Xalqımıza qarşı 1918-ci ildə törədilmiş soyqırımından 108 il ötür. Həmin
vaxt erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı
vəhşiliklər törədərək on minlərlə günahsız, dinc sakini milli mənsubiyyətinə
görə xüsusi qəddarlıqla qətlə yetirib.
Onların məqsədi “Böyük Ermənistan” xülyasını
reallaşdırmaq, azərbaycanlıların sayını regionda soyqırımlar törətmək yolu ilə
azaltmaq idi. Tarixi mənbələr də göstərir ki, bu qırğınlar planlı şəkildə həyata
keçirilmiş, məqsəd yerli əhalini qorxutmaq, qovmaq və bölgədə demoqrafik vəziyyəti
dəyişmək olmuşdur.
Hadisələrin coğrafiyası isə olduqca geniş idi.
Bakı ilə yanaşı, Qarabağ, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur və digər ərazilərdə
kütləvi qətliamlar törədilmişdir. Xüsusilə Quba və Şamaxı bölgələrində baş verən
hadisələr öz miqyası və qəddarlığı ilə seçilir. Şamaxıda on minlərlə insan
öldürülmüş, yüzlərlə kənd dağıdılmışdır. Qubada sonradan aşkar edilmiş kütləvi
məzarlıq bu faciənin miqyasını bir daha sübut edir. Belə ki, bu məzarlıq, həmçinin
əldə olunan bütün tarixi faktlar mart qırğınlarının erməni millətçiləri tərəfindən
azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə niyyəti əsasında əvvəlcədən
hazırlanmış, qəddarcasına həyata keçirilən siyasətin tərkib hissəsi olduğunu təsdiqləyir.
Təsadüfi deyil ki, soydaşlarımıza qarşı törədilən
vəhşilikləri ermənilər özləri də etiraf edirlər.
“Təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda
daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920)
Azərbaycan əhalisinin 60 faizini qırmışdır” deyə erməni tarixçi Yervand
Aleksandroviç Lalayan öz etiraflarında yazır. Belə etiraflar kifayət qədərdir.
Dinc əhaliyə qarşı törədilən bu cinayətlər
tarixdə mülki insanlara qarşı həyata keçirilmiş ən ağır zorakılıq aktlarından
biri kimi qiymətləndirilir.
Azərbaycan dövləti müstəqillik qazandıqdan
sonra bu faciələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar
atmışdır. Belə ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən
imzalanmış fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət
səviyyəsində anılır. Ulu Öndərin də söylədiyi kimi, “xalqımıza qarşı yeridilmiş
soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan
rəhbərliyinin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılmağa başlamışdır.
Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı
icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş
soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə,
nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində
formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək
nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də
davam etdirilməlidir.”
Həmçinin Prezident İlham Əliyev tərəfindən
imzalanan sərəncamlar və həyata keçirilən tədbirlər nəticəsində soyqırımı həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər daha da genişləndirilmişdir.
Xüsusilə Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi simvola çevrilmişdir. Cənab
Prezidentin də söylədiyi kimi, “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni
faşizminin qurbanı olmuşdur. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya
müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında
növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə
tədqiq edilməlidir.”
31 Mart yalnız keçmişə baxış deyil, həm də gələcəyə
çağırışdır. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər
toplanıb. Bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən
biri tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı davam etdirməkdir. Bu,
həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də keçmişimizin, milli kimliyimizin
qorunması baxımından müqəddəs vəzifədir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı