Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulur, ehtiramla yad edilir. 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik göstərərək şəhid olmuş cəsur oğullarımızdan biri də rəşadətli Azərbaycan Ordusunun zabiti Fərid Tahir oğlu Ələkbərovdur.
Fərid Tahir oğlu Ələkbərov 18 iyul 1980-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından hərbi sahəyə maraq göstərib. 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyində oxumağa başlayıb. 2000-ci ildə təhsilini uğurla başa vuraraq doğmalarını sevindirib. Ömrünü hərbi sahəyə bağlamaq arzusunda olan Fərid elə həmin il Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Dörd il ərzində bu təhsil ocağında hərbi biliklərə dərindən yiyələnib. Gələcəyin zabiti Fərid Ələkbərov 2004-cü ildə ali hərbi təhsilini yüksək göstəricilərlə bitirib. Aldığı hərbi təhsillə kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə qəbul olub. Başqa təhsil ocaqları kimi Fərid bu məktəbdə də uğurlar qazanıb.
Fərid Ələkbərov şanlı Azərbaycan Ordusunun müxtəlif hərbi hissə və birləşmələrində xidmət edib. Zabit kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Fərid Ələkbərov 2014-cü ildən pedoqoji fəaliyyətə başlayıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) artilleriya bölməsində müəllim vəzifəsində xidmət edib. Bu ali təhsil ocağında gələcəyin zabitlərinə dərs deyib. Ali Hərbi Məktəbdə mayor rütbəsinədək yüksəlib. Bacarığını və peşəkarlığını nəzərə alan komandanlıq 2018-ci ildə onu baş zabit vəzifəsinə təyin edib. Həm peşəkar hərbçi, həm də əsl pedaqoq kimi kursantları tərəfindən həmişə sevilib, kollektivin dərin hörmətini qazanıb.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Fərid Ələkbərov da ilk döyüşə gedənlərdən biri olub. Onun şərəf dolu döyüş yolu Murovdağdan başlayıb. Sonra Cəbrayıl və Füzuli rayonlarının erməni qəsbkarlarından azad olunmasında iştirak edib. Qarabağın tacı olan Şuşanın düşmənlərdən təmizlənməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Zabit Fərid Ələkbərov noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası almasına baxmayaraq, ilkin tibbi yardımdan sonra döyüşünü davam etdirib. Onun rəhbərlik etdiyi döyüşçülər düşmənin canlı qüvvəsini məhv edərək başqa əsgərlərimizin mühasirədən çıxmasında müstəsna rol oynayıblar. Təəssüflər olsun ki, müharibənin dayandırılmasına bir gün qalmış cəsur zabit Fərid Ələkbərov Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilməyiblər. Fərid canından da çox sevdiyi Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Yaxınları, doğmaları acı göz yaşları içində onu İkinci Şəhidlər xiyabanında torpağa tapşırıblar.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa, igidliyə görə görə Fərid Tahir oğlu Ələkbərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Döyüş və xidmət yoldaşları həmişə onu xoş təəssüratlarla xatırlayırlar. Zabit yoldaşı Aydın Osmanov dedi ki, Fərid çox cəsur, təcrübəli və peşəkar hərbçi idi. Bir qayda olaraq qarşısına qoyulan tapşırıqları bacarıqla yerinə yetirirdi. Onun ürəyi həmişə erməni işğalçılarına qarşı qisas və intiqam hissi ilə döyünürdü. Qarabağı, eləcə də erməni işğalında qalmış torpaqlarımızı azad görmək istəyirdi. İşğalda qalmış ərazilərimizin azadlığı uğrunda döyüşməyə həmişə hazır idi. Müharibəyə də düşmənlərdən şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək üçün yollandı. Arzusuna çatdı, həm torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda vuruşdu, həm də şəhidlərimizin qisasını aldı. Təəssüflər olsun ki, özü də qəhrəmancasına şəhid oldu. Biz onun özünü də, döyüşlərdə göstərdiyi qəhrəmanlığı da heç vaxt unutmayacağıq.
- İkinci Qarabağ müharibəsində demək olar ki, bütün hərbçilərimiz böyük cəsarətlə vuruşdular, qeyri-adi hünər göstərdilər, - deyə zabit Mobil Əhmədzadə söhbətimizə qoşuldu. - Döyüşlərdə qəhrəmanlıq göstərən zabitlərimizdən biri də neçə illərdən bəri yaxından tanıdığım Fərid Ələkbərov idi. Fərid çox vətənpərvər zabit idi. Dərs dediyi kursantlara da həmişə vətənpərvərlik hissləri aşılayırdı. Şanlı Azərbaycan Ordusunun zabiti kimi torpaqlarımızın uzun illərdən bəri erməni işğalında qalması onu çox narahat edirdi. Torpaqlarımızın azadlığı uğrunda vuruşmağı özünə böyük şərəf bilirdi. Fərid bu şərəfə nail oldu, qəhrəmancasına döyüşdü. Şəhər və kəndlərimizin qəsbkarlardan azad olunmasında böyük cəsarət göstərdi. Gələcək nəsillərə nümunə olacaq bir igid idi. Müqəddəs amallar uğrunda şəhadətə yüksəldi.
Zabit Fərid Ələkbərovun anası Şükufə xanım söhbət zamanı oğlunun uşaqlıq və gənclik illərindən söz açdı. Dedi ki, Fərid sakit təbiətli uşaq olub. Kiçik yaşlarından hərbi sahəyə maraq göstərdi, zabit olmaq istədi. İstəyinə çatmaq üçün hərbi məktəblərə qəbul olub oxudu. Zabit rütbəsi alandan sonra doğma ordumuzun sıralarında xidmət etməyə başladı. Həmişə xidmətindən razılıq edirdi. Hərbçi olmaq onun həyatının mənası idi. Müharibəyə yola düşəndə zəng vurub dedi ki, ana, biz döyüşlərə gedirik. Gedirik ki, uzun illərdən bəri işğalda qalmış torpaqlarımızı ermənilərdən azad edək, məndən nigaran qalmayın. Ara-sıra zəng vurub böyük sevinc içində bizə Zəfər xəbərləri verirdi, düşmənlərdən azad etdikləri kəndlərin adlarını çəkirdi. Şuşa azad olunan günü də zəng vurmuşdu. Bu xəbəri bizə sevinə-sevinə çatdırdı. Dedi ki, Şuşanın azadlığı uğrunda vuruşduğuma görə özümü çox xoşbəxt hiss edirəm. Onun bu sözləri bizi də çox sevindirdi. Azərbaycanın musiqi beşiyi olan Şuşa düşmənlərdən azad olunmuşdu. Bizim üçün bundan böyük sevinc yox idi. Təəssüflər olsun ki, ertəsi gün qapımızı onun şəhid xəbəri döydü. Bu acı xəbərdən çox sarsıldıq, sanki dünya başımıza uçdu. Övlad itirmək ağır, dözülməz dərddir. Yeganə təskinliyimiz odur ki, Fərid yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Bir ana kimi oğlumun igidliyi və qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm.
İkinci Qarabağ müharibəsində ordumuzun zabit və əsgərləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. Elə bu qəhrəmanlıq sayəsində də otuz ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Ermənistan silahlı qüvvələri darmadağın olundu. Şəhər və kəndlərimiz erməni qəsbindən azad edildi. Həm xalqımız, həm də bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha gördü. Vətən müharibəsində iştirak edən Fərid Ələkbərov kimi cəsur oğullarımız hərbi əməliyyatlarda böyük uğurlar qazandılar. Göstərdikləri qəhrəmanlıqları ilə adlarını tariximizin səhifələrinə böyük hərflərlə yazdılar. Gələcək nəsillər zaman-zaman zabit Fərid kimi cəsur oğulların qəhrəmanlığı ilə həmişə fəxr edəcək, qürur duyacaq. Cəsarətdə, hünərdə həmişə onlara oxşamağa çalışacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"