Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edilməsi ölkəmizin enerji siyasətində yeni və strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Son dövrlərdə dünyada müşahidə olunan enerji böhranı, enerji təhlükəsizliyi məsələlərinin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha açıq şəkildə göstərir. Belə bir həssas və mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində ölkəmiz həm enerji ixracatçısı kimi, həm də innovativ və dayanıqlı enerji həllərinin tətbiqində öncül mövqeyə yüksəlməkdədir.
“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin istifadəyə verilməsi, xüsusilə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür müasir texnologiyalar enerji dayanıqlığını artırmaqla yanaşı, pik yüklənmələrin idarə olunmasına, itkilərin azaldılmasına və ümumilikdə enerji sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində qətiyyətli iradəsini bir daha nümayiş etdirir. Ölkəmizin günəş, külək və digər bərpa olunan enerji mənbələrindən geniş istifadə imkanlarının reallaşdırılması, həm ekoloji tarazlığın qorunmasına, həm də gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Bu mühüm layihə bir daha sübut edir ki, Azərbaycan enerji siyasətində həm bu günün, həm də sabahın çağırışlarını nəzərə alan, strateji baxışa malik bir dövlətdir. Enerji təhlükəsizliyinin gücləndirilməsi, “yaşıl enerji”nin inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində atılan bu addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Əminliklə demək olar ki, bu kimi təşəbbüslər Azərbaycanı regionda və dünyada müasir, dayanıqlı və rəqabətqabiliyyətli enerji mərkəzlərindən birinə çevirəcəkdir.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı