Gəncədə Yeni Azərbaycan Partiyasının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, partiya fəalları və gənclər iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbiri giriş sözü ilə Bayram Aslanov açmışdır. Bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bütün uğurlarının təməlində xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Qeyd olunmuşdur ki, ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin əsas göstəricisi onun milli maraqları ifadə etməsidir: "Bu gün həmin maraqlar Müzəffər Ali Baş Komandan, xalqımızın lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur. Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər partiyanın nüfuzunu daha da artırmışdır".
Niyazi Bayramov isə çıxışında vurğulamışdır ki, xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası yaranışından milli maraqlara xidmət edən intellektual siyasi qüvvə kimi formalaşıb: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə böyük nailiyyətlər qazanıb və bu gün partiyanın sıraları daha da genişlənməkdədir. Bu isə xalqın Liderə və partiyaya olan inamının göstəricisidir".
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, partiya veteranı Nizami Seyidəliyev ölkənin əldə etdiyi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlı olduğunu qeyd etmişlər.
Çıxışlardan sonra YAP-ın ictimai-siyasi həyatında fəallıq göstərən partiya üzvlərinə fəxri fərmanlar və partiyanın yeni üzvlərinə vəsiqələr təqdim olunmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan"
* * *
Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.
Çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu vardır. "Dövlətimizin xaos və anarxiyadan, tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas edilməsində, davamlı sabitlik və inkişaf yoluna çıxarılmasında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü Azərbaycanın hər bir guşəsində qeyd olunur", - deyən İlqar Abbasov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış YAP ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir. Natiq həmçinin qeyd edib ki, partiyanın yaradılması Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir: "Öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, dövlətimizin bütövlüyü və xalqımızın həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəsi ilə bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Bütün iştirak etdiyi seçkilərdə YAP qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiyməti və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamını ifadə edir".
İlqar Abbasov bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxcəhətli fəaliyyətinin həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dərin rəğbətlə qarşılandığını məmnunluqla qeyd edib.
Tədbirdə çıxış edən YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi kəşməkeşli yola nəzər salıb, dövlətimizin suverenliyi uğrunda mübarizədə verdiyi töhfələrdən, əldə etdiyi naliyyətlərdən söhbət açıb, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının xalqımızın müstəqilliyi naminə mübarizəsində layiqli aparıcı siyasi qüvvə olduğunu vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin "YAP - dünənin, bu günün və gələcəyin partiyasıdır" ifadəsinin hər zaman aktual olduğunu deyib.
Tədbirdə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edənlərə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Seyran CAVADOV,
"Azərbaycan"