İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış davam edir. Qarabağın dilbər guşələrindən olan Xocavənd rayonunda da həyat yenidən canlanır. Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 19 ailə olmaqla 88 nəfər, Quzeyxırman kəndinə 13 ailə olmaqla 61 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 11 ailə olmaqla 42 nəfər köçürülüb. Doğma yurda qayıdan ailələr üçün bu gün illərlə gözlədikləri arzunun gerçəkləşdiyi gündür. Bir zamanlar məcburi köçkün kimi tərk etdikləri torpaqlara bu dəfə övladları və nəvələri ilə qayıdan sakinlər yeni evlərində həyatlarını yenidən qurmağa başlayırlar.
Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Səfiyar Məmmədov Birinci Qarabağ müharibəsi zamanı, 24 yaşında doğma yurdundan məcburi köçkün düşüb. Həyat yoldaşı ilə birlikdə tərk etdiyi torpaqlara illər sonra övladları və nəvələri ilə qayıdıb.
“Vətən həsrəti bizə ağır idi, lakin ümidimiz itmədi. Bu yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz sözün əsl mənasında tarix yazdı. Bütün torpaqlarımız işğaldan azad edildi. Bir vaxtlar həyat yoldaşımla çıxdığım doğma elimizə indi övladlarım və nəvələrimlə qayıdırıq. Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onların sayəsində biz bu torpaqlardayıq. Dövlətimiz bizim burada məskunlaşmağımız üçün bütün şəraiti yaradıb”, - deyə Səfiyar Məmmədov bildirir.
Xocavənddən 1992-ci ildə, 6 yaşında məcburi köçkün düşən Elçin Mirzəyev üçün də doğma yurda qayıdış uzun illər yarımçıq qalan uşaqlıq xatirələrinin yenidən canlanması deməkdir. O, illər ərzində övladlarına Xocavənd haqqında danışıb, bir gün bu torpaqlara qayıdacaqlarına inanıb:
“Çox balaca idim, yuxu kimi xatırlayıram həmin günləri. Ailəmizlə birlikdə doğma elimizdən məcburi köçkün düşdük. Yaşa dolduqca, Vətən həsrətini daha çox anlayırdım. Məcburi köçkünlük vaxtı lazımi şəraitlə təmin olunsaq da, natamam bir parçam vardı. O da doğma yurdumuza qayıtmaq idi. Ən böyük arzum bu idi və bu ümidlə yaşadım. Ailə qurdum, övladlarım oldu. Onlara hər zaman Xocavənd haqqında uşaqlıq yaddaşımda qalan xatirələrdən danışırdım və inanırdım ki, bir gün Xocavəndə qayıdacağıq. Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazandı, torpaqlarımız işğaldan azad edildi. İndi bütün azad olunan ərazilərimiz yenidən dirçəlir. Xocavəndimiz də artıq əsl sahiblərini qucağına alır. Sanki yenidən dünyaya gəlmişəm. Xocavəndə qayıtdıq, daimi burada yaşayacağıq. Böyük övladımın 16, kiçik övladımın 12 yaşı var. Onlar təhsillərini burada davam etdirəcəklər. Mənim yaşaya bilmədiyim o illəri, o arzuları artıq övladlarım yaşayacaq və bu, böyük xoşbəxtlikdir. Arzularımız çin olub, həsrətimiz bitib“.
“Burada məskunlaşmağımız üçün bütün şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkürümü bildirirəm” - deyə Elçin Mirzəyev söyləyir.
Beləliklə, illər əvvəl məcburən tərk edilən Xocavənddə bu gün yeni həyat başlayır. Şəhər mərkəzində, qəsəbə və kəndlərdə yeni evlərin qapıları açılır, sakinlərin səsi yenidən eşidilir. Vaxtilə həsrətlə xatırlanan doğma yurdlar bu gün artıq ailələrin gündəlik həyatının bir hissəsinə çevrilir. Xocavəndə qayıdan ailələr üçün Böyük Qayıdış yalnız yeni evə köçmək deyil, illər əvvəl yarımçıq qalan həyatın doğma torpaqda yenidən davam etdirilməsidir.