hesab olunurlar. Azərbaycanın xüsusilə günəş və külək enerjisi sahəsində böyük potensialı var ki, bu da iri layihələrin reallaşmasına imkan yaradır. Səudiyyə Ərəbistanının "ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri ilə imzalanmış müqavilələr həmin sahədə atılmış strateji addımlardandır. Bu layihələr həm enerji ixracını artıracaq, həm də daxili bazarda təmiz enerjiyə keçidi sürətləndirərək, "yaşıl inkişaf"ı göz önündə saxlayacaq.
Ətraf mühitin qorunması "yaşıl inkişaf" anlayışının əsas sütunlarından biridir. Azərbaycanın son illər ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması və təbii sərvətlərin davamlı istifadəsi sahəsində atdığı addımlar mühüm mərhələ hesab olunur. Su ehtiyatlarının qorunması, atmosfer havasının çirklənməsinin azaldılması, torpaqların erroziyadan qorunması və meşələrin bərpası ətraf mühitlə bağlı aparılan vacib işlər sırasındadır. Milli parklar və təbiət qoruqları şəbəkəsinin genişlənməsi, nadir flora və fauna növlərinin mühafizəsi bu qəbildəndir. "Yaşıl inkişaf" həm də Azərbaycan qanunvericiliyi və dövlət nəzarəti vasitəsi ilə dəstəklənir. "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" qanunlar və digər normativ aktlar bu sahədə hüquqi bazanı təşkil edir.
Şəhərsalma və infrastruktur layihələrində də ekoloji amillərin nəzərə alınması ön plandadır. "Yaşıl şəhər" təşəbbüsləri çərçivəsində Bakıda və digər bölgələrdə parkların salınması, ictimai nəqliyyatın ekoloji modellərlə əvəzlənməsi kimi tədbirlər həyata keçirilir. "Yaşıl inkişaf" modeli insanları daha sağlam həyat şəraiti, təmiz su, hava və təhlükəsiz qida ilə təmin edərək, cəmiyyətin rifahına bilavasitə təsir göstərir. Ona görə də ayrılıqda hər kəsin və hər bir qurumun bu prosesi dəstəkləməsi böyük əhəmiyyət daşıyır.
"Yaşıl inkişaf"ın uğurla həyata keçirilməsi yalnız ekoloji təşəbbüslərlə deyil, həm də bu təşəbbüslərin "yaşıl maliyyə" təminatı nəticəsində mümkündür. Strateji əhəmiyyətli "yaşıl maliyyə" ətraf mühitə zərər verməyən, ekoloji və sosial baxımdan məsuliyyətli layihələrə yönəlmiş maliyyə resurslarının cəlb edilməsi və idarə olunmasıdır. Əsas məqsədi bərpaolunan enerji, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və kənd təsərrüfatı kimi sahələrə davamlı investisiya cəlb edilməsidir. Azərbaycanda "yaşıl maliyyə" sahəsində ilk ciddi təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan olunması fonunda həyata keçirilir. "Yaşıl maliyyə" və investisiyalar "yaşıl inkişaf"ın iqtisadi dayağını təşkil edir. Bu sahəyə yönələn hər bir sərmayə təkcə gəlir gətirmir, eyni zamanda təbiətin qorunmasına, sosial rifahın artırılmasına və iqtisadiyyatın dayanıqlılığına xidmət edir. Azərbaycan üçün bu istiqamətdə atılan addımlar uzunmüddətli ekoloji və iqtisadi təhlükəsizliyin təminatıdır.
Bu günlər Londonda keçirilən "Azərbaycan: "yaşıl inkişaf" və bağlantıya aparan yeni keçid nöqtəsi" mövzusuna həsr olunmuş sessiyada ölkəmizin "yaşıl sərmayə" imkanları və regionun inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, tədbir Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində həyata keçirilib. Sessiyada regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan "yaşıl enerji" dəhlizində Azərbaycanın enerji habı kimi strateji mövqeyi vurğulanıb. Ölkəmizdə "yaşıl enerji" keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub.
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, bərpaolunan enerji resursları yerli və xarici şirkətlərin bu sahəyə sərmayə qoymasına imkan verir. Ötən il Azərbaycanın evsahibliiyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə olunmuş razılaşmalar "yaşıl enerji"yə keçid sahəsində regional əməkdaşlığı təşviq edir. Sessiya çərçivəsində aparılan danışıqlardan, təklif və təşəbbüslərdən də aydın olur ki, ətraf mühitin qorunması "yaşıl inkişaf"ın əsas elementidir və Azərbaycanın davamlı gələcəyinin təmin olunmasında mühüm rol oynayır.
"Yaşıl inkişaf" yalnız hansısa bir istiqamət deyil, həm də bir həyat fəlsəfəsidir. Bu fəlsəfə ilə hər birimiz daha yaxşı bir gələcək üçün addım ata bilərik. Bütövlükdə Azərbaycanın "yaşıl inkişaf" yolunda atacağı növbəti addımlar yalnız ölkənin inkişafına deyil, həm də qlobal ekoloji problemlərin həllinə töhfə verəcək. Bu, ölkənin gələcək nəsilləri üçün daha təmiz və dayanıqlı bir dünya qurmaq məqsədinə xidmət edəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"