ABŞ hər il Dövlət Departamentinin əli ilə insan haqları, dini azadlıqlar və s. mövzularda hesabatlar hazırlatdırır. Bu hesabatların obyektivliyinə görə isə heç kim məsuliyyət daşımır. Ona görə də hesabatlara məqsədli və qərəzli şəkildə nə istəsələr yazırlar. Yəni bu hesabatlarda öz maraqlarını güdürlər və ondan bir vasitə kimi istifadə edirlər.
ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibət olduğu göstərilir. Adətən, belə qərəzli məsələlərin altından həmişə bir erməni barmağı çıxır. Araşdırma zamanı məlum olub ki, doğrudan da, Birləşmiş Ştatların Dövlət Departamentinin dünyadakı dini durumla əlaqədar azadlıq indeksini də, onun Azərbaycanla bağlı reallıqdan uzaq hissəsini də erməni millətçisi Daniella Aşbaxyan hazırlayıb. İstər-istəməz sual yaranır ki, nəyə görə Dövlət Departamenti Azərbaycan haqqında hesabat hazırlamağı erməniyə həvalə edir? Məgər o boyda departamentdə başqa bir millətin nümayəndəsi yoxdur? Bütün dünyaya ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti məlumdur. O cümlədən, Dövlət Departamentinin də. Belə bir vəziyyətdə hesabatın hazırlanmasının erməniyə tapşırılmasının özü qərəzliyə yol açan başlıca amildir. Məsələyə belə qeyri-ciddi yanaşan Dövlət Departamentinin özü ədalət prinsipini pozur. Barmağını da sındırsalar, erməni heç vaxt Azərbaycan haqqında müsbət bir şey yazmaz.
Hesabatın etnik erməni ABŞ vətəndaşı tərəfindən tərtib olunmasının özü əvvəlcədən düşünülmüş addımdır. Təəssüflər olsun ki, son illər belə hallar ABŞ-nin dövlət qanunvericilik və icraedici orqanlarında tez-tez baş verir. Amma məsələ ondadır ki, ABŞ-də fəaliyyət göstərən etnik erməni lobbisi və diasporu Ermənistanın və Qarabağ separatçılarının maraqlarını qorumaq və təşviq etməklə məşğul olmasını heç vaxt gizlətməyiblər. Onların təşəbbüsü ilə ABŞ Konqresi və Nümayəndələr Palatasında, Senatın Xarici Əlaqələr Komitəsində keçirilən çoxsaylı dinləmələr və tədbirlər buna əyani sübutdur. Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Ataların gözəl bir misalı var: "Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır". ABŞ Dövlət Departamentinin başı xaricdə dini azadlıqlar üzrə məsələləri izləməyə o qədər qarışıb ki, öz daxilində dini və etnik nifrətin mövcud miqyasına nəzarət etməyi belə yaddan çıxarıb. ABŞ-də cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Yaxşı olar ki, Dövlət Departamenti belə yalançı və qərəzli hesabatları hazırlamazdan əvvəl gözünü açıb ətrafına yaxşı-yaxşı baxsın.
Günümüzün reallığı budur ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan haqqında yazılan fikirlər yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Çünki ölkəmizdəki dini durum, sözün həqiqi mənasında, dünyaya nümunədir və bununla bağlı kifayət qədər misallar gətirmək olar. Hesabatın yalan və qərəz üzərində qurulması Birləşmiş Ştatların dini özünün xarici siyasətində alətə çevirməsini bir daha təsdiqləyir. Birləşmiş Ştatların belə hesabatları hazırlamaqda məqsədi bütün istiqamətlərdə daim inkişaf edən, getdikcə dünyada söz sahibinə çevrilən Azərbaycanın üzərinə kölgə salmaqdır. Amma ABŞ unutmasın ki, Günəş çıxanda kölgələr yox olur.
Bu gün Azərbaycan Cənubi Qafqazda lider mövqeyə sahibdir. Bu liderliyin həm də mükəmməl multikultural örnəkləri və dayaqları var. Bəs, nəyə görə Birləşmiş Ştatlar hazırkı reallığı görmək istəmir? Çünki ABŞ Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir. Buna görə də Vaşinqton ölkəmizdən, belə demək mümkünsə, dini antipod düzəltmək niyyətinə düşüb. Azadlıqdan, demokratiyadan dəm vuran Amerika özü reallıqdan uzaq durur. Əsl dinsizlik, həqiqətə etinasızlıq da elə məhz budur.
Azərbaycanda insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, uğurlu islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Hər il Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır. Bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfərləri zamanı mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər aparır, onları dinləyirlər. Öz gözlərində tiri görməyən ABŞ Dövlət Departamenti isə bunları görmək istəmir. Əgər görsə idi, bütün bunları Azərbaycan haqqındakı hesabatda qeyd edərdi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"